• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 451    Bakı şəhəri, 16 oktyabr 2018-ci il

 

“Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
  
“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 16 oktyabr

tarixli 451 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

  1. “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” (bundan sonra -  Qayda) “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanının 7.2-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və gənclər siyasəti ilə bağlı proqram və layihələrin (bundan sonra – layihə) qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin (bundan sonra - müsabiqə) keçirilməsi qaydasını müəyyən edir.
  2. Müsabiqənin keçirilməsi barədə elan və onların nəticələri haqqında məlumatlar Azərbaycan Respublikası Gənclər Fondunun  (bundan sonra - Fond) rəsmi internet saytında yerləşdirilir və bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.
  3. Müsabiqənin keçirilməsi müddəti (başlama və bitmə tarixi) Fondun Müşahidə Şurası (bundan sonra - Şura) tərəfindən müəyyən edilir. 

 

  1.  Əsas anlayışlar

 

  1.  Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
    1. yerli layihələr – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi layihələr (bundan sonra - “A” kateqoriyası);
    2. beynəlxalq layihələr – ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr (bundan           sonra - “B” kateqoriyası);
    3. fərdi layihələr – 16-29 yaşlarında olan Azərbaycan Respublikası vətəndaşlarının təqdim etdikləri layihələr (bundan sonra - “C” kateqoriyası);
    4. qrant alan – yerli, beynəlxalq və fərdi layihələr çərçivəsində Fonddan maliyyə dəstəyi almaq üçün müraciət edən gənclər və gənclər təşkilatları;
    5. gənclər - Azərbaycan Respublikası vətəndaşı olan         16-29 yaşında fiziki şəxslər.

 

  1.  Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər

 

  1. Müsabiqədə yalnız bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları  iştirak etmək hüququna malikdirlər.
  2. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində  müsabiqəyə “A” və ya “B  kateqoriyaları üzrə  təqdim etdikləri yalnız 1 layihənin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilir.
  3. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir.
  4. Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
  5. Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır.
  6. “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 000 (on min) manatdan, “B” kateqoriyası üzrə 15 000 (on beş min) manatdan, “C” kateqoriyası üzrə isə 5 000 (beş min) manatdan çox olmamalıdır.
  7. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

 

  1.  Müsabiqədə iştirak

 

  1.  Müsabiqədə iştirak etmək üçün gənclər və gənclər təşkilatları Fondun rəsmi internet saytında (www.youthfoundation.az və ya www.ayf.az)  qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidirlər.
  2. Müraciətə aşağıdakı sənədlər əlavə olunur:
    1. müsabiqəyə təqdim  olunan layihə;
    2. layihənin büdcəsinin maliyyə əsaslandırılması;
    3. müraciət edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
    4. müraciət edən hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin surəti.
  3. Müraciətə əlavə olunan sənədlər elektron qaydada və ya kağız daşıyıcılarda təqdim olunur.
  4. Müsabiqəyə təqdim olunan layihədə aşağıdakılar göstərilir:
    1. layihənin adı;
    2. layihənin annotasiyası və açar sözlər;
    3. layihənin məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, icra mərhələləri, gözlənilən nəticələr, tətbiq imkanları və onların əsaslandırılması;
    4. layihəni təqdim edən gənclər və gənclər təşkilatları barədə məlumatlar;
    5. layihənin xərclər smetası.
  5. Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində, “B” kateqoriyası üzrə layihələr isə - Azərbaycan dilində və ya Fondun müəyyən etdiyi  xarici dildə tərtib edilməlidir. Xarici dildə müsabiqəyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir.
  6. Yalnız bu Qaydanın tələblərinə uyğun təqdim olunmuş layihələr ekspertiza mərhələsinə buraxılır.
  7. Müsabiqəyə təqdim olunan sənədlər geri qaytarılmır.
  8. Fond müsabiqəyə layihələrin təqdim olunması müddətində, layihələrin tərtibatı və tələb olunan sənədlərlə bağlı yaranan sualların cavablandırılması, məsləhətlərin verilməsi və təlimatların hazırlanması üzrə işləri təşkil edir.
  9. Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:
    1. Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
    2. Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar.  
  10.  Müsabiqəyə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respub-likasının qanunları və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının gənclərlə bağlı dövlət siyasətinin istiqamətləri, Fondun Nizamnaməsi və bu Qayda  ilə ziddiyyət təşkil etməməlidir.
  11. Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.

 

  1.  Layihələrin ekspertizası və qiymətləndirilməsi

 

  1. Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətlən-dirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir.
  2. Müsabiqəyə təqdim olunan layihələr 30  (otuz) iş günü müddətində ekspertizadan keçirilir və müsabiqənin nəticələri barədə Fondun rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.
  3. Layihələrin qiymətləndirmə meyarları və hər qrant müsabiqəsi üzrə mövzuların siyahısı Şura tərəfindən təsdiq edilir.
  4. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası iki mərhələdə həyata keçirilir:
    1.  layihələrin ilkin ekspertizası;
    2.  layihələrin qiymətləndirilməsi və qərarların qəbul edil-məsi.
  5. Layihələrin ilkin  ekspertizası Fond tərəfindən həyata keçirilir. İlkin ekspertiza zamanı aşağıdakı məsələlər həll olunur:
    1. müsabiqəyə təqdim olunmuş layihələr qeydiyyata alınır və kateqoriyalar üzrə qruplaşdırılır;
    2. müsabiqəyə təqdim edilmiş  layihələrin və əlavə olunmuş sənədlərin bu Qaydaya və Şuranın təsdiq etdiyi mövzulara və qaydalara uyğunluğu müəyyən edilir;
    3. müsabiqəyə təqdim olunmuş layihələrin aktuallığı və faydalılığı yoxlanılır;
    4. təkrar və ya oxşar təqdim olunmuş layihələr müəyyən edilir;
    5. layihəni müsabiqəyə təqdim etmiş gənclər təşkilatının və ya gəncin Fondun maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrin hesabatlılıq vəziyyəti araşdırılır.
  6. İlkin  ekspertizanın nəticələri ilə bağlı hər bir layihəyə dair arayış hazırlanır və İcraçı direktorun təqdimatı ilə Şuraya təqdim edilir.
  7. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizasının ikinci   mərhələsində Şura bu Qaydanın 5.6-cı bəndində göstərilən arayışı nəzərə almaqla  aşağıdakı tədbirləri görür:
    1. layihələri müzakirə edir, onların bu Qaydaya uyğunluğunu, ictimai əhəmiyyətini, səmərəli və real olmasını, habelə davamlılıq amillərini qiymətləndirir;
    2. layihələrin büdcəsinin uyğunluğuna baxır;
    3. hər bir layihə üzrə qrantın verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
  8. Qrant verilməsi barədə qərarda qrant alan haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği və icra müddəti göstərilir.
  9. Şura aşağıdakı hallarda qrant verilməsindən imtina edilməsi barədə qərar qəbul edir:
    1. müsabiqəyə təqdim edilmiş layihə bu Qaydaya uyğun olaraq tərtib edilmədikdə;
    2.  müsabiqəyə təqdim edilmiş layihə bu Qaydanın 5.7.1-ci yarımbəndinə uyğun olaraq aparılan qiymətləndirmə  nəticəsində qənaətbəxş hesab edilmədikdə;
    3. müsabiqəyə təqdim edilmiş layihənin büdcə əsaslandırılması qənaətbəxş hesab edilmədikdə.
  10. Qrantın verilməsinə və ya qrantın verilməsindən imtina edilməsinə dair qərar  barədə məlumat qrant alana elektron məktub və ya digər vasitələrlə çatdırılır.
  11. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir.
  1.  Layihələrin maliyyələşdirilməsi

 

  1. Qrant verilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı Fondla qrant alan arasında müsabiqəyə təqdim olunmuş layihənin maliyyələşdirilməsi haqqında qrant müqaviləsi bağlanılır. Qrant müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və bu Qaydanın tələbləri nəzərə alınmaqla, Fond tərəfindən hazırlanır, tərəflərə və qeydiyyat orqanına təqdim olunmaq üçün eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır.
  2.  Şura müsabiqənin nəticələri elan edildikdən sonra qrant müqaviləsinin imzalanma tarixini müəyyən edir. Şuranın müəyyən etdiyi müddətdə qrant müqaviləsini üzrlü səbəb olmadan imzalamamış qrant alanların layihələrinin Fond tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
  3. Qrant müqaviləsində tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, layihənin məqsədi, qısa məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, layihənin icra edilmə mərhələləri və icra müddəti, Fondun və qrant alanın rekvizitləri, layihənin icra ediləcəyi inzibati ərazi vahidi, gözlənilən nəticələr və tətbiq imkanları, layihənin maliyyələşdirilmə həcmi və qaydası, hesabatların təqdimedilmə müddəti, maliyyə monitorinq qaydaları öz əksini tapır.
  4. Fondla layihənin rəhbəri arasında bağlanılmış qrant müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq qeydə alınır.
  5.  “A”, “B”, “C” kateqoriyaları üzrə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr üzrə qrant məbləği  iki mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, layihənin tam icrası ilə bağlı yekun hesabatı təqdim edildikdən sonra isə vəsaitin qalan 30 faizi qrant alanların müvafiq bank hesablarına köçürülür.
  6. Qrant məbləğindən rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Layihənin icrası zamanı vergilərlə bağlı məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Qrant məbləğinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
  7. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı  ilə ödənilir.
  8. Qrant alana ayrılmış maliyyə vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən layihənin Şura tərəfindən təsdiq edilmiş icra planına və büdcəsinə uyğun xərclənməlidir.
  9.  Layihənin icra planında və büdcə xərclərində dəyişikliklər layihə icraçısının   əsaslandırılmış müraciəti əsasında  Şura sədrinin razılığı ilə İcraçı direktor tərəfindən təsdiq edilir.
  10.  Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ layihənin icra müddəti bitdikdən sonra Fondun hesabına qaytarılır.
  11.  Müsabiqəyə təqdim edilmiş layihə üzrə qrant müqaviləsi çərçivəsində alınmış vəsaitdən sub-qrant ayrılması yolverilməzdir.

 

  1.  Layihələrin monitorinqi və hesabatı

 

  1. Fond maliyyələşdirdiyi  layihələrin icrasına  və verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
  2.  Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi məqsədi ilə Fond maliyyələşdirdiyi  layihələr üzrə hesabatlar (rüblük, yarımillik, illik, aralıq və yekun) tələb etmək və maliyyə monitorinqini keçirmək, qiymətləndirmə aparmaq hüququna malikdir.
  3. Fond qrant şəklində ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkar etdiyi hallarda, maliyyələşdirməni dayandırır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı tədbirlər görür.
  4. Fondun maliyyələşdirdiyi  layihələrin  monitorinqi Şuranın təsdiq etdiyi qaydalara uyğun olaraq aparılır və onun nəticələrinə dair arayış Şuraya təqdim olunur.
  5. Fond tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı qrant alandan tələb olunan sənəd və məlumatların siyahısı Şuranın qərarı ilə müəyyən edilir.
  6. Gənclər və gənclər təşkilatları layihələrin icrası başa çatdıqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq,  Fondun rəsmi internet saytında “elektron növbə” elektron idarəetmə sistemində müəyyən edilmiş ardıcıllığa uyğun olaraq, layihənin icrası ilə bağlı müvafiq təsviri və maliyyə hesabatlarını təsdiqləyici sənədlərlə birlikdə Fonda təqdim edirlər.
  7. Hesabatlar Fondun təsdiq etdiyi formada Azərbaycan dilində tərtib edilir.
  8. Fond hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün qrant alandan Şuranın müəyyən etdiyi siyahıda göstərilən sənədlərlə yanaşı,  əlavə məlumat və (və ya) sənədlər tələb etmək hüququna malikdir.
  9. Fond hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə qrant alanı elektron məktub və digər vasitələrlə məlumatlandırır.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

19 Oktyabr 2018 07:58 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin