Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən bütün tədbirlər görülür

Sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensi­yaları və onun Əlavə protokollarının müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tu­tur və bununla da mülki əhalimizə qarşı cinayətlər törətməyi davam etdirir.

Hazırkı vaxtadək düşmən qüvvələri tərəfindən törədilən cinayətlər nəticəsində, ümumilikdə, 91 mülki şəxs həlak olub, 404 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananların 43-nün vəziyyəti ağırdır. Bundan başqa, 2465 evə, 97 çoxmənzilli binaya və 455 mülki infrastruktur obyektinə külli miq­darda ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Günay Səlimzadə oktyabrın 31-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, sent­yabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri – Mingəçevir Su Elektrik Stansiyası və İstilik Stansiyası, Bakı-Tbilisi–Ceyhan və Bakı–Novo­rossiysk neft, Oğuz–Qəbələ–Bakı su kəmərləri, turizm mərkəzi olan Qəbələ rayonu da hədəfə alınıb. Bütün bu fakt­lara görə Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktları üzrə Baş Pro­kurorluq tərəfindən Azərbaycan Res­publikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işləri başlanıb. Hazırda həmin cinayət işləri üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Başlanmış və istintaq olunan cinayət işlərinin üç kateqoriyaya ayrıldığını vurğulayan Günay Səlimzadə bildi­rib ki, birinci kateqoriyaya aid cinayət işləri Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən şəhər və rayonlarına vurulmuş ziyanla bağlıdır. İkinci kate­qoriya üzrə cinayət işləri işğal altında qalan ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətin aparılması, sonuncu kateqori­yadan olanlar isə işğaldan azad edilmiş və işğal altında qalan ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsi və ekologiya cinayətləri ilə bağlıdır. Hazırda hər cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq tədbirləri, o cümlədən hadisə yerinə baxış keçirilir, dəymiş zərərin müəyyənləşdirilməsi üçün müva­fiq ekspertizalar, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunur. Həmçinin zərərin məbləğinin dəqiqləşdirilməsi üçün müvafiq komissi­yalar da yaradılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri sonda xüsusi vur­ğulayıb ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən mümkün olan bütün tədbirlər görülür, təqsirkar şəxslərin həm mil­li, həm beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, məsuliyyətə cəlb edilmələri və sanksiyaların tətbiq olunması məqsədilə mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət ediləcək.

1 Noyabr 2020 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə