Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu müqəddəs vəzifəsini şərəflə yerinə yetirir

İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanın­da tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq ordumuzun cəbhə uğurları ilə bağlı özü­nün rəsmi “Twitter” səhifəsində xalqımıza sevinc, qürur hissi yaşadan xəbərlər çatdırır. Dövlətimizin başçısının oktyab­rın 30-da Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayılın Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğalçılardan azad edilməsi ilə bağı məlumatı bunun parlaq ifadəsidir.

Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb. Ötən müddətdə Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, üç qəsəbə, 170-ə yaxın kənd, eləcə də strateji yüksəkliklər düşməndən azad olunub. Bu müddətdə minlərlə canlı qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusu qısa vaxt ərzində düşmənin ordusu haqqında illərdir forma­laşdırdığı “yenilməzlik” mifini darmadağın edib. Hər bir kəndin, yüksəkliyin işğaldan azad edilməsi uğrunda rəşadətlə mübarizə aparan Silahlı Qüvvələrimiz hər gün, hər saat böyük tarixi nailiyyətlərə imza atıb.

Burada bir məqamı da qeyd etməliyik. Düşmən 30 il müddətində işğal altında saxladığı ərazilərdə güclü müdafiə istehkam­ları qurub. Bu müdafiə səddinin qırılması, sadəcə, böyük qəhrəmanlıq tələb edirdi ki, Azərbaycan Ordusu da indiyədək bu vəzifəni böyük peşəkarlıq və şücaətlə yerinə yetirib.

Beləliklə, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatlarına başladığı ötən müddət ərzində düşmən dərk etdi ki, nəinki Ermənistan ordusu, hətta bu illər ərzində onun qurduğu və keçilməz saydığı sədlər belə Silahlı Qüvvələrimizin qələbə əzminin qarşısında məhvə məhkumdur.

Ordumuzun apardığı döyüşlər haqq müharibəsidir. Bu gün Azərbaycanın ədalət savaşında beynəlxalq hüquq bi­zim tərəfimizdədir. İndiyədək beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli qərarlar qəbul olunub. BMT Təhlükəsizlik Şurasının 7 bəyanatında və 4 qətnaməsində (822, 853, 874, 884 nömrəli qətnamələr) Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə göstərilib. Torpaqların azad edilməsi, qaçqınların öz yurdlarına qa­yıtması tələb olunub. 1996-cı il dekabrın 2–3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti və diplomatik prinsipiallığı nəticəsində Ermənistan istisna olmaqla, 54 üzv dövlət tərəfindən Azərbaycanın haqlı mövqeyini müdafiə edən xüsusi sənəd imzalanıb.

Bütün bunlarla bərabər, Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar – Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, digər nüfuzlu qurumlar tərəfindən münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul edilib. NATO-nun müvafiq sammitlərind Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənib.

Uzun illər ərzində Ermənistanın bu beynəlxalq tələblərə məhəl qoymadığını, mövcud status-kvonu hər vəhclə uzatmağa çalışdığını və beynəlxalq ictimaiyyətin də buna göz yumduğunu, üstəlik, düşmənin yeni təxribatlara, xalqımıza qarşı təhqiramiz davranışlara əl atdığını görən Azərbaycan pozulan haqq-ədaləti indi məhz müzəffər ordumuzun gücü ilə bərpa edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqelər və yaşayış məntəqələrimiz yenə də müxtəlif silahlar­dan, o cümlədən artilleriya və raketlərdən atəşə tutulur. Müdafiə Nazirliyinin məlumatında döyüş əməliyyatlarının əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdiyi vurğulanır. Nazirliyin bildirdiyinə görə, oktyabrın 30-u və 31-i gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ermənistan həmişə olduğu kimi, yenə də Azərbaycana iftira atmaqdan, məkrli yalanlarla ordumuzun haqq işinə – tarixi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmir. Bütün dünyaya Silahlı Qüvvələrimiz tərəfindən, guya, fos­for tərkibli sursatların tətbiqi iddiasını yayır. Bununla bağlı Müdafiə Nazirliyi­nin məlumatında deyilit ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədi güdür. Əslində isə ordumuzun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə kon­vensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Bəli, Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alır. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğal­çının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edir. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsaylı mülki şəxsin həlak olması ilə nəticələnir.

Rəsmi məlumata əsasən, sentyabrın 27-dən indiyədək mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qa­rayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində aralarında 7 yaşlı uşaq da olmaqla, 5 mülki şəxs həlak olub, 10-a yaxın dinc sakin yaralanıb. Ondan bir gün sonra – oktyabrın 28-də yenidən düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan edilən kaset bombalarla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həyatını itirib, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bütün bunlar onu göstərir ki, Ermənistan atəşkəs rejiminə qətiyyən məhəl qoymur, atəşkəs danışıqlarını qulaqardına vurur. Oktyabrın 10-da Moskvada imzalanan birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili huma­nitar atəşkəsin həyata keçirilməsi razılığı, nəhayət, Cenevrə bəyanatı Ermənistan tərəfindən kobud şəkildə pozulması bunun bariz ifadəsidir.

İşğalçı, şübhəsiz ki, törətdiyi əməllərinə görə layiqli cəzasını alacaq. Azərbaycan Respublikası Prezidentinin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyab­rın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə bununla bağlı deyib: “Azərbaycan dövləti xalqımıza qarşı törədilən müharibə cinayətlərinə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini alacaq”.

Prezidentin köməkçisi daha sonra qeyd edib ki, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına eh­tiyac var. Bu, intiqam deyil, bu, ədalətin bərpasıdır. Hikmət Hacıyev, eyni za­manda, vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Hazırda hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz reallaş­dırır, mülki əhalinin öldürülməsi düşmənin məsuliyyətini təsbit edir. Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə cəhd göstərir. Bir sözlə, işğalçı bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır.

İşğalçı tərəfindən ərazilərimizdə qa­nunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi, mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi, həmin torpaqları qazanc məqsədilə talaması, mineral yataq­ların qanunsuz şəkildə istismar olunması və xammalın ölkədən kənara çıxarılması, orada qeyri-qanuni iqtisadi əlaqələr qurulması da müharibə cinayətləridir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

1 Noyabr 2020 01:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə