Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir razılaşma: Mülki əhali və ya qeyri-hərbi obyektlər hədəfə alınmamalıdır

Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Va­şinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu... Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Minsk qrupu həmsədrlərinin və regionda sülhün bərpasına çalışan digər siyasi dairələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atmaq istədikləri bütün addımların məhz Ermənistan rəhbərliyi tərəfindən əngəlləndiyi artıq heç kəsə sirr deyil. İş o yerə çatıb ki, münaqişənin sentyabrın 28-də başlanan yeni fazasında çoxminli itkilər verən düşmən hətta humanitar məqsədli atəşkəslərə də məhəl qoyma­dan Azərbaycan ərazilərini davamlı atəşə tutdu. Yəni İrəvan rəhbərliyi dünya ictimaiyyətinin istənilən qərarının üstündən xətt çəkməklə öz faşist xislətini göstərir

Xatırladaq ki, məhz Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə okt­yabrın 10-da Moskvada humanitar məqsədli atəşkəsin elan edilməsi barədə razılıq əldə edilmişdi. Sonra nə oldu? Razılaşmadan bir neçə saat keçməmiş Ermənistan rəhbərliyi Azərbaycanın mülki əhalisinin bom­bardman edilməsi barədə əmr verdi. Tərəflər oktyabrın 17-də Parisdə, 25-də isə Vaşinqtonda humanitar atəşkəs barədə razılaşdılar və son 28-30 ilin bütün razılaşmaları kimi bu təşəbbüs də məhz ermənilər tərəfindən ayaq altına atıldı. İndi yenə də belə bir addım atılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bay­ramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşündə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Xatırladaq ki, Minsk qrupunun rəhbərliyi də, dünya ictimaiyyətinin bütün maraqlı qütbləri də yaxşı bilirlər ki, münaqişənin mövcud olduğu bütün müddətdə Azərbaycan tərəfi konstruktiv yanaşma sərgiləyir. Son günlər isə Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini hamı bilir. Məlum olduğu kimi, Azərbaycan bu təklifi xeyli müddət əvvəl irəli sürmüşdü.

Bütün bunları yaxşı bilən dünya ictimaiyyətinə Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və ya­şayış məntəqələrini məqsədli şəkildə atəşə tutması da məlumdur. Çox təəssüf ki, bu faktların qəbuledilməz olduğunu yaxşı bilən dünya ictimaiyyəti İrəvan rəhbərliyinə lazımi “qulaqburması” vermək barədə düşünmür.

Məlum olduğu kimi, oktyabrın 30-da Cenevrədə ATƏT-in Minsk qru­punun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə dair bəyanat yayıblar. Həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr – Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Yenə də xüsusilə vurğulanır ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda bir sıra addımlar atmaq barədə razı­laşıblar. Dörd bənddən ibarət olan razılaşmanın ilk cümləsi bundan ibarətdir ki, “tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq­lar”.

Sevindirici razılaşmadır. Çünki Azərbaycan Ordusunun diz çök­dürdüyü, silah-sursatının böyük hissəsini məhv etdiyi ermənilər əsgərlərimizin qarşısından qaçaraq (onların həmin qaçmaq proseslərinin videogrüntülərinə artıq dünyada milyonlarla insan baxmışdır) dağın dalında, meşənin qalınlığında və digər münasib yerlərdə gizlənərək, bizim şəhərlərimizi–mülki insanları atəşə tuturlar. Ona görə də Cenevrə razılaşması bizə – düşmənin heç bir mülki obyektinə atəş açmayan, müharibənin bütün humanitar prinsiplərinə yüksək səviyyədə əməl edən Azərbaycan tərəfinə tam sərf edir.

Bəs ermənilərə? Təbii ki, qəzet üçün hazırlanmış material oxucuya yazının qələmə alındığının ertəsi günü çatır. Mən tam əminəm ki, bu sətirlər oxucuya çatana qədər ermənilər atəşi dəfələrlə pozacaq­lar. Bu əminlik onları artıq yaxşı tanımağımızdan qaynaqlanır. Sovet cəmiyyəti onların vəhşiliklərinin üs­tünü xeyli örtürdü. Son otuz ildə isə vəhşi kimi yırtıcı olduqlarını qətiyyən gizlətmək istəmirlər. Tülkü kimi danışıqlar stolunda üzə gülür, bir az aralanandan sonra isə çaqqal kimi “gödən yırtırlar”.

Dövlət başçımız əcnəbi jurnalistlərə verdiyi müsahibələrdən birində Azərbaycanın hərbi rəhbərliyi ilə Ermənistanın hərbi rəhbərliyinin fərqini yaxşı izah edir: “ Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş mey­danında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bay­rağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq”.

Cenevrədə yayılan bəyanatda deyilir ki, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər. Lap yaxşı. Azərbaycan tərəfi onsuz da bu prinsiplərin hamısına yüksək səviyyədə əməl edir.

Prezident İlham Əliyevin “İnter­faks” agentliyinə verdiyi müsahibədə oxuyuruq: “Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək... Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsü­nüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl, daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insan­larının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır?”

Bu məqamda ədəbi aləmdə şahidi olduğum daha bir məqamı yada salmaq istəyirəm. Ötən əsrin 70-ci illərində gənc şairlərdən biri ilan haqqında yazdığı şeirdə deyirdi ki, sən ilanda cəsarətə bax, güllənin də üstünə gedir. ( El arasında elmi əsası olmayan bir inanc var ki, guya ilan tərəfə atılan güllə ona düz tuşlanmayıbsa da, ilan özü­nü gülləyə tərəf atır). Gənc şairin həmin şeirini oxuyan qocaman şair ona maraqlı cavab vermişdi: “Sən nə bilirsən ki, ilan gülləni sancmaq üçün onun üstünə atılmır? Qardaş, ilan, ilandır!”

Elə, erməni də ermənidir! O, nəinki uşaqları öldürər, hətta, həyasızcasına göydə Aya da güllə atar, şərəfsizcəsinə ulduzlara da tələ qurar, buludlara da terror törədər. Gücü çatsa...

Bəli, bizim bu gün Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün apardığımız mübarizənin, hərbi əməliyyatların eskalasiyasının gündəliyinə nəzər salanda, çox­saylı həqiqətlərlə rastlaşırıq. Həmin həqiqətlərin ən mühümünü isə dövlət başçımız bu şəkildə dilə gətirmişdir: “Biz öz torpağımızda vuruşuruq. Onlar isə bizim torpaqda ölürlər”.

İttifaq MİRZƏBƏYLİ,“Xalq qəzeti”

1 Noyabr 2020 01:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə