Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin xroniki xəstəliyi: tarixi yaddaşımızı oğurlamaq mərəzi

İnsanı insan edən, onu digər canlılardan fərqləndirən yaddaşdır. Yaddaş tarixi məkanda və tarixi zamanda insan mənliyinin, insanda insanlığın atributudur. Manqurtlaşma, anadangəlmə irsi amneziya təhlükəsi də məhz yaddaşın olmadığı şəraitdə özünü büruzə verir. Xalqı keçmişindən və gələcəyindən məhrum etmək üçün onun tarixi yaddaşını oğurlamaq, silmək və məhv etmək kifayətdir. Yüz illərdir erməni millətçiləri də buna çalışır və Azərbaycan xalqının tarixi yaddaşını yox etmək üçün maddi və mənəvi abidələrimizi məhv etməyə can atırlar. Onlar başa düşürlər ki, yaddaş mədəniyyətin və dünyagörüşün davamlı dəyəridir, o, zamanın məhvedici qüvvəsinə qarşı çıxır. Buna görə də, ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyəti izlərini silməklə, xalqımızın tarixi yaddaşını da məhv etmək istəyirlər. Ancaq istər 1000 il öncə olsun, istərsə də 100 il əvvəl apardıqları “mədəniyyət soyqırımında” ermənilərin Azərbaycan xalqının tarixi yaddaşını oğurlama arzusu iflasa məhkumdur. Sözsüz, erməni millətçilərinin Azərbaycan xalqının mədəni irsinin ağırlığı altında qalıb tarixin üzqarası olmaq şansları çox böyükdür.

Tarixi maddi və mənəvi abidələr yaddaşın yarandığı, ya­şandığı, toplandığı və saxlanıldığı obyektlərdir. Ancaq bu abidələr, sadəcə, tarixi yaddaş, mədəni yaddaş obyektləri deyil. Maddi və mənəvi abidələr tarixi yaddaşın, mədəni yaddaşın canlı laboratori­yasıdır və məhz bu mənada tarixi mədəniyyət abidələrinin böyük mənəvi-psixoloji əhəmiyyəti var. Tarixi abidələr xalq yaddaşının, xalq özünüdərkinin, xalq müd­rikliyinin daşıyıcısıdır və onun bu xeyirxah tərbiyəvi potensialı insanda Vətən hissini oyadır, insanın öz əcdadlarına, irsinə, öz köklərinə olan məhəbbətini gücləndirir. Bir sözlə, tarixi yaddaş xalq mədəniyyətinin, onun qorunub saxlanmasının və inkişafının əsasını təşkil edir, birbaşa mədəniyyətlə bağlıdır. Sual oluna bilər: tarixi yaddaş xalq üçün əhəmiyyətlidirmi? Cavabı çox sadədir: tarixi yaddaş sosial həyatın davamlılığını və irsiliyini əks etdirir. İnsanın özünü tarixdə hiss etməsi, müasir həyatda əhəmiyyətini başa düşməsi, özünə yaxşı bir xatirə qoyması lazım­dır. Yaddaşını itirmiş insan artıq insan deyil. Buna görə də hər bir xalq maddi və mənəvi dəyərlərin qorunmasına ciddi fikir verir, tarixi yaddaşın silinməsinə qarşı yönələn istənilən fəaliyyətin qarşı­sını almağa çalışır.

Təbii ki, mədəni-tarixi irs sosial dəyərdir və nəsildən-nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi de­yil ki, Rusiyanın mədəniyyətşünas alimi, filosof və sosioloq P.S.Gureviç dəyərlər və ictimai yaddaşın nəsillərə köçürülməsini mədəni bir ötürülmə olduğunu təsdiqləyir və mədəniyyət anlayışı­nı hər bir cəmiyyətin sahib olduğu etiket və əhəmiyyətli simvollarının düşüncə və dəyərlərinin, adət-ənənələrinin norma və davranış qaydalarının bütünlüyünü insan­ların həyatlarının tənzimlənməsi adına nəsildən-nəslə köçürdüyü fəaliyyət şəkli olaraq qeyd edir. Mədəni irsin məhv edilməsi insan­ların xalqın özünəməxsusluğunu, yaddaşını, ləyaqətini və gələcəyini təhlükə altına alır. Bu mənada ermənilərin tarixi yaddaşımıza qarşı amansız Səlib yürüşünə çıxmaları təsadüfi xarakter da­şımır. Mənfur qonşularımız işğal etdikləri torpaqlarımızda maddi və mənəvi dəyərlərimizi yerlə-yeksan etməklə milli kimliyimizi unutma­ğımıza, mədəniyyətimizlə dərin bağları olan tarixi yaddaşımıza silinməz yara vurmağa çalışır­lar. Mədəni irsin məhv edilməsi insanlığa qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı vandallığını məhz belə qiymətləndirmək lazımdır.

Müharibənin öz qaydaları var. Həmin qaydalara görə, mədəni irs obyektləri, yəni sənət əsərləri, tarix və arxeologiya abidələri qorunur. Ancaq erməni barbarları heç bir qaydaya məhəl qoymurlar. Halbuki, beynəlxalq humanitar hüquq silahlı münaqişədə tərəfləri mədəniyyət abidələrini qorumağa və onlara hörmət etməyə məcbur edir. Müharibə qaydaları açıq-ay­dın göstərir ki, münaqişə iştirakçı­larına mədəni irs obyektlərinə hü­cum etmək, onlara qarşı hər hansı düşmənçilik hərəkətləri etmək və onlardan hərbi məqsədlər üçün istifadə etmək qadağandır. Bun­dan əlavə, onlar münaqişə tərəfləri maddi və mənəvi abidələrin oğur­lanmasının və ya talan edilməsinin və vandalizm aktlarının qarşısını almalıdırlar. Lakin ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq, Azərbaycanın işğal olun­muş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik edirlər. Azərbaycan torpaqların­da yüzlərlə tarixi və dini abidə ermənilər tərəfindən talan edilir. Əlbəttə, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsidir və buna görə də Azərbaycan ərazisində tarixi və mədəniyyət abidələrinin qorun­ması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir, buna görə də erməni vandalları beynəlxalq məsuliyyət daşıyırlar.

Azərbaycan xalqının dini və mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılma­sı və sökülməsi məsələsi ətraflı şəkildə araşdırılır və bu proses indi də davam edir. Azərbaycanlı tarixçilər bu istiqamətdə vacib araşdırmalar həyata keçirirlər və erməni vandallığı haqqında hazır­lanan sanballı elmi araşdırmalar da ictimaiyyətin ixtiyarına təqdim edilir. Bu məsələdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxana­sının rolunu qeyd etmək vacibdir. Kitabxananın “Elektron kitablar” bazasında Azərbaycanın tarixini, iqtisadiyyatını, mədəniyyətini, eləcə də, müxtəlif elm sahələrini əhatə edən kitabların elektron variantlarının toplandığı Elektron Kitabxanada ermənilərin mənəvi irsimizə qarşı hücumları haq­qında səhih məlumatlarla tanış olmaq mümkündür. Xüsusilə də kitabxananın elektron resursla­rında əsirlikdə olan Azərbaycan abidələri barədə materiallar, fotoşəkillər internet vasitəsilə dün­ya ictimaiyyətinə çatdırılır. Bunun­la belə, tarixi mədəni irsimizə qarşı aparılan vandallıq barəsində elmi araşdırmaların davam etdirilməsi çox vacibdir. Xüsusilə də araşdır­maların beynəlxalq auditoriyaya çatdırılmasında da elektron re­surslardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Bu sahədə vəziyyəti öyənmək üçün kitabxa­nanın direktoru Mayıl Əhmədova müraciət etdik. Mayıl müəllim dedi:

– Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron nəşr 2015-ci ildən istifadəçilərin ixtiyarına veri­lib. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış həmin elektron nəşrdə həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan in­diki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat verilir. Elektron nəşrdə işğal altında qalan ərazilərimizdəki və Ermənistan ərazisində qalan 800- dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası təqdim edilib. Hazırda bu elektron nəşrə həm ölkə daxilindən, həm də xarici ölkələrdən hər gün minlərlə istifadəçi müraciət edir. Bu günlər Azərbaycan tarixinin yeni parlaq səhifələri yazılır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu bir-birinin ardınca işğal altında olan torpaqlarımızı azad edir. Tarixi-memarlq abidələrimiz əsirlikdən qurtulur. Torpaqlarımız işğaldan azad edilib qurtardıqdan sonra biz bu layihəni yenidən işləyəcəyik. Əsirlikdən qurtulan abidələrimizin yeni görüntülərini istifadəçilərə təqdim edəcəyik. Elektron nəşrin adı yeni tərtibatda “Erməni vandalizmi: əsirlikdən azad edilmiş Azərbaycan abidələri” adlanacaq.

İşğal altında qalmış hər bir abidəmiz tarixin canlı şahididir. Buna görə də, abidələrimizin xilas edilib bərpa olunması torpaqları­mızın qaytarılması qədər önəmli vəzifədir. Artıq Azərbaycan Ordusu tarixi missiyasını uğurla davam etdirir və torpaqlarımızda erməni işğalına son qoyulacağı gün heç də uzaqda deyil. Bu məqamda hamını bir sual maraqlandırır: əsirlikdən azad olunmuş və oluna­caq maddi-mənəvi abidələrimizin bərpası üçün konkret olaraq hansı addımların atılması zəruridir? Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qu­badlı rayonlarının bir çox yaşayış məntəqələri, digər ərazilərimiz işğaldan azad olundu və bu pro­ses sürətlə davam edir. Belə tarixi zamanda hər bir azərbaycanlını azad olunmuş şəhər və yaşa­yış məntəqələrimizdəki tarixi abidələrimizin də aqibəti maraq­landırır. Məsələn, azad olunmuş Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda, dini təyinatlı abidələri ilə zəngin rayon­larından hesab olunur. Rayonun köhnə qəbiristanlığında üzərində qədim yazılar olan bir lövhə aşkar edilmişdi. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri – dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbir daşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.

Bundan başqa, Cəbrayıl ra­yonunda müxtəlif türbələr – Dağ­tumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndindəki yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlar­ca başqa tarixi-dini memarlıq nümunələri vardır. Ayrıca qeyd etmək yerinə düşərdi ki, Tumas-ata abidəsi – Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas-ata abidəsi də bütpərəstlik dövrünün yadigarıdır. Bununla yanaşı, tarixi Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Naftalı kurqan­ları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu (İlk Orta əsrlər), Karxulu kurqanları və ya­şayış yeri – Tunc dövrü – (Karxulu kəndi), Canqulu kurqanı (Tunc dövrü, Mahmudlu kəndi), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlar kəndi), Şıxlar mağarası (Daş dövrü, Şıxlar kəndi), Şıxlı kurqanları (Son Tunc dövrü), İmanqazan təpə kurqan­ları (Son Tunc dövrü, Şıxlı kəndi), Qaladağ qalaçası və yaşayış yeri (İlk Orta əsrlər, Qalacıq kəndi), Məscidtəpə kurqanı (Tunc dövrü, Qalacıq kəndi), Naftalı kurqanları (son Tunc və İlk Dəmir dövrü, Naftahlar kəndi) və s. kimi tarixin yadigarları, şəksizdir ki, erməni vandalizminin qurbanlarına çev­rilmiş maddi-mədəniyyət və dini abidələrimizdəndir.

Çox fərəhləndirici haldır ki, artıq oktyabrın 18-dən etibarən Xudafərin körpüsündə yenidən bayrağımız dalğalanır. Xatır­ladaq ki, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə apar­maq üçün inşa olunmuşdu. Nadir memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdi. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Uzun onilliklər boyu Azərbaycanı dünyanın ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yata­ğında – Xudafərin dərəsində bir-birinə qovuşmuşdur. Uzun zaman idi ki, bu dərə əlçatmaz, ayaqdəyməz yer idi. Amma artıq 30 ilə yaxın həsrətə son qoyulur, şanlı ordumuzun qələbəsindən sonra azərbaycanlıların əfsanəvi körpünü görməyi artıq xəyal yox, bir reallıqdır.

Təəssüf doğuran faktdır ki, Cəbrayıl şəhəri də çox güc­lü dağıntıya məruz qalmışdır. Erməni vandalları şəhərdə, sözün həqiqi mənasında, daşı daş üstə qoymamışlar. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəb, 40 klub müəssisəsi, 78 kitabxa­na, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi fəaliyyət göstərmişdi. Ermənilər rayon­dakı təkcə mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini deyil, həm də yeraltı və yerüstü sərvətləri, zəngin su mənbələrini dağıtmış, meşələri yandırmış, bu yurdun rəmzinə çevrilən Xan çinarlarını məhv etmişlər.

Eyni sözləri işğaldan azad olunmuş Füzuli şəhəri barədə də demək olar. Xatırladaq ki, işğal­dan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musi­qi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 48 feld­şer-mama məntəqəsi fəaliyyət göstərmişdi. Bundan başqa, Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayo­nun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvan­sara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" ha­mamı (XIX əsr), Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, Merdinli kəndi yaxın­lığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər), dünyanın ən qədim insan məskənlərindən olan, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahı­sına daxil edilən Azıx və Tağlar mağaraları, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə erməni vandalizminin qurbanına çevrilmiş, dağıdılmış və məhv edilmişdir.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunmuşdur. İşğal nəticəsində düşmən tərəfindən bu uzunömürlü təbiət abidələri – Şərq çinarları tamamilə məhv edilmiş, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, Füzuli də Cəbrayıl kimi barbar­casına dağıdılmışdır. Prezidenti İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində təəssüf hissilə bildirdi ki, Füzulidən əsər-əlamət qalmamışdır: “30 il ərzində Fü­zuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökü­lüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib. Füzuli şəhərinin qalıqları erməni faşizminin şahi­didir”.

İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşları­nın tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi Ermənistanın si­yasi dairələrinin ardıcıl və davamlı fəaliyyət planının tərkib hissəsidir. Azad olunmuş ərazilərimizdən ya­yımlanan video və foto görüntülər də bunu təsdiqləyir. Erməni van­dalları dini abidələrimizlə yanaşı, qəbirlərimizə qarşı da vəhşilik törətmişlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd,192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağın­tılara və tələfata məruz qalan İs­lam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşur. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olması­dır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri- Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdam­da 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını sala­mat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvan­ları, o cümlədən donuz saxla­maqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Prezi­dent İlham Əliyev çıxışlarında Ermənistanın işğal edilmiş torpaq­larda müsəlman dini abidələrinə qarşı soyqırımı törətdiyini və erməni işğalçılarının məscidlərə qarşı təhqiramiz hərəkətlər etdiyini dəfələlər bildirmişdi: "İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin da­ğıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur".

Aydındır ki, Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxta­laşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı yönəlmişdir. Belə ki, erməni təcavüzkarları ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış­lar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağı­dılan və yandırılan 927 kitabxa­nada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir). Maraqlıdır, işğal edilən Azərbaycan ərazilərindəki inzibati yaşayış məskənlərindən yüz mindən çox muzey eksponatı, o cümlədən bədii yazı nümunələri, bədii toxuculuq sənəti və məişət əşyaları, xalçalar, bəstəkar əsərləri, rəsmi dövlət sənədləri, xəritələr və fotoplyonkalar, pul əskinasları, qədim silahlar və ovçuluq ləvazimatları qarət edilərək Ermənistana aparılmış­dır. Bəs, görəsən, həmin tarixi dəyərlərimizin ölkəyə qaytarılma­sı üçün hansı hüquqi addımlar atıla bilər? Heç şübhə yoxdur ki, Azərbaycan Ermənistandan təzminat tələb etməlidir, belə nümunələr də az deyil.

Məsələn, 1919-cu ildə imza­lanmış Versal müqaviləsi tarixin ilk təzminatlarını təmin etmişdi. Bu, Birinci dünya müharibəsi dövründə Almaniyanın və müttəfiqlərinin vurduğu ziyanın təzminat for­ması idi. Təcavüzkar ölkə üçün müqavilədə təzminat məbləği – 269 milyard qızıl markası nəzərdə tutulurdu ki, bu da demək olar, 100 min ton qızıla bərabər olmuş­du. Ancaq müharibəni uduzan Almaniya dərin iqtisadi böhran içində olduğundan bu məbləğ 132 milyarda endirilmişdi. Almaniya bütün təzminatları yalnız 2010-cu ildə ödəməyə müvəffəq olmuşdu. Bundan başqa, 10 sentyabr 1952- ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalan­mış, 27 mart 1953-cü ildə qüvvəyə minmiş Reparasiya sazişinə görə, Qərbi Almaniya İsrailə 3 milyard 450 milyon alman markı məbləğində təzminat ödəmişdi. Ödəniş, ailəsinin heç bir üzvü sağ qalmayan qurbanların varisi kimi İsrail dövlətinə edilmişdi. Yəhudilər həmin məbləği ölkənin infrastrukturu üçün xərcləmişdilər və təzminat yeni dövlətin iqtisa­diyyatının qurulmasında mühüm rol oynamışdı. Ermənistanın işğalı nəticəsində Azərbaycan dağıdıl­mış infrastrukturdan başqa, məhv edilmiş tarixi abidələrə görə də təzminat tələb etməlidir.

2001-ci ildən öncə Qarabağ ərazisində bəşəri əhəmiyyətli tarixi mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmişdi. Təəssüf ki, dünyanın reaksiyasını ermənilərin vandalizm əməllərinə qarşı yönəldiyini müşahidə etmirik. Doğ­rudur, bir sıra beynəlxalq təşkilatlar çərçivəsində erməni vandalizmini qınayan bəyanatlar səsləndirilmiş və müəyyən çağırışlar olunmuşdu. Lakin belə bəyanat və çağırışların erməni vandalizminə son qoyma­dığı heç kimə sirr deyil. Əlbəttə, artıq torpaqlarımız işğaldan azad olunur, bununla belə, işğal müddətində beynəlxalq ictimaiyyət qətiyyətli mövqeyini açıqlasaydı və işğalçıya qarşı ciddi sanksiya­lar tətbiq etsəydi, bu gün bəşəri əhəmiyyətli tarix abidələrimizi erməni vandalizmindən qorumaq mümkün olardı.

Mənfur qonşularımız hazır­da yaşadıqları türk-müsəlman torpaqlarında da Azərbaycanın mədəniyyət izlərini yox etməyə çalışırlar. Təkcə İrəvan xanlığı­nın mirasının məhv edilməsini qeyd etmək yetər. Burada rusi­yalı politoloq Modest Kolerovun telemüsahibələrinin birində verdiyi açıqlama yada düşür: “İrəvanın sadəcə 500 yaşı var və o, 1918- ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmir...”. Amma fakt faktlığında qalır: erməni vandal­ları İrəvanda Azərbaycan izinin itirilməsindən “qürurlana” bilərlər. Əlbəttə, fiziki məhvə məruz qalan İrəvan mədəniyyətimiz elmi əsərlərdə, arxivlərdə yaşayır və yaşayacaq. İrəvanda, eləcə də indiki Ermənistan ərazisində qədim türk-müsəlman mədəniyyəti barədə tarixi araşdırmalar aparı­lır, kitablar yazılır və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bununla belə, Prezident Kitab­xanasında şöbə müdiri, “İrəvan şəhəri” əsərinin müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa düşünür ki, bu istiqamətdə ciddi işlər görülür və dünyanın müasir Ermənistanın qədim Azərbaycan torpaqlarında mövcud olduğunu bilməsi zəruridir:

“Ermənilərin indiki Ermənistan ərazisində məskunlaşmaları 1441- ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzinə (Üçkilsə) köçürülməsindən sonra başlamış­dır. İndiki Ermənistan ərazisində hidronimlərin, oronimlərin və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşa­yış məskənlərindən olmuşdur. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Avropadan və Rusiyadan gələn bir çox səyyah və tədqiqatçılar müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları öz əsərlərində türk-müsəlman abidələri kimi təsvir etmişlər. XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus mad­di mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanmışdır. Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silən, ardın­ca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni dövləti yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdı­lır. Lakin mövcud ilk mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərində əksini tapan məlumatlar onu göstərir ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə çalışsalar da, onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir”.

Əlbəttə, tarixi yaddaşımı­zı silmək erməni vandallarına qismət olmadı və əksinə, işğaldan azad olunan torpaqlarımızda yenidən tarixi izlərimizi bərpa etməyə ruhlanlandırdı, səfərbər etdi. Şübhə yoxdur ki, işğaldan azad olunmuş torpaqlarımız­da Azərbaycan xalqının tarixi abidələri yenidən bərpa olunacaq, bəşəriyyətin ixtiyarına veriləcək. Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş şəhərlərimizi yenidən abadlaşdı­racağıq, o kəndlərə qayıdacağıq: “Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayı­dacaq”. O an artıq yetişmişdir...

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

1 Noyabr 2020 01:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə