Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emfizematoz karbunkul (Emkar) itigedişli yoluxucu xəstəlikdir

Emfizematoz karbunkul (Emkar) itigedişli yoluxucu xəstəlikdir

Emfizematoz karbunkul (Emkar) itigedişli yoluxucu xəstəlik olub, temperaturun yüksəlməsi və heyvan bədəninin müxtəlif əzələ qruplarında qazlı (səsli) şişlərin əmələ gəlməsi ilə səciyyələnir. Bu xəstəliyə 4 yaşına qədər olan qaramal, nadir hallarda qoyun və keçilər tutulur. Xəstəlik mövsümü xarakterlidir, başlıca olaraq yayda və payızda müşahidə olunur.

Yoluxma adətən, alimentar və ya kontakt yolla baş verir. Xəstəliyə kök heyvanlar daha çox həssaslıq göstərir ki, bu da əzələlərdə qlikogenin çox olması ilə əlaqədardır. Çünki xəstəliyin törədicisi qlikogenli şəraitdə daha sürətlə inkişafetmə qabiliyyətinə malikdir.

İnfeksiya törədicisinin mənbəyi xəstə heyvanlar, keçirici faktorlar isə amilin sporları ilə çirklənmiş torpaq, yem, su və s. hesab olunur. Törədici orqanizmə daxil olduqda həzm sistemi selikli qişalarının tamlılığının pozulması müşahidə edilir. Bundan əlavə, bəzi helmintozlar nəticəsində də xəstəliyin baş verməsi üçün şərait yaranır. Qoyunlar axtalanma və qırxım dövründə daha çox xəstələnir.

Xəstəliyin inkubasiya dövrü qaramalda 1-2 gün, nadir hallarda isə 5 günə qədər davam edir. İtigediş zamanı temperaturun qəflətən yüksəlməsi, ümumi düşgünlük, yemdən imtina müşahidə edilir. Gövdənin müxtəlif nahiyələrində, xüsusilə bud nahiyəsində, boyunda, sağrıda, çənəaltında sürətlə böyüyən şişlər nəzərə çarpır. Şişlər əvvəlcə bərk, isti və ağrılı olmaqla əllə təsir etdikdə xışıltılı səs eşidilir. Sonra şişlər soyuq və ağrısız olur. Ətraflarda şişlərin olması zamanı heyvanlarda axsaqlıq müşahidə edilir.

Xəstəlik itigedişlidir və bədən temperaturunun 41-43°C-dək yüksəlməsi ilə müşayiət olunur. Xəstəlik 1-2 gün, bəzən isə 1 həftəyə qədər davam etməklə adətən ölümlə nəticələnir. Bəzi heyvanlarda xəstəlik atipik formada gedir. Bu zaman kliniki əlamətlər tam inkişaf etmir və bir neçə günə öz-özünə sağalma ilə nəticələnir.

Ölmüş heyvan dərisi ilə birlikdə, həmçinin yem qalıqları və peyin yandırılmalıdır. Cari dezinfeksiya hər gün aparılmalıdır. Bu məqsədlə mexaniki təmizlik aparıldıqdan sonra 4%-li formaldehid məhlulu, 5%-li xlorlu əhəng məhlulu, 10%-li natrium qələvisi və s. dezinfeksiyaedici maddələrin məhlullarından istifadə edilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda emkar xəstəliyinə qarşı təklif olunan və Azərbaycan Respublikasında qeydiyyatdan keçən vaksinlər və müalicə preparatları baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

                                                           

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Oktyabr 2018 17:44 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə