Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq auditoriyada Ermənistanın müharibə cinayətləri kəskin ittiham edilir

əvvəli http://xalqqazeti.com/az/news/61837

Fransanın “France 24” telekanalı və məşhur “Yahoo.com” saytında, guya, Xankəndi şəhərinin Azərbaycan Ordu­su tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub. Hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb. Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fo­tonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazla­rından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin başçısı Arye Qut bu barədə İsrailin Doqquzun­cu televiziya kanalının “Gün” analitik-in­formasiya proqramının birbaşa efirində bildirib:

– Yerevan real şəkildə yaddan çıxarır ki, Azərbaycanın indiki ordusu – ən güclü, ən müasir texnika və silah-sursat, şəxsi heyətin yüksək səviyyəli döyüş hazır­lığı, intizamı və döyüş ruhu deməkdir. Azərbaycan məsələni məntiqi sona, yəni öz ərazilərinin işğaldan tamamilə azad edilməsinə çatdırmaq niyyətindədir. Bu məsələdə heç bir yarımçıq variantlara baxılmır. Müasir müharibədə isə hərbi əməliyyatların daha qabaqcıl yüksək texnologiyalı vasitələrlə təchizatına malik olan tərəf qalib gəlir.

Müasir güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı yaxşı başa düşür ki, üçüncü ölkənin dəstəyi olmadan yox­sul və dilənçi Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq çoxdan tükənmişdi. Azərbaycan öz ərazilərinin azad edilməsi üzrə hərbi əks-hücuma davam edəcək, yoxsa danışıqlar masası arxasına əyləşəcək – bu, Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutmağa hazır olmasından asılıdır. Yere­van Azərbaycan ərazilərinin işğalından əl çəkmək barədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirməlidir.

Perunun nüfuzlu “ATV” tele­kanalında Azərbaycanın Meksi­kadakı səfiri Məmməd Talıbovun Ermənistan–Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib. Müsahibədə səfir Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonla birlikdə Peru da daxil olmaqla beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən ta­nınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş mü­vafiq qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini deyən diplomat, Ermənistanın bu sənədlərin tələblərinə məhəl qoymadı­ğını, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da qeyri-konstruktiv mövqe tutduğunu və işğal faktını gücləndirməyə çalışdığını qeyd edib.

Diplomatik təmsilçimiz Ermənistanın son 2 ildəki təxribat xarakterli addım­larının davamlı olaraq 27 sentyabrdan etibarən ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdiyini, son bir ay ərzində mülki yaşayış məntəqələrini, o cümlədən Tərtər, Mingəçevir, Goranboy, Ağcabədi və sərhədyanı şəhərlərimizi hədəf alması, habelə üç dəfə razılaşdırıl­mış humanitar atəşkəs rejimini pozaraq Gəncə və son olaraq Bərdə şəhərinə etdiyi hücumlar nəticəsində çoxlu say­da mülki vətəndaşımızın, o cümlədən qadın və uşaqların həlak olduğu barədə məlumat verib. Bildirib ki, hazırda si­lahlı qüvvələrimiz mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalda olan ərazilərimizi azad etmək və BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə nail ol­maq üçün gərəkli əks-əməliyyat tədbirləri görür.

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov isə bu ölkənin tanınmış “RiT” telekanalına (Rede Internacional de Televisão) müsahibə verib. Diplo­mat müsahibəsində Ermənistanın sen-tyabr ayından başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlardan danışıb. Bildirilib ki, 30 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə dair bütün təklifləri rədd edərək, yeni müharibənin başlanması üçün təxribatlara əl atıb. Azərbaycanın torpaqlarının azadlığı uğrunda apar­dığı mübarizənin beynəlxalq qanun­vericiliyin norma və prinsiplərinə söykəndiyini deyən səfir Poluxov bunun əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və təşkilatın əsasnaməsinin dayandığını söyləyib.

Bu müharibənin dini əsaslarının olub-olmaması ilə bağlı suala cavab verən E.Poluxov təcavüzün sırf işğalçılıq və ərazi iddiaları məqsədi güddüyünü vurğu­layıb, Azərbaycanda çoxsaylı millətlərin və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığını, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanıldığını bildirib.

Braziliyanın münaqişə ilə bağlı mövqeyinə gəldikdə, vurğulanıb ki, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ermənistan rəhbərliyinin mülki əhalini daim hədəfə aldığını söyləyən səfir bunun dünya ictimaiyyətinin göz qarşısında baş verdiyini vurğulayaraq, beynəlxalq aləmi münaqişəyə biganə qalmamağa çağırıb.

Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova bu ölkənin ingilisdilli “ANews” televiziyasına və “Wnet” radiosuna müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, bununla əlaqədar Katovitsedə yaşanan insidentdən danışıb. Azərbaycan Evinin rəhbəri qeyd edib ki, sentyabrın 27-dən işğalçı Ermənistanın bütün cəbhəboyu ölkəmizə qarşı genişmiqyaslı hücum etməsinə, təmas xəttindən uzaqda yerləşən mülki infrastrukturu ağır artil­leriya atəşinə tutmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib və 27 il işğal altında qalan torpaqlarımızı azad etməyə başlayıb.

Soydaşımız xatırladıb ki, oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında əldə olunan humanitar atəşkəs Ermənistan tərəfindən 3 dəfə kobud şəkildə pozulub. Cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin ya­şayış massivinə raket zərbələri endirilib və mülki şəxslərə qarşı amansız terror aktları həyata keçirilib. Nəticədə 25 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Onların arasında uşaqlar, yeniyetmələr və hər iki valideynini itirən körpələr var: “Dün­ya ictimaiyyətini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməsi, beynəlxalq hüquq normalarına uyğun davranması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırırıq”.

Ermənistanın Bərdəyə kaset­li raketlərlə hücum etdiyini bir sıra beynəlxalq humanitar qurumlar da təsdiqləyib. Bu barədə müxtəlif media vasitələrində yayılan xəbərlərdə geniş bəhs olunub. Demokratiya və İqtisa­di İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonla­rının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

GUAM-ın “Twitter” səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb. Bəyanatda deyilir: “Ermənistanın ok-tyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc in­sanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insan­lar da var. Eyni zamanda, çox sayda mülki obyekt dağıdılıb. Ermənistanın dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik. Beynəlxalq ictimaiyyət səmərəli mexanizmdən istifadə edərək Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri törətməsinin qar­şısını almalıdır”.

Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qa­dağan olunmuş kasetli raketlərlə zərbələr endirdi­yini “Human Rights Watch” təşkilatı da təsdiqləyib.

Təşkilatın yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilo­metr məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları atıb. Hücum nəticəsində ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. “Human Rights Watch” kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib.

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb. Hesabatın əvvəlində Ermənistan–Azərbaycan münaqişəsi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan–Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyondan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və humanitar problemlər yaradıb.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şura­sı Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edil­miş ərazilərdən dərhal çıxarılması tələb olunur.

Hesabatda bildirilir ki, bu il sentyab­rın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiq­yaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri ağır artilleriyadan, raket sistemlərindən və qa­dağan olunmuş silahlardan atəşə tuturlar.

“Amnesty International” təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatın bu barədə yaydı­ğı açıqlamada deyilir ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, nəticədə ən azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Qeyd olunur ki, “Amnesty International”ın böhrana cavab mütəxəssisləri şəkillərə əsasən şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər. Vurğulanır ki, kasetli sursat­lardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humani­tar hüquqa əsasən qadağan olunmuşdur.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

1 Noyabr 2020 00:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə