Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Azərbaycana qarşı bütün haqsızlıqların önündə dayanacaq

Bu gün Türk dünyası olaraq möhtəşəm günlər yaşayırıq. Türkiyədə də həmçinin can Azərbaycanın Milli Ordusunun yazdığı tarixə içdən, ürəkdən sevinir, bayram edirlər. Bu gün Ali Baş Komandan İlham Əliyev öz ordusuna uğurla rəhbərlik edir. Bu qürurverici günləri bizə yaşatdığına görə istər Ali Baş Komandan İlham Əliyevi, istərsə də qardaş Azərbaycan türklərini səmimi qəlbdən alqışlayıram.

Bu fikirləri Türkiyə Cümhuriyyətinin Azərbaycan və Moldo­vadakı sabiq səfiri, dövlətimizin yüksək mükafatına – “Dostluq” ordeninə layiq görülmüş Hulusi Kılıc bildirib.

O qeyd edib ki, uzun illərdir Ermənistanın hərbi təcavüzü ilə üzləşən qardaş Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsi olan Qarabağ nəhayət ki, həqiqi sahibinin qayıdışı­nı görməkdədir. Bu hadisələr vətən uğrunda böyük mübarizədir, buna təkcə müharibə demək doğru deyil. Bu, işğal altındakı torpaqların qayta­rılması zərurətindən yaranan hərbi əməliyyatlardır. Azərbaycanımızın beynəlxalq tanınmış sərhədləri daxilində reallaşan bir mübarizəsidir. Türkiyə 1920-ci illərdə Qurtuluş Savaşında bu anı yaşadı, bu gün isə Azərbaycanımız bunu yaşamaqda­dır. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinə danışıqlar yolu ilə çarə tapmaq istəyən tərəflərin əslində bunu heç istəmədikləri, illərlə Azərbaycanı aldatdıqları açıq-aydın ortadadır. Artıq bu işin masada gerçəkləşməyəcəyi bəllidir. Azərbaycanımızın bundan artıq gözləməyə nə səbri, nə də zamanı var. Bu mübarizə beynəlxalq hüququn prinsipləri çərçivəsində aparılır.

Sabiq səfir deyib ki, həmişə olduğu kimi, Türkiyə xalqı öz qardaşının yanın­dadır. Üstəlik həm də haqlı qardaşının yanındadır. Çünki Azərbaycanın bu mübarizədə haqq işi apardığı heç kəsə, hətta ermənilərə də sirr deyil. Bu iki qardaş türk toplumunun ümumu sayı 100 milyondan çoxdur. Bu çox ciddi rəqəmdir. Bu iki dövlətə qarşı qalxmağa çalışanlar bunu nəzərdən qaçırmama­lıdırlar. Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyev əbəs yerə bu qardaşlıq düsturunu bir millət, iki dövlət adlandırmamışdır.

Türkiyə 1993-cü ildən Ermənistanla sərhədini bağlamışdır. BMT-nin ver­diyi qətnamələrdə həmin torpaqların Azərbaycana aid olduğu birmənalı şəkildə deyilir. Bu işdə Azərbaycanın haqq işinin əsas hüquqi əsaslarından biri də məhz həmin qətnamələrdir. Ermənistan illərdir ki, bu qətnamələrə əməl etmirdi, BMT kimi nəhəng təşkilatın qərarlarına hörmətsizlik edir. Lakin zaman gəldi və Azərbaycanın BMT-Təhlükəsizlik Şurasının gördüyü işi özü görməyə başladı. Yeni bir masa qurulmalıdır və bu masada Türkiyənin olması mütləqdir. Çünki Türkiyə ma­sada olarsa, Azərbaycana qarşı bütün haqsızlıqların önündə dayanacaq.

Anar TURAN, “Xalq qəzeti”

1 Noyabr 2020 01:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə