Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan lideri və ordusu Cənubi Qafqazda yeni tarix yazır

Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlanmasından sonra beynəlxalq birliyin səmərəsiz canfəşanlığı bir daha göstərdi ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə qlobal güc mərkəzlərinin təsir imkanları zəifləməkdə da­vam edir. Azərbaycanın 30 ildən bəri Ermənistanın işğalı altında olan ərazilərini inamla öz nəzarətinə qaytarmasının yaratdığı yeni geosiya­si şərtlər regional güc balansını dəyişməklə yanaşı, qlobal güclərin Cənubi Qafqazda 28 il ərzində formalaşan qeyri-obyektiv siyasətinə düzəlişlər etmək zərurətini yaradır. Cənubi Qafqazda yeni geosiya­si düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalanmala­rın təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır.

Regionda yaranan əlverişli geosi­yasi vəziyyətə hazırlaşmaq, milli ma­raqları önə çəkmək kimi “ağıllı gücdən” istifadə imkanlarına sahib olmaq üçün Azərbaycanın qarşısında Cənubi Qaf­qazın super gücünə çevirilmək vəzifəsi dayanırdı. Bu gün Azərbaycan regionda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biridir. Bir tərəfdən, müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi regional və qlobal layihələr onu Cənubi Qafqazın super dövlətinə çevirirdisə, digər tərəfdən ölkənin inkişafı imperialist güclər üçün yeni arzuolunmaz vəziyyət yaradırdı.

Bu yazıda da məqsəd oxucuya Azərbaycanın həyata keçirdiyi layihələrin statistikasını çatdırmaq deyil, bu gün baş verən Vətən savaşında xalqın, ordunun, Ali Baş Komandanın yaratdığı birlik və harmoniyanın möhtəşəm uğurlara yol açan səbəblərini, ilk anda o qədər də üzdə olmayan tərəflərini izah etməkdir. Vətən savaşında bu gün əldə etdiyimiz uğurlar Azərbaycana böyük təzyiqlərə baxmayaraq neft müqvilələri və ən əsası kəmər marşrutunun seçilməsi, Bakı- Tbilisi-Qars dəmir yolunun, TANAP, TAP-qaz boru kəmərlərinin çəkilməsi, Azers­pace-1, Azerspace-2 telekommunikasiya və “Azerisky” yerli müşahidə peyklərinin yaradılması, digər qlobal və regional layihələrdən başlayır.

Qarabağ savaşında qələbənin əldə olunmasının siyasi, iqtisadi, hərbi və geosiyasi əsaslarını Azərbaycan 30 ilə yaxın bir müddətdə çətin və gərgin şərtlər altında geostrateji manevr etməklə və təmkin göstərməklə yarat­mışdır. Məhz bu gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini bütövlükdə hiss etmək üçün yaradılan iqtisadi və geostrateji “Bir millət iki dövlət” ideyasın­dan Azərbaycan təkcə mənəvi-psixoloji məqsədlər üçün istifadə etmədi, həm də qardaş ölkəni “dəmir xətlərlə” fiziki ola­raq özünə birləşdirdi. Bütün bu görülən tədbirlərin nəticəsi olaraq qardaş Türkiyə dövləti Cənubi Qafqazda geosiyasi proseslərdə aktiv rol ala bildi. Məhz bu reallıqlar müstəvisində Azərbaycanın siyasi iradəsi və şanlı ordusu yeni tarix yazır. Məsələ ondadır ki, BMT-nın qəbul etdiyi qətnamələrin 30 ilə yaxın bir müddətdə icrasını həyata keçirə bilməyən dövlətlərin işini Azərbaycan Ordusu təkbaşına görməkdədir.

Heç şübhəsiz ki, dövlət başçı­sı İlham Əliyevdən xalqın yalnız ali məqsədlər üçün umduğu ən böyük gözləntilərdən biri o idi ki, rəhbərlik etdiyi toplumun hiss və ideyalarını strateji məqsədə yönəldə bilsin. Məhz bu baxımdan Ali Baş Komandanın qalib strateq keyfiyyəti təkcə ordu quruculuğu­nu yeni dövrün tələblərinə uyğunlaşdıra­raq savaş meydanında heyrət doğuran nəticələr əldə etməsi ilə dəyərləndirilmir, həm də informasiya müharibəsində düşmənin və ona havadarlıq edən qüvvələrin saxta və riyakar təbliğatına vurduğu tutarlı zərbələrlə ölçülür. Uzun müddət səbrli, təmkinli davra­nan Azərbaycan lideri artıq müqəddəs işimizə əngəl törədən səbəblərin ünvanı­nı açıq şəkildə göstərir.

Ali Baş Komandan Azərbaycana qarşı informasiya savaşı aparan erməni lobbisi və beynəlxalq güclərin təbliğatını müstəsna diplomat məharəti və siyasi lider nüfuzu ilə susdurur. Dağlıq Qa­rabağ probleminin həlli yollarını, buna əngəl olan səbəblərin dəqiq ünvanını da göstərməklə Prezident İlham Əliyev Azərbaycanın, əslində, kiminlə üz-üzə durduğuna açıq mətnlə işarə vurur. Ok-tyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində Ali Baş Koman­dan açıq faktlarla qeyd etdi: “Biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan infor­masiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.

Göründüyü kimi, Ali Baş Komanda­nın xalqın birliyindən güc alan ittihamı artıq sərhəd tanımır. Onun Minsk qrupu­nun həmsədr ölkələrinin tərəf tutmasını ifşa edən fikirləri artıq dünya mətbuatının nüfuzlu tribunalarından eşidilir. Azərbaycanı Türkiyənin mənəvi və siyasi dəstəyindən məhrum etməklə meydanda tək qoymağı qarşısına məqsəd qoyan qüvvələrə səsələnərək dövlət başçımız qətiyyətlə bəyan edir: “Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib”.

Qlobal güclərin və beynəlxalq təşkilatların keçmiş SSRİ ekvatoriya­sına daxil olan dövlətlərdə yaranan münaqişələrə Azərbaycanın işğal olun­muş əraziləri ilə müqayisədə birmənalı və sərt reaksiyaları həmin dövlətlər tərəfindən münaqişədən əziyyət çəkən dövlətlərə qarşı açıq-aydın ikili stan­dartların görünən tərəfidir. Məsələnin görünməyən tərəflərindən biri ATƏT-in müşahidə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində monito­rinq apardığı zaman bu gün işğaldan azad edilən torpaqlarda yerlə-yeksan edilən yaşayış məntəqələrini, tarixi, dini abidələri, ekoloji terrora məruz qalan meşələri, istismar olunan təbii sərvətləri və ən əsası düşmənin işğal etdiyi torpaqlarda 28 illik dövr ərzində dayan­madan qurduğu müdafiə istehkamlarını görməzliyə vuraraq Ermənistanın vandal cinayətinə qarşı heç bir sanksiya tətbiq etməməsi oldu.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində mandat almış Minsk qrupu həmsədr dövlətlərinin işğala məruz qalanla işğalçı arasında görüntü naminə bərabərlik, həqiqətdə isə işğalçını mükafatlandıran mövqeləri Azərbaycan xalqını 28 ildə məyus etsə də, sarsıtsa da ancaq onun haqlı mübarizəsində milli ruhunu sarsıda bilmədi. Bu gün Azərbaycan Ordusu işğaldan azad etdiyi hər qarış torpaqda qəhrəmanlıq tarixi yazaraq, savaş meydanında terror yu­valarını darmadağın edir. Erməni əsgəri Azərbyacan əsgəri qarşısında diz çökür, vurulan zərbələr önündə qurduqları terror istehkamlarında belə özlərini xilas edə bilmirlər.

28 illik işğal dövründə Ermənistanın siyasi və hərbi hakimiyyəti Azərbaycan Ordusu haqqında 1990-cı illərin hərbi-siyasi atmosferinin yaratdı­ğı stereotiplərdən xilas ola bilmədi. Azərbaycan Ordusunun gücünə dəyər vermədən sarsıdıcı zərbə alan Ermənistanın siyasi və hərbi hakimiyyəti müharibəni Türkiyə ilə apardıqları haqqında heç bir əsası olmayan uydur­ma xəbərləri onlara havadarlıq edən dövlətlərin mətbuatına çıxardırlar. Ali Baş Komandan Türkiyə hərbçilərinin Azərbaycanda olması ilə bağlı yayılan dezinformasiyalara da tutarlı cavab ver­di: “Gözlənilən bu böyük qələbəyə indi sağdan-soldan çamur atmağa cəhdlər edilir. Guya, Azərbaycana Türkiyə hərbi dəstək verir, hansısa mifik muzdlu dəstələrdən israrla bəhs olunur. Halbuki, silah-sursatdan tutmuş, muzdlu-terror­çuların göndərilməsinədək gerçək hərbi köməyin Ermənistana edildiyi gün kimi ortadadır”.

Digər bir açıqlamasında Ali Baş Komandan İlham Əliyev Türkiyənin Azərbaycana Ermənistanın himayədarları tərəfindən qıcıqla qar­şılanan dəstəyinə diqqət ayırdı: “Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm. Hər dəfə soruşurlar ki, Türkiyə “F-16”ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın... “F-16”lar təlimə gəlib və yerdədir. Əgər, bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”. “F-16” larla bağlı Ali Baş Komandanın dediyi bu fikirlər işğal olunmuş ərazilərə üçüncü dövətin müdaxiləsinə qarşı açıq mətnlə işarədir.

ABŞ-da geostrateq, “ərazi mübadiləsi planı”nın müəllifi kimi tanınan Pol Qobl Azərbaycan ordusunun uğurla­rını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyin düzgün yanaşma olmadığı qənaətini bölüşür: “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan Ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğu­nu bilirlər və bu şansı itirmək niyyətində deyillər”.

Ötən günlərin Vətən savaşında Azərbaycan xalqı hiss etdi ki, Qaraba­ğa dair kənardan heç bir xoş niyyətli təşəbbüs yoxdur və olmayacaq. Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslərdə və dünyanın münasibətlər sistemində Azərbaycan öz yerini tutub və dünya təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycan liderinin siyasi iradəsi, xalqımızın birliyi və ordumuzun gücü Cənubi Qafqazda yeni tarix yazır.

Azərbaycanda baş verə bilən hər hansı bir hadisənin, xüsusilə də Qa­rabağla bağlı gerçəkləşdirilən mütləq iradənin dünyanın nizamına təsir etməsi şübhə doğurmur.

Şübhə doğurmayan başqa bir məsələ isə Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsində regionun inkişafının yenidən dizayn edilməsi və Cənubi Qafqazda vahid iradənin olması reallığıdır. Artıq bu reallıq yeni dünya nizamına Türkiyə– Azərbaycan mövcudluğunu diktə etməkdədir.

Məhəmməd CƏBRAYILOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru

1 Noyabr 2020 01:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə