Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litvalı hərbi jurnalist Riçard Lapaitis: Bütün qəlbimlə Azərbaycanı qələbə münasibətilə təbrik edirəm!

“Açıq deyirəm, Azərbaycan əsgərinin döyüş ruhuna və əxlaqına heyran qaldım”

Müsahibimiz litvalı hərbi jurnalist, Xocalı soyqırımının şahidi, “Sonsuz dəhliz” filminin iştirakçısı Riçard Lapaitisdir. Onun “Xalq qəzeti”nə verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

– Riçard Lapaitis, Ermənistanın hərbi təxribatlarına, yeni torpaqlar işğal etmək cəhdlərinə cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarını necə qiymətləndirirsiniz?

– Birincisi, istənilən müharibə həm insanlar üçün, həm də ölkənin bütün infrastrukturu üçün dəhşətli bir hadisədir. Ancaq müharibə başlayıbsa, demək ki, diplomatiyanın bütün digər yollarını nəzərdə tutan danışıqlar prosesi heç bir nəticə verməyib. Artıq tərəddüd etməyin mümkün olmadığı vaxt gəlir! İkincisi, hücum etmək həmişə müdafiə olunmaqdan daha çətindir. Bu çətin vəziyyətdə Azərbaycanın hərbi rəhbərliyi çox peşəkar olduğunu sübut etdi! Azərbaycan hərbi qüvvələri bütün dünyaya nümayiş etdirdi ki, kənar bir yardım olmadan hər hansı bir vəzifənin öhdəsindən layiqincə gələ bilər. Üçüncüsü, Azərbaycan öz ərazisində mübarizə aparır və doğma kəndlərini və şəhərlərini işğaldan azad edir! Azərbaycan əsgərinin döyüş ruhu yüksək səviyyədədir və buna heyran qalmamaq olmur.

Azərbaycan Ordusu çox sayda yaşayış məntəqəsini, İranla sərhədi, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərlərini azad etdi. Siz həm hərbi müstəvidə, həm də diplomatiyada qalib gəldiniz. Prezidentiniz İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Nəhayət, 700 min qaçqın evlərinə qayıda biləcəklər.

– Siz hərbi jurnalist kimi I Qarabağ müharibəsinin şahidi olmusunuz. Ermənistan və Azərbaycan arasında 30 il əvvəlki və indiki müharibəni necə müqayisə edərdiniz, dəyişən və dəyişməyən məqamlar nədir?

– 30 il əvvəlki müharibə, gecə və gündüz qədər fərqlidir! O zaman Azərbaycan Ordusu öz yoluna yeni başlayırdı. Çox sayda könüllü dəstələr olsa da peşəkar hərbçilər az idi. Silahlanma, əsasən, sovet ordusunun qoyub getdiyi köhnə silahlardan ibarət idi. Siyasi qeyri-sabitlik cəbhədəki vəziyyətə də təsir edirdi.

İndi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan güclü müasir silahlara, hərbi texnikaya və ən əsası bütün xalqın etibarına və dəstəyinə sahibdir! Müasir dövrdə ən son texnologiya böyük rol oynayır!

Dəyişməyən isə Azərbaycan əsgərinin döyüş ruhu və əxlaqıdır. Açıq deyirəm, Azərbaycan əsgərinin döyüş ruhuna və əxlaqına heyran qaldım. Birinci Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına döyüşmüş müharibə veteranları bu gün hər bir Azərbaycan əsgəri üçün nümunədir. Erməni təxribatları, vəhşiliyi və sonra onların ağlaya-ağlaya bütün dünyaya “münaqişənin qurbanı olduqları haqda” fəryadla bəyan etməsi dəyişməyib. Uşaqlar da daxil olmaqla mülki şəxslərin öldürülməsi Ermənistan hərbçilərinin əsas dəst-xəttidir.

– BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın işğal edilmiş bütün torpaqlarından erməni silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir. Sizcə, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək olardı, yoxsa hərb yolu qaçılmaz idi?

– Beynəlxalq təşkilatlar vahid standartlara və təzyiq mexanizmlərinə riayət etdikləri təqdirdə hər bir ölkə qətnamələrin tələblərini yerinə yetirməyə məcbur edilə bilər. Bütün dünya Ermənistanın təcavüzkar bir ölkə olduğunu başa düşür. Bilirlər ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayırdı. ATƏT-in Minsk Qrupu bu torpaqları sülh yolu ilə azad etmək üçün çox az səy göstərdi.

30 il çox uzun bir müddətdir. Düşmən başqasına aid ərazilərdə möhkəmlənməyə və özlərini evdəki kimi hiss etməyə başladı. Ermənistan hakimiyyət orqanlarının təxribatları və təhqiramiz bəyanatları getdikcə daha çox təkrarlanırdı. Atəşkəs Ermənistan tərəfindən gündə yüz dəfə pozulurdu.

Mən düşünürəm ki, Azərbaycanın bütün öz ata-baba torpaqlarını azad etməsində, qələbəsində hərbi uğurlar müstəsna əhəmiyyət kəsb edir. Erməni hərbçilərinin təslim olması qaçılmaz idi və bu yalnız zaman məsələsi idi! Texnikalarını tərk edib qaçırdılar. İndi Ermənistan könüllü olaraq qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Belə bir müvəffəqiyyəti sülh yolu ilə əldə etmək mümkün deyildi!

– 1990-cı illərin əvvəllərində, xüsusən də Xocalı bölgəsində ermənilər yüzlərlə günahsız mülki insanı qətlə yetirdi. Siz özünüz də Xocalı soyqırımının şahidi olmusunuz. Təəssüflər olsun ki, indiyədək cinayətkarlar cəzalandırılmayıb. Ədaləti necə bərqərar etmək olar?

– Bu, mənim üçün ən çətin sualdır, birmənalı cavab vermək çox çətindir. Mən Parisdə, Praqada, Strasburqda, Brüsseldə, Cenevrədə və bir çox digər Avropa şəhərlərində çıxış edərkən həmişə etnik təmizləmənin baş verdiyi Xocalı, Qaradağlı və bir çox kəndlərdə müharibə cinayətkarları və mülki cəlladlar məsələsini gündəmə gətirdim. Bildiyiniz kimi, hərbi cinayətlər üçün heç bir köhnəlik yoxdur. Cəlladların adları əbədi olaraq bəşəriyyət tarixinin ən qara səhifəsinə düşüb. İndiyə qədər yalnız vicdanları qarşısında cavabdehdirlər!

Bir neçə gün əvvəl erməni əsirləri ilə bağlı bir reportajı izlədim – üzləri təmizdir, heç bir göyərmə, işgəncə izi yox idi. Bir çoxunun Yerevandakı evlərinə zəng etmək imkanı da oldu. Mən istər-istəməz 1992-94-cü illəri xatırladım... Erməni əsirliyindən yalnız pul müqabilində azad edilmiş azərbaycanlı əsirlərin çoxunun qabırğası və barmaqları qırılmışdı, şikəst edilmişdilər. Bədənlərinin hər yeri göyərmişdi. Bu əsirlər Ermənistanda əsil işgəncə və təhqir cəhənnəmindən keçmişdilər. Aclıq, soyuq və hətta tibbi yardım çatışmazlığı, qadına qarşı zorakılıq adi hala çevrilmişdi. Çox vaxt qətlə yetrilirdilər. Bütün bunlar sübut olundu və Azərbaycan hərbi əsirlərinin ifadələrində qeyd edildi. Buna görə də qətiyyətlə bəyan edirəm ki, Azərbaycan ordusunun mənəviyyatı nə qədər yüksəkdir.

– Azərbaycanın cəbhədən kənar bölgələrinə, o cümlədən, Gəncə və Bərdəyə Ermənistanın ballistik paket hücumu nəticəsində 100-ə yaxın mülki əhali həyatını itirib. Onların arasında azyaşlı uşaqlar və qadınlar da var. Bu vəhşiliyə nə ad vermək olar: terror, soyqırımı, faşizm..?

– Bu sözlərdən hər hansı biri uyğun olardı. Erməni faşizmi ifadəsini ilk dəfə Qarabağ müharibəsi illərində işləyəndə eşitdim. Cinayətlər ağlasığmaz dərəcədə dəhşətli idi. Təəssüf ki, erməni hərbçilərinin taktikaları və rəsmi İrəvan bu günə qədər dəyişməyib. Azərbaycanın münaqişə zonasından uzaq, dinc şəhərlərinə hücumlar hərbi cinayətdir. Belə cinayətləri Xocalıda da gördüm. Ermənistan gecə saatlarında azərbaycanlı əhalinin sıx yaşadığı yerlərə ballistik raketlər atdı. Burada bir çox uşaq öldürüldü. Burada erməni terroru qurbanlarının xatirəsinin əbədiləşdirəcək abidənin ucaldılacağına əminəm..

– Gəncə şəhərinə raket hücumları barədə Qərbin ən tanınmış kütləvi informasiya vasitələrində məlumatlar verilmədi. Onların laqeyd, çox zaman da qeyri-obyektiv, qəzrəzli mövqeyi nə ilə əlaqəlidir?

– Təəssüf ki, dünyanın aparıcı mediası dinc Azərbaycan əhalisinə qarşı edilən bu hücuma utanmadan susdu. Fransa kimi bir çox Qərb ölkəsində, ABŞ-da, Kanadada güclü bir erməni diasporu var. Oradakı erməniləri incitməmək üçün belə ədalətsiz mövqe tutdular. İnsan həyatına belə bir münasibət sadəcə qorxaqlıqdır və gələcək üçün yaxşı heç nə vəd etmir. Axı insanlar Qərb azadlığına və mətbuat demokratiyasına inamını itirə bilər! Media daşnakların və erməni millətçilərinin təhdidindən çəkinməməlidir.

– Ermənistanın silahlı qüvvələri cəbhə bölgəsində peşəkar jurnalist fəaliyyətini həyata keçirən jurnalistlərə də atəş aşır. Bu günlərdə “Euronews” çəkiliş qrupu və onların istifadə etdiyi nəqliyyat vasitəsi düşmən tərəfindən kornet tipli tank- əleyhinə raketlə atəşə tutulub. Beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozan Ermənistana qarşı beynəlxalq təşkilatların sükutunun səbəbi nədir?

– Hətta burada da ikili standartlar var. Beynəlxalq təşkilatlar mövqelərini açıq şəkildə bildirməlidirlər. Təəssüf ki, birinci Qarabağ müharibəsində də hərbi jurnalistlər öldürüldü. Dəfələrlə özüm ölümlə üz-üzə dayanmışam və yalnız bir möcüzə ilə xilas olmuşam. Çox vaxt ona görə hərbi forma geyinirdim ki, ermənilər kameranı gördükdə hərbiçiyə dərhal atəş açmayacaqlar. Həqiqətən də, erməni hərbçiləri arasında çoxlu muzdlular var idi ki, onlar üçün bir hərbi jurnalistin ömrünün dəyəri yoxdur. Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu hərbi əməliyyatlar dövründə jurnalist hüquqlarının və həyatının qorunması barədə dəfələrlə müxtəlif beynəlxalq təşkilatlara məktublar göndərib. Bu fond sayəsində bir çox jurnalist təhlükəsiz peşə borcunu yerinə yetirə bilib.

– İştirakçısı olduğunuz “Sonsuz dəhliz” filmi Dağlıq Qarabağ münaqişəsinin və qanlı soyqırımı aktının işıqlandırılması baxımından böyük əhəmiyyət kəsb edir. Sizin obyektiv, vicdanlı mövqeyiniz, peşə etikasına sədaqətiniz beynəlxalq informasiya sahəsində fəaliyyət göstərən jurnalistlərə bir örnəkdir. Peşəkar olmaq üçün jurnalist hansı keyfiyyətlərə malik olmalıdır?

– Əvvəlcə işinizi sevin və özünüzə qarşı dürüst olun. Həkim Hippokrat andı içir. Jurnalist də obyektiv olacağına söz verir. Axı bir insanın və bütün xalqın taleyi hadisələri necə əhatə etdiyinizə bağlıdır. Jurnalist kimin nə düşünəcəyindən qorxmamalıdır. Doğrunu söyləmək – ən vacib olan budur! Və həqiqəti dünyaya çatdırmaqdan çəkinməyin! Təhdid olsa da geri çəkilməyin! Tarix o jurnalistləri xatırlayır ki, öz yolunda qələmi ilə ən azı bir nəfəri xilas edir. Mənim üçün müharibədə bir uşağın, bir qadının, bir insanın həyatı hər şeydən üstündür. İndi cəbhədə olan və hadisələri, həqiqəti işıqlandıran bütün jurnalistlərin qarşısında baş əyirəm! Və ən kiçik bir fürsət olsa, mən özüm də Azərbaycana gələrək Qarabağa yollanacağam. Bu ən böyük arzumdur! İlk Qarabağ müharibəsinin hamısını keçdim və onun Azərbaycan şəhərlərini necə məhv etdiyini gördüm. 30 ildə Azərbaycan torpağının dəhşətli işğalını gördüm! Buna görə də düşünürəm ki, hərbi jurnalist kimi Qarabağa getmək haqqım var! Azərbaycanın qələbəsinin şahidi olmaq üçün! Bütün qəlbimlə Azərbaycanı qələbə münasibətilə təbrik edirəm !!!

PS: Tanınmış hərbi jurnalist Riçard Lapaitislə müsahibə noyabrın 8-də qələmə alınıb.

Müsahibəni qələmə aldı:
Leyla RƏŞİD,
“Xalq qəzeti”

15 Noyabr 2020 10:44 - MÜSAHİBƏ
MÜSAHİBƏ
31 Oktyabr 2020 | 11:21
Qarabağın atları da şahanədir

Köhnə versiyamızdan xəbərləri izlə