Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropanın bəzi ölkələri Ermənistanı xilas etmək cəhdlərindən əl çəkmirlər

Azərbaycanın BMT tərəfindən tanınmış torpaqları az qala otuz ildir ki, düşmən tapdağı altındadır. Bu onilliklər boyu hamı danışanda deyirdi ki, tərəflər öz aralarında razılığa gəlməli, qarşılqlı güzəştə getməlidirlər. Bu münaqişənin hərbi yolla həlli yoxdur və s. Həmin məsuliyyətsiz fikir və təklif sahiblərinin heç biri özünə sual vermirdi ki, ərazisinin 20 faizinin regiona son iki əsrdə köçüb gəlmiş irticaçı, terrorçu, təxribatçı xalq tərəfindən işğal edilmiş ölkə həmin düşmənlə hansı razılığa gələ bilər?

Yaxud bir düşünən yox idi ki, Azərbaycanın 30 il sülh prosesinə sadiq qalmasından başqa heç bir güzəşti ola bilməzdi. Bu otuz il müddətində işğalçıya, insan qanı içməyi adi həyat norması kimi qəbul edənlərə “gözün üstdə qaşın var” – deyən olmadısa, onda Azərbaycanın hərbi əməliyyatlar variantını seçməkdən başqa yolu qalmırdı və biz həmin yolu seçdik. Özü də, Ermənistanın növbəti təxribatına cavab olaraq. İndi də Avropanın gah bir ölkəsindən, gah o biri dövlətindən zənglər gəlir, tələb olunur ki, min illərdən bəri əcdadlarınızın yaşadığı, otuz il əvvəl ermənilərin işğal etdiyi dədə-baba torpaqlarınızın yağı tapdağından təmizlənməsi üçün apardığınız mübarizəni dayandırın. Nə üçün dayandırmalı olduğumu­zu isə demirlər. Çünki tutarlı bir əsasları yoxdur.

Bəzi Avropa siyasətçilərinin həmin tendensiyasını Almaniya­nın “ARD” televiziya kanalı da davam etdirmək istədi. Həm də bir az da kəskin şəkildə. Ancaq Azərbaycan Prezidenti özü­nün 15-20 illik əhatəli, dəqiq və əsaslandırılmış müsahibə vermək ənənəsini bu dəfə də böyük qətiyyətlə nümayiş etdirdi. Oktyab­rın 28-də Azərbaycan Prezidenti ilə görüşərək ondan müsahibə götürən “ARD” əməkdaşı Bakı səfərindən əvvəl kimlərdənsə aldığı tapşırıqların hamısını yerinə yetirmək istəsə də, həmsöhbətinin intellektual səviyyəsi və hər cəhətdən haqlı olması onun bütün cəhdlərini puça çıxardı.

Jurnalist ilk sualdaca qərəzli və məkrli olduğunu sübut etdi. Belə ki, sentyabrın 27-dən bəri yüz dəfələrlə deyilmişdir ki, Azərbaycan tərəfi Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün hərbi əməliyyatlara başlamışdır. “ARD” əməkdaşı isə utannmadan soruşdu ki, “Sizin, “kim birinci atəş açdı?” sualına cavabınız nədir?”

Zənnimcə, onun özü də yaxşı bilirdi ki, cavab, Ermənistandır. Çünki dünyanın müharibə ekspertlərinin əlində çoxlu dəlil-sübut var. Hamı bilir ki, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Dövlət başçımız bu qədər haqsız olan suala çox təmkinlə cavab ver­di: “ Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan–Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçu­lar arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sen-tyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artille­riya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamış­dır”.

Anti-Azərbaycan qüvvələrin istəyini yerinə yetirirmiş kimi çıxış edən jurnalist Azərbaycan Ordu­sunun rəşadətinə kölgə salmaq məqsədi ilə soruşdu ki, Sizin bu uğurlu əməliyyatlarınız Türkiyə və İsrailin dronlarından istifadə etməyiniz oldu? Fikrimizcə, çox yersiz sual idi. Çünki bu gün dünyanın ən güclü ölkələri də bir-birindən silah alırlar. Məgər Alma­niya ordusunun arsenalında olan silahların hamısı öz istehsalıdırmı? Əsla yox! Bundan başqa, dövlət müstəqilliyinin cəmi 29 yaşı olan Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silah və sursatların alıcıları arasında Avropa ölkələri də var və buna görə heç kəs qına­nılmamalıdır.

Türkiyənin Azərbaycanın qardaşı, İsrailin isə sınaqlardan çıxmış strateji tərəfdaşı oldu­ğuna görə bizim bu ölkələrdən silah almağımız tamamilə təbiidir. Dövlət başçımızın münasibəti: “İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı – 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığı­na görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. On­lar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”.

Azərbaycan Prezidentinin söylədiyi “Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar ma­sasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur” – cava­bına alman həmkarımızın reak­siyası, sözün həqiqi mənasında, rəzalət idi: “Onlar da eyni sözləri deyirlər”. Yəni bu adam utanma­dan sübut etmək istəyir ki, əvvəlki humanitar atəşkəsləri Azərbaycan pozmuşdur.

Siyasi təmkin, səbir və dözüm nümunəsi olan İlham Əliyev isə qətiyyən tövrünü pozmur: “Ok-tyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyi­ni bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var… Bizim etdiyimiz bunun əksidir. Mən de­mişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özü­müzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunu­ruqsa, daha çox əraziləri azad edirik”.

Alman jurnalist növbəti sualda Ermənistan rəhbərliyinin arzusu­nu çatdırırmış kimi muxtariyyət məsələsini gündəliyə gətirir: “Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?”

Azərbaycan Prezidenti xatır­ladır ki, uzun illər davam edən danışıqlar prosesində bu prinsiplər də var idi. Ancaq ermənilər həmin prinsipləri qəbul etmədilər: “Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon… Ermənistan həmişə buna qarşı olub…Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qayta­rılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, – müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, – oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”.

Alman jurnalist dəfələrlə muxtariyyət məsələsinə qayıdır ki, tapşırıq aldığı adamlara hesabat verə bilsin. Ancaq Azərbaycan Prezidenti ona başa salır ki, indi ortada yeni reallıq var.

Bəli, ortada yeni reallıqlar var. Bu, Azərbaycan reallığı, Azərbaycan Ordusunun döyüş meydanında nail olduğu uğurların diktə etdiyi reallıqlardır. Dünya indi həmin reallıqlarla barışmalı­dır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

1 Noyabr 2020 01:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə