• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Strategiyasının 5 ili: media nümayəndələri üçün seminar

Dövlət Strategiyasının 5 ili: media nümayəndələri üçün seminar

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində media nümayəndələri üçün “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.

İnstitut direktoru qeyd edib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib. Ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.

2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təliminin keçirildiyi barədə məlumat verən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev qeyd edib ki, ümumilikdə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Həmçinin əlavə edib ki, bu ilin 9 ayı ərzində 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib, cari ilin sonunadək daha 25182 nəfər müəllimin qiymətləndirilməsi planlaşdırılır.

Seminarda təqdim olunan mövzu üzrə müzakirələr aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.

       

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 Oktyabr 2018 15:24 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin