• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub

Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub

BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı olub. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət  BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir. Ötən dövrdə ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı həyata keçirilib və yeni Dövlət Proqramı layihəsi də hazırlanıb.

S.Babayev Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində də  BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, habelə  Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasətin aparıldığını, gender bərabərliyinin təmin olunduğunu bildirib.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb. BMT Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və  Fondun dəstəyi ilə Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Nazir yeni layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini yüksək dəyərləndirib.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini deyib.

Tədbirdə Avropa İttifaqı Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, çıxış edərək, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət  Planının hazırlanmasının demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” Qlobal Proqramın çərçivəsində ölkəmizə dəvət olunan beynəlxalq ekspert  Monika Das Qupta tərəfindən Milli Fəaliyyət Planının layihə sənədi təqdim olunub. Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb, təkliflər verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2018 15:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin