Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu düşmənə göz açmağa imkan vermir

Qarabağ müharibəsində ağır döyüşlər davam edir. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətləri boyu öz aşkar üstünlüyü­nü qoruyub saxlayır. Mənəvi sarsıntı keçirən düşmən sıralarında başıpozuqluq hökm sürür.

Cəbhədən aldığımız ope­rativ məlumatları diqqətinizə təqdim edirik. Bu il oktyab­rın 30-dan 31-nə keçən gecə Ermənistanın silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silah­lardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, dö­yüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin bütün hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yara­lananlar var.

Son iki gündə qoşunla­rımızın dəqiq atəş zərbələri nəticəsində Ermənistanın motoatıcı diviziyasının mövqelərinə yaxınlaşan döyüş texnikası məhv edilib və sıradan çıxarılıb. Bunun nəticəsində düşmənin müxtəlif təyinatlı 27 hərbi texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin motoatıcı alayı­nın iki zabiti məhv edilib, xeyli sayda yaralı var. Digər motoatıcı alayın mövqelərinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar arasında iki bölük komandiri də var.

Düşmənin dağatıcı alayı­nın döyüş mövqelərinə vuru­lan zərbələr nəticəsində tabo­run şəxsi heyətinin 50 faizinin məhv edildiyi, zabitlərdən cəmi 5 nəfərin sağ qaldığı müəyyən edilib. Sağ qalan erməni hərbi qulluqçularının isə döyüş mövqelərini ataraq qaçdığı məlum olub.

Düşmənin Xocavənd istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananların olduğu, silah-sursatın tükəndiyi, bölmələr arasında rabitənin olmadığı barədə məlumat da var.

Döyüş mövqeyinə çıxa­rılan əlahiddə taborun şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananların, eləcə də ölənlər arasında bölük komandirlərinin olduğu məlum olub.

İki gün ərzində və gecə saatlarında düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yay­lım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radioloka­siya stansiyası, 4 ədəd avto­mobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANA­MA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemindən 58 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan mətbuata verilən məlumata görə, daxil olmuş 61 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Çəmənli, İkinci Yüzbaşlı, Alıbəyli, Əfətli, Təzəkənd, Ayaq Qərvənd, Üçoğlan kəndləri, Bərdə ra­yonunun B.Hacıyev, Bakı, Ko­roğlu, Natavan, Ü.Hacıbəyov küçələri, H.Əliyev prospekti, Mirzalıbəyli kəndi, Cəbrayıl rayonunun Soltanlı kəndi, Fü­zuli rayonunun Əhmədalılar, Alxanlı, Arayatlı kəndləri, Go­ranboy rayonunun Tapqara­qoyunlu, Qızılhacılı kəndləri, Tərtər rayonunun Buruc, Düyərli, Köçərli, Ələsgərli kəndləri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 50 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 9N235 bom­bacığı, 2 ədəd 122 mm-lik ra­ket (9M22U), 225 ədəd tank əleyhinə TM-62P2 minası, 224 ədəd MVP-62 partladıcısı və 44 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd 9N235 bom­bacığı zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 36 045 nəfər mülki şəxs ara­sında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ermənistan tərəfi yenidən beynəlxalq ictimaiyyətə yenidən dezinformasiya məlumatları təqdim edib. Belə ki, Ermənistanın bir çox rəsmi saytları Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatan­lardan atəşə tutması ilə bağlı saxta məlumatlar yayıblar.

Azərbaycan Respublikası­nın Müdafiə Nazirliyi bu saxta xəbəri qətiyyətlə təkzib etmiş­dir. Bununla bağlı xəbərdə qeyd edilir ki, sözügedən məlumat dezinformasiyadır və təxribat xarakteri daşıyır. Məlumatda həmçinin bildirilir ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

Hazırladı: Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

1 Noyabr 2020 01:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə