Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı Ermənistan qanlı müharibə cinayətlərini davam etdirir

Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlandığı bir aydan artıq müddətdə Azərbaycanın dinc əhalisinə qarşı törədilən irimiq­yaslı hücumlar işğalçı ölkənin xalqımıza qarşı 30 ildən bəri davam edən etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasətinin dünyanın gözü qarşısında qanlı müharibə cinayətləri ilə davam etdirildiyinin danılmaz göstəricisidir. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində indiyədək 90 nəfərdən artıq insan həlak olub, 400-dək mülki insan yaralanıb. 7 ailə bütünlüklə məhv edilib, 2 ailədə uşaqlar valideynlərini itirib.

Sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zona­sından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qa­dın olmaqla, 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb – onlardan 10 nəfəri məktəblidir. Ermənistanın silahlı qüvvələri sonrakı günlərdə də beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə konvensiyaları­nın əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam etdirib.

Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zama­nı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır. Ümumilikdə, Ermənistan ordu­sunun Gəncəyə oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artil­leriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla, 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən, azyaşlı uşaq həlak olub, uşaqlar və qadınlar da olmaqla, 13 nəfər ciddi yara­lanıb. Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu ərazisinə beynəlxalq hüquqla qadağan olun­muş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Ümumilikdə, Ermənistan ordu­sunun Bərdəyə 2 gün ərzində “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olub, 80-dən çoxu yaralanıb.

Bu qanlı əməllərdən göründü­yü kimi, bütün dünyanın gözü qar­şısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində sentyabrın 27-dən keçən bir ay ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub. Onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır. Bu vəhşi hücumlar nəticəsində 400 nəfərə yaxın, o cümlədən, 100- dən çox qadın və 30-dan çox uşaq yaralanıb.

Ancaq biz nəyin şahidi oluruq? 30 ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı nəinki heç bir təzyiq yoxdur, çox təəccüblü olsa da, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terroriz­mi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə beynəlxalq birlik yalnız seyrçi mövqedən yanaşır.

Bu 30 ilin tarixinə bir daha qısaca nəzər salaq. Hələ Dağ­lıq Qarabağ işğal edilməmişdən əvvəl Ermənistan ilk cinayətkar əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçı­van Muxtar Respublikasına qarşı həyata keçirib. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu hadisə XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kənd hazırda işğal altındadır, dinc əhali öz doğma yurdundan məcburi köçkün düş­müşdür.

Bunun ardınca 1990-cı il martın 24-də Ermənistanla sərhəd rayonu olan Qazax rayonunun Bağanis Ayrım kəndi erməni terrorçu dəstələrinin silahlı hücu­muna məruz qalmış, ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilmişdir. Erməni si­lahlı qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olunmuşdur. İşğal zamanı Bağa­nis Ayrım kəndində 100-dən çox ev talan edilmiş və yandırılmış, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır.

Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan– Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən ermənilər tərəfindən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmiş­dir. Bununla da 600 nəfərdən çox əhalisi olan və Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəd, eləcə də Dağlıq Qa­rabağdan xeyli kənarda yerləşən Bağanis Ayrım kəndi ermənilərin işğalçılıq siyasəti nəticəsində zəbt olunmuşdur.

Yeri gəlmişkən, xatırladaq ki, BMT-nin Baş Assambleyasının 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqın­da Konvensiyasını Ermənistan da ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çir­kin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların cid­di şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başla­yaraq keçən dövr ərzində, xüsusilə 1988–1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaq­ların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır. 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq – Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetiril­mişdir.

1991-ci il iyunun 27– 28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyab­rın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başı­nı kəsmişlər. 1992-ci il fevralın 13–17-də isə erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.

Əsirlərin bir hissəsi Qaradağlı– Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdir. Daha sonra isə 2 nəfər Zəki bulağın­da, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansız­lıqla qətlə yetirdilər. Ümumilikdə, Qaradağlı kəndində qətlə yetirilənlərdən 20 nəfəri 10–12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur.

1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə amansız işgəncələr vermişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 39 nəfər xü­susi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90–100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Füzuli rayonunun işğalı za­manı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşaqların 29 nəfəri yerindəcə öldü­rülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmişdir. Kəlbəcər rayonunun “Tunel” adlanan yerində güllələnən dinc sakinlərin izini itirmək məqsədi ilə meyidlər yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqı­rımı qurbanlarının, az qala, yarısı qadınlar və uşaqlar idi.

Bundan əvvəl Xocalıda öldürülən 613 nəfərdən 63-ü də uşaq idi. Bu kütləvi qırğın, vanda­lizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişlər. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyni­ni, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmış­dır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Dağlıq Qarabağ münaqişəsinin başlanğıc dövründə –1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 217 soydaşı­mız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etmiş. sonra hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək ma­halı) 70-ə yaxın 5 –12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekab­rında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.

Ümumilikdə, XX əsrin sonunda monoetnik Ermənistan yaratmağa nail olan ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetiril­miş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infark­tdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asıla­raq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.

Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, ter­rorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün amansızlığı ilə bir daha sübut edir. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqın­da onu qeyd etmək vacibdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetiril­miş, 61 uşaq itkin düşmüş, 27-si isə əsirlikdə soraqsız qalmışdır. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır.

Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdi­yi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasın­dan və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlana­raq qanlı cinayətlər törətməkdə davam edir. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlar­dan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olmuşlar.

24 oktyabr 2017-ci ilə olan məlumata görə, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qa­dındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır.

Bildirək ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiya­sının qəbul edilməsindən 30 ildən çox, BMT Təhlükəsizlik Şura­sının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbul olunmasından 20 il keçir. Ancaq dünya birliyi, xüsusilə dünyanı təsirində saxlayan qlobal güclər təcavüzkar Ermənistanı sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxma­sı tələbini qoymurlar.

Bu baxımdan, dövlətimiz BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir və BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra edir.

Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini bir-birinin ardınca azad edir. Hərbi ba­xımdan məğlub olduğunu dərk edən Ermənistan və havadarları isə beynəlxalq hüquqdan, insan haqlarından, sülh danışıqlarının mühümlüyündən dəm vurmağa başlayıblar. Onu da qeyd etmək lazımdır ki, münaqişə ilə bağ­lı vasitəçilik edən dövlətlərin mövqeyi birmənalı şəkildə bəllidir. Xüsusilə tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götür­müş ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları yalnız status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirmişdir.

Bununla yanaşı, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən, “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trenspa­rency İnternational”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Reportyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının bu faciələrə seyrçi münasibəti acı təəssüf doğurur.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev açıqla­malarında sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək demiş­dir: “Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sı­radan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60–70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlar­da, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.

Azərbaycan Prezidenti daha sonra demişdir: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib,– biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Dövlətimizin başçısı birmənalı olaraq bütün dünyaya bəyan etmişdir ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

1 Noyabr 2020 00:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə