Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan kütləvi iğtişaşlar ərəfəsindədir

Ermənistanda iqtisadi-siyasi vəziyyət getdikcə gərginləşir. Düşmən ölkə dərin böhran şəraitində yaşayır, siyasi qüvvələr arasında parçalanma sürətlənir. Tezliklə “Qarabağ klanı”nın Ermənistandan olan siyasi qüvvələrlə toqquşmasının başlayacağı gözlənilir.

Əslində, sülhə hazır olmayan həmin qüvvələr dərindən anlayılar ki, Paşinyan hakimiyyətdən getmək ərəfəsindədir. Yaxşı bilirlər o, hazırda müharibə cinayətləri ilə ölkəni siyasi-iqtisadi uçuruma yuvarlayır. Bu isə Ermənistanın gələcək mövcudluğunu sual qarşısına qoyur. Şübhəsiz ki, belə bir şəraitdə işğalçı respublikada hakimiyyət uğrunda mübarizənin getdikcə şiddətlənməsi təbiidir. Yəni Köçəryan bir, Sərkisyan digər, hazırkı baş nazir isə başqa bir istiqamətdən mübarizə aparır.

Cəbhədəki uğursuzluğa və güclənən pandemiyaya görə Ermənistan sonu görünməyən böhran ərəfəsindədir. Bu səbəbdən, ölkədə baş nazir Nikol Paşinyanın idarəçiliyinə qarşı etiraz dalğası getdikcə genişlənir. Bu etirazlarda istefa tələblərinin artması isə iqtidarın vəziyyətini xeyli ağırlaşdırır. Siyasi-ictimai şəraitin ağırlaşması Paşin­yanın acı sonluğunu– Ermənistanda hər an iqtidarın inqilabi yolla devrilməsini anbaan yaxınlaşdırır.

Paşinyan etirazları səngitmək üçün diqqəti müxtəlif istiqamətlərə yönəldir. Azərbaycan Ordusu qarşı­sındakı məğlubiyyəti cəmiyyətə heç cür izah edə bilməyən baş nazir struk­tur dəyişiklikləri ilə ictimaiyyətin diqqətini yayındırmağa cəhd göstərir. Belə ki, o, işdən qovulanların hər birini müharibə məğlubiyyətində günahlandırır. Ancaq bu müharibə onu göstərdi ki, faktiki olaraq işğalçı ölkədə döyüşlərin aparılmasını təşkil edəcək resurslar və orduda nizam-intizam yoxdur. Bir daha aydın oldu ki, işğalçı ordu döyüş qabiliyyətinə malik deyil.

Onu da qeyd edək ki, bu gün Ermənistanda vətəndaşlar artıq evlərindən hərbi komissarlıqlara silah gücünə aparılır. Çünki çoxsay­lı itkilərin fonunda sadə ermənilər görürlər ki, Qarabağa döyüşə getmək ölümdən başqa heç nə vəd etmir.

Bütün bunların nəticəsidir ki, Pa­şinyan Ermənistanın ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək cəbhəyə göndərib. Paşinyan bu addı­mı atmaqla həm də ordudan yayınan­lara qarşı tutarlı tədbirlər görməyən Ədliyyə Nazirliyinin rəhbərliyini cəzalandırmaq məqsədi güdüb. Amma bu da ordudan yayınmanın qarşısını almağa kömək etməyib.

Ermənistanın problemləri yalnız ordunun məğlubiyyəti, hərc-mərclik və pandemiyanın, habelə özbaşınalığın artması deyil. Sadə ermənilər, həm də gündən-günə ağırlaşan sosial-iqtisadi durumdan əziyyət çəkirlər. Hazırda işğalçı ölkədə ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artımlar müşahidə olunur ki, bu da sosial part­layışı qaçılmaz edir.

Ekspertlər tərəfidən ikinci Qarabağ müharibəsinin getdiyi vaxt ərzində Ermənistan iqtisadiyyatı­na ən azı 3,5 milyard ABŞ dolları həcmində ziyan dəydiyi, ümumi daxili məhsulun (ÜDM) 13,7 milyard, rəsmi rezerv aktivlərin 2,6 milyard ABŞ dolları təşkil edən bir ölkə üçün vurğulanan rəqəmin kifayət qədər yüksək göstərici olduğu bildirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin depar­tament rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biridir. İşğalçı dövlət müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyil. ÜDM-nin 2,3 faizini pandemi­ya ilə mübarizədə itirən Ermənistan beynəlxalq təşkilatların hesablamaları­na görə, qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu – 5,6 faiz, Beynəlxalq Val­yuta Fondunun proqnozu –7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaq.

Göründüyü kimi, büdcə gəlirlərinin aşağı düşməsinin, iqti­sadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olundu­ğu (13,7 faiz) Ermənistan iqtisadiyya­tı artıq çökmə ərəfəsini yaşayır.

Ayaz Müseyibovun sözlərinə əsasən, minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard ABŞ dolları həcmində ciddi hərbi sur­sat və texnika itkilərinə məruz qalan Ermənistan hazırda öz hərbi xərclərini 82 milyon ABŞ dolları həcmində artırmaq məcburiyyətindədir.

Analitik bildirir ki, bu gün Ermənistana “humanitar yardım” adı altında silah qaçaqmalçılığı həyata keçirilir: “İndiki halda müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək, işğalçı ordunun təminatı məqsədilə silah daşınmasına çalışan ölkənin bu baxımdan imkanları da elə yüksək gö­rünmür. Artıq Beynəlxalq Mülki Avia­siya Təşkilatı (İCAO) Ermənistana düşmən respublikanın qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçı­lığında istifadə olunması barədə də məlumatlandırılıb.

Bəli, İrəvana dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-ra­ket sistemləri və digər ağır texnika daşınması artıq sirr deyil. Aydındır ki, indiki şəraitdə ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsilə reallaşdırılan bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi də bəllidir.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə apa­rılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, inf­rastruktur və digər sahələri tamamilə üçüncü ölkələrdən asılı vəziyyətdədir. Ona görə də, erməni cəmiyyəti və vətəndaş cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsi ilə bu formada silah yardım­larının edilməsinə qarşı çıxmalıdır ki, ölkə geridə qalan cüzi müstəqilliyini də itirməsin”.

Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir. Bu res­publikanı borc vəsaitləri və infrastruk­tur investisiyaları ilə maliyyələşdirən bır sıra beynəlxalq təşkilatların ad­dımları əslində işğalçı ölkə tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə şəraitdə son dövrlər infrastruk­tur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qa­çaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi vurğulanır.

Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda möv­cud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafiki üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan Ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində işğal olunan ərazilərdə erməni terrorçu qüvvələri tərəfindən nar­kotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil edildiyi aşkara çıxarılıb. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınan təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etmək məqsədi daşıyıb.

Çirkli pulların yuyulması və nar­kotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks olunub.

V.BAYRAMOV, “Xalq qəzeti”

1 Noyabr 2020 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə