Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva "Uşaqların zərərli informasiyadan qorunması"ndan danışıb

Milli Məclisin deputatı Qənirə Paşayeva “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda deyib: "İndiki zamanda internetə azad girişin olduğu, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqlarımızın zərərli informasiyadan qorunma imkanları da çox çətinləşir. Uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir. İnternet elə bir böyük məkandır ki, burda xüsusi maraqları olan çoxsaylı qruplar fəaliyyət göstərir, xurafatçılıq, mövhumat, fanatizm, missionerlik və digər zərərli halları təbliğ edirlər. Uşaqlarımızın sərbəst telefondan, kompüterlərdən istifadə edərək internetdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, deyə bilərik ki, valideynlər öz uşaqlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu məsələnin həllinin kökündə maarifləndirmə dayanmalıdır, bu baxımdan bu qanun layihəsinin vacibliyini qeyd etmək istərdim”.

Deputat qanun layihəsinin yaxşı şəkildə həyata keçməsi üçün çağırış səsləndirmək istədiyini bildirib. O deyib:  “Bu qanunun işləməsində bəzi qurumların, təşkilatların üzərinə xüsusi vəzifələr düşəcək. Təhsil vasitəsilə uşaqların internetdə, sosial mediada, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə xüsusi seminarlar, beynəlxalq konfranslar keçirilir və bu yaxınlarda mən özüm "Gənclər və sosial media, şəbəkələr" mövzusunda konfransda iştirak etmişəm. Düşünürəm ki, Təhsil nazirliyi məktəblərdə uşaqlarımız arasında maarifləndirmə işində xüsusi fəal olmalıdır, zərərli informasiyadan qorunma mövzuları ilə bağlı məktəblərdə tədbirlər, müzakirələr, təbliğat olmalıdır. Birinci məktəblərdən başlayaraq, zərərli informasiya nədir, ondan qorunma vasitələri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. İkincisi, kütləvi informasiya vasitələrinə çağırış etmək istərdim. Çünki zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha da çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür."

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

18 Oktyabr 2018 16:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə