Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaman bizdən məsuliyyətimizi artırmağı tələb edir

Bilirik ki, indi dünyada 1 ilə yaxındır ki, koronavirus adlı qorxulu və dəhşətli bir pandemiya tüğyan etməkdədir. Bu gözəgörünməz düşmən sönməmək bilmir, əksinə, daha da alov­lanmaqda və Yer üzünü bürüməkdədir. Qorxuludur, ona görə ki, bu virusun xassələri indiyədək tibb elminə məlum deyildi. Çox xassələri indi ortaya çıxmaqdadır, müxtəlif fəsadlar törətmək qabiliyyətinə malikdir. Bir sözlə, bu virusun hələ ki, effektiv bir müalicə üsulu yoxdur. Həkimlər “suda boğulan saman çöpündən yapışar” misalındakı kimi, müalicə üsulu olaraq hər cür vasitələrə əl atırlar və əslində, müxtəlif üsulları sınaqdan keçirməyə məcbur qalırlar.

Bu virus gözəgörünməzdir, haradan və nə zaman gələcəyi məlum deyil və sürətlə yayılmaq – ildırım sürətilə yayılmaq qabiliyyətinə malikdir. Həm də, bu virusu yayan insanların özləridir, axı virusun ayağı yoxdur ki, gəzə bilsin. Onu bədənində gəzdirən, yetişdirən, çoxaldan, artıran və nəhayət hər tərəfə püskürən in­sanların özləridir. İnsan bədəni virusu yetişdirən və çoxaldan ən münbit fab­rikdir, sexdir, emalatxanadır. Virusun kütləsi o qədər cüzidir ki, 1 qramlıq maddədə praktiki olaraq sonsuz sayda virus əmələ gəlir. Xəstə insanın bədəninin virus fabrikinə çevrilməsi üçün iki həftəyə qədər inkubasiya dövrü lazımdır. Bundan sonra insan, nə qədər ki, xəstədir, özündən asılı olmadan, ətrafına ara vermədən hər saniyədə milyardlarla virus püskürür. Bununla da xəstə insan ətraf üçün, ətrafdakı insanlar üçün qorxulu virus mənbəyinə çevrilmiş olur. Xəstə in­sanlar gəzib-dolaşdıqca, daha geniş ərazilərə virus ötürməyə başlayırlar, həm də çox gəzdikcə çox virus ya­yırlar və ətrafdakı insanları, əşyaları yoluxdururlar.

Fizikada çox vaxt ideal hal ilə müqayisələr aparırlar. İndi belə bir ideal vəziyyət təsəvvür edək: hamı dayanıb, hərəkət etmir, onda vi­rusun yayılması dərhal dayanardı və bəşəriyyət tez bir zamanda bu pandemiyadan yaxa qurtarmış olardı. Əksinə, insanlar sonsuz sürətlə (fizika dilində - işıq sürətilə) hərəkət etmis olsaydılar, onda virus Yer üzünə ani yayılardı və Yer kürəsinin bütün əhalisi ani olaraq virusa yoluxardı. Əlbəttə ki, bu, arzuolunmaz haldır, çünki Yer üzündə həyatın özünün varlığını şübhə altında qoyardı.

Bütün dünya virusoloqları, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı, ziyalılarımız, həkimlərimiz, TV işçiləri 1 ilə yaxındır ki, ara vermədən hər gün insanlara elan edirlər ki, bu virusdan qorunmağın indiki üsulu, hələ ki, yeganə sa­yılan üsulu 3 sadə qaydaya əməl etməkdən ibarətdir. Hamı bu qaydala­rı əzbər bilir:

Maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək!

Lakin yuxarıdakı müqayisədən belə çıxır ki, virusdan qorunmağın başqa bir sadə üsulu (qaydası) da var:

Hərəkət etməmək və ya az hərəkət etmək. Bu üsul “Evdə qal” adlanır.

Bu qaydaları birlikdə karantin qaydaları adlandıraq.

Ancaq nədənsə, hələ də insan­larımızın çoxu (təəcüblü dərəcədə qəribədir ki, onların arasında hər yaş­da olan hər peşə sahibi var: həkim, müəllim, fəlsəfə doktoru və s.) bu qaydalara ya heç əməl etmirlər, ya da yarımçıq əməl edirlər. Bunu hamı­mız gündəlik həyatımızda hər yerdə: küçələrdə, yollarda, həyətlərdə, nəqliyyatda, marketlərdə, parklarda, iş yerlərində və s. müşahidə edirik. Bu insanlar niyə belədirlər? Bunun səbəbini izah etmək istəmirik. Yalnız onu qeyd edək ki, karantin qayda­larına yarımçıq əməl etmək və heç əməl etməmək sonda eyni nəticəyə – xəstəliyin sürətlə yayılmasına səbəb olur.

Beləliklə, karantin qaydalarına əməl edib-etməməyindən asılı olaraq insanlarımız avtomatik 2 qrupa bö­lünür: məsuliyyətli və məsuliyyətsiz insanlar. Bu, insanlar arasındakı birliyi pozmaq deməkdir.

Hörmətli Prezidentimiz İlham Əliyevin dediyi sözləri cəmiyyətimiz üçün, cəmiyyətimizin hər işdə hər zaman qalib olması üçün, birliyimiz,həmrəyliyimiz üçün çox va­cib olan sözlərini burada təkrar etmək istəyirəm: Biz birlikdə güclüyük!

Məsuliyyətli insan olmaq cox sadədir, burada karantin qaydala­rına əməl etmək kifayətdir. Əgər cəmiyyətdə qaydaları, harada olursa-olsun, nə vaxt olursa-olsun pozan insanlar varsa, onlar həmişə cəmiyyətimiz üçün problemlər ya­radacaqlar. Qaydalara əməl etmək gündəlik zərurətə, həyat tərzimizə çevrilməlidir. Pandemiyanın bir ilə yaxın gedişi göstərir ki, COVID-19 özbaşına çəkilib getməyəcək və bizimlə bərabər yaşayacaq. Ondan həmişə qorunmalı olacağıq. Vaksin yaradılsa, problem öz həllini tapmış olacaq. Yəqin ki, bunun üçün bun­dan sonra, ən azı, 3-5 ay vaxt tələb olunacaq. Ona görə, vaksin tapıla­na qədər qaydalara əməl etməklə özümüzü, həm də təkcə özümüzü yox, cəmiyyətimizi qorumalıyıq. İş ondadır ki, COVID-19 fərdi xəstəlik deyil, kollektiv xəstəlikdir və hətta tam şəkildə deyə bilərik ki, kütləvi xəstəlikdir. Bir adamın xəstələnməyi kifayətdir ki, etinasızlıq etdikdə, bütün cəmiyyəti xəstələndirsin. Məhz buna görədir ki, dövlətimiz müxtəlif karantin tədbirlərini görür və insan­ları maarifləndirmək üçün bütün vasitələrlə davranış qaydalarını təbliğ edir.

Polislərimiz də bu işə qarışmış­lar, başqa işlərini buraxıb insanları maarifləndirməklə məşğuldurlar. Hələ Hippokrat andı içmiş həkimlərimizi demirik. Onlar kip skafandrın içində gecə-gündüz, fasiləsiz, istirahətsiz, yaxınlarından uzaqda, ölkəmizin hər yerində – ön cəbhədə və arxa cəbhədə çalışmaqdadırlar. Xəstələrin sayı artıqca onların yuxusuz gecələrinin sayı da artır. Onların vəziyyətini düşünün. Bu xəstəliyin ya­yılmaması üçün, xəstələrin müalicəsi üçün dövlətimiz nə qədər iş görür, vəsait ayırır və enerji-qüvvə sərf edir! Bunları qiymətləndirmək lazımdır.

Hər kəs nəticə çıxarıb özünü qorumalıdır. Əslində, qaydalara əməl etməklə, insan təkcə özünü yox, ətrafdakı yüzlərlə insanı qorumuş olur və qorumağa da borcludur. Gərək in­san eqoist olmasın ki, qaydalara əməl etsin, ətrafdakıları və ətrafı qorusun. Hər kəs qaydalara əməl etmirsə, o, başqalarının vacib hüququnu, sağlam olmaq hüququnu pozmuş olur. “Təkcə mənə yaxşı olsun, başqaları məni maraqlandırmır”,– deyə düşünmək insana yaraşan sifət deyil.

İndi biz, bizə hücum etmiş, torpaqlarımızı işğal etmiş, zaman-zaman vətəndaşlarımızı qırmış, insanlarımıza insanlığa zidd olan, tükürpədici işgəncələr vermiş, mənfur, işğalçı, insanlığa qarşı yönəlmiş hərəkətləri ilə bəşəriyyətə ləkə olan dağıdıcı, yırtıcı, amansız bir duşmənin vəhşiliklərinin qarşısını almağa məcbur olmuşuq. Bunlar ön cəbhədə baş verir.

Bəs biz, arxa cəbhədəkilər nə etməliyik!? İş ondadır ki, virusa yolu­xan insanlaın sayı sürətlə artmaqda­dır. İqlim şəraiti də buna təkan verir. Özü də bu say aysberqin görünən hissəsidir. Görünməyən hissə, yəqin ki, bundan xeyli çoxdur. Amma yenə də hər şey hər bir cəmiyyətdəki in­sanların məsuliyyətindən çox asılıdır. Yoluxma sayının artması o deməkdir ki, məsuliyyətsiz insanlarımızın sayı, qaydalara əməl etməyən insanları­mızın sayı, qaydalara əməl edənlərə də istehza ilə yanaşan insanları­mızın sayı hələ də xeyli çoxdur. Arxa cəbhədəki vəziyyət, sakitlik, əmin-amanlıq, biz insanlardan, hər birimizdən asılıdır. Biz gərək arxa cəbhəni qoruyaq ki, ön cəbhədəkilər rahat öz vəzifələrini, işlərini tam yerinə yetirsinlər. Hamımız əl-ələ verib, məsuliyyətsiz insanlarımıza dönə-dönə izah etməliyik ki, karantin qaydalarına əməl etsinlər, mütləq əməl etsinlər. İkinci cəbhəni – arxa cəbhəni qorumalıyıq.

Vəziyyəti mürəkkəbləşdirməyək, böhran vəziyyəti yaratmayaq! Bu nə deməkdir? Hamı nə vaxtsa az-çox fizikanı öyrənib. Fizika təbiətin ən ümumi qanunlarını öyrənir. Təbiətdə hər şey, bütün canlılar və cansızlar fizikanın qanunlarına tabedir. Fizika göstərir ki, hər bir sistemi xarakterizə edən parametrlər (kəmiyyətlər) var və həm də hər bir sistemin öz tarazlıq şərtləri var. Cəmiyyət də bir sis­temdir. Parametrlərin qiyməti xarici təsirlərdən asılı olaraq dəyişə bilər. Bu qiymətlər müəyyən həddi aşanda sistemdə tarazlıq pozular və sistem dayanıqsız hala keçə bilər. Məsələn, dənizdə dalğa çox güclü olsa, qayıq aşa bilər. Körpünün üstündə yük çox olsa, o dağıla bilər və s. Bu, o deməkdir ki, eyni zamanda, COVID -19-a yoluxma sayı cox olmamalıdır. Çünki acınacaqlı vəziyyət – böh­ran vəziyyəti yarana bilər. Həkim problemi, çarpayı problemi yara­na bilər. Amma yoluxmaların sayı artmaqdadır. Çünki küçədə, parkda insanların 90-95 faizi, marketlərdə və nəqliyyatda 30-40 faizi maska taxmır və məsafəni gözləmir. İş yerlərində də qaydaları pozanlar çoxdur. Aparılan təbliğatlar isə insanlara sanki təsir etmir. Belə olan halda yalnız bir məcburi yol qalır: 1) karantin qayda­ları sərtləşdirilsin, 2) hətta cərimələr tətbiq olunsun 3) lazım gəldikdə həbs tədbiri həyata keçirilsin.

Gündəlik yoluxma sayı 1000-i ötüb. Bu, kifayət qədər böyük rəqəmdir. Onu da deyək ki, pandemiyanın əvvəlindən bu günədək virus bir neçə dəfə mutasiyaya uğramış və daha təhlükəli olmuşdur. Gəlin hamimiz bir olaq, məsuliyyətli olaq. Məsuliyyətli olaq ki, güclü olaq! Vəziyyət çox gərgin olmamış, məsuliyyətsiz insan­lara çağırış elan edək və onları, hamı­nı bu sadə qaydalara əməl etməyə çağıraq, bununla da ön cəbhəyə köməyimizi göstərək.

Zaman bizdən məsuliyyətimizi qat-qat artırmağı tələb edir!

Şakir NAĞIYEV,
AMEA Fizika İnstitutunun “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor

1 Noyabr 2020 00:20 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə