Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistana təhvil verilmiş yaşlı qadının orada işgəncələrə məruz qalaraq müstəntiq qarşısına çıxarılması qəbuledilməzdir

Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə Ermənistan tərəfə təhvil verilmiş 85 yaşlı Yevgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq, müstəntiq qarşısına çıxarılması ciddi təəssüf və narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistan tərəfindən təqdim olunan səhnələşdirilmiş videoda yaşlı qadın əvvəlcədən təqdim olunmuş mətn üzrə fikir söyləməyə məcbur edilir. Bizdə olan məlumata görə, həmin qadının yaxın qohum­ları da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən istintaqa cəlb edilib.

Döyüş meydanında Ermənistan silahlı qüvvələri tərəfindən yalnız qoyulan və fiziki yardıma ehtiyacı olan Yevgeniya Babaya­na Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərilib. Ermənistandan fərqli olaraq bu yaşlı qa­dın müstəntiq qarşısına çıxarılmayıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti ilə xəstəxanaya yerləşdirilib.

Prezident İlham Əliyevin humanist təşəbbüsü ilə erməni əsgərlərinin cəsədlərinin və yaşlı iki erməninin oktyabrın 18-də Ermənistana verilməsi təklif olunsa da, Ermənistan bun­dan imtina edib. Ermənistan tərəfi yalnız oktyabrın 28-də Yevgeniya Babayanı, oktyabrın 29-da isə erməni əsgərlərin cəsədlərini qəbul etməyə razılıq verib.

Azərbaycan tərəfi 84 yaşlı Mişa Melkumyanı oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-in­sani davranış göstərərək M.Melkumyanı təhvil almaq­dan imtina etmişdir. Xroniki xəstəliklərdən əziyyət çəkən və xəstəxanaya yerləşdirilən Mişa Melkumyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəzarəti altında olmuşdur. Həmin şəxs əziyyət çəkdiyi çox­saylı xroniki xəstəliklərdən vəfat edib. Ermənistan tərəfi qəbul etməkdən imtina etdiyi bu yaşlı şəxsin vəfatını da səhnələşdirib propaqanda mövzusuna çevirəcək.

Ermənistan xüsusi xidmət və istintaq orqanlarının 84 yaşlı qadına və onun yaxın qohumlarına psixoloji təsir göstərərək Azərbaycana qarşı ifadələr almasını, onu Azərbaycan xüsusi xidmət or­qanları ilə əməkdaşlıqda gü­nahlandırmasını qəti şəkildə pisləyirik. Sağlamlıq durumu yaxşı olmayan yaşlı qadına qarşı bu cür qeyri-humanist davranış qəbuledilməzdir”.

1 Noyabr 2020 01:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə