Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali Məhkəmə Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərin həlak olması və xəsarət alması ilə bağlı bəyanat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda qeyd olunub ki, Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 27-də və 28-də rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquq­la qadağan olunmuş kaset bombaların­dan istifadə etməklə fəal hərbi zona­dan təxminən 40 kilometr məsafədə yerləşən, sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endiriblər.

Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir fərq gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Dinc əhali arasında itkilərlə yanaşı, mülki infrast­ruktura da ciddi ziyan dəyib. Bərdədə mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən bu son hücumlar “Amnesty International”, “Human Rights Watch” və digər insan hüquqları təşkilatlarının yayımladığı he­sabatlarda ətraflı şəkildə sənədləşdirilib.

Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27- dən başlayaraq, Azərbaycana qarşı hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülüb, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində xüsusi mülkiyyət daxil olmaqla 3000-dən artıq mülki obyekt məhv edilib və ya zədələnib.

Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri bu günədək dinc əhaliyə öz ərazilərindən və işğal olunmuş Azərbaycan ərazilərindən atəş açmaqda davam edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və “könüllülər” adlandırdıqları, əslində isə muzdlu­lar olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.

Bu halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alı­naraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərərək məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına, silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə, Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağı tələb edib.

Azərbaycan hökuməti, öz növbəsində silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüqu­qun əsas prinsipinə həmişə əməl etdiyi­ni bildirib. Azərbaycan silahlı qüvvələri mülki əhaliyə hücumlara olan qada­ğaya riayət edilməsinə dair bağlılığını bir daha təsdiqləyərək, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirir.

Beynəlxalq səviyyədə tanınmış öz sərhədləri daxilində dövlət suverenli­yini bərpa etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində son həftələrdə Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

“Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşa­yış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xoca­lıda Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımını törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Biz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi ta­nıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılma­sını tələb edən BMT Təhlükəsizlik Şu­rasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev imzalayıb.

Ali Məhkəmənin bəyanatı dünya ölkələrinin, o cümlədən Avropa Şurası­nın üzv dövlətlərinin Ali Məhkəmələrinə göndərilib.

1 Noyabr 2020 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə