Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Oğlun əsgər gedir bu gün, ay ana”

Görkəmli bəstəkarın hərbi-vətənpərvərlik mövzusunda əsərləri zamanla səsləşir

“Xalq qəzeti”nin 26 iyun 2008-ci il tarixli nömrəsində – Azərbaycan Silahlı Qüvvələri Günü – Xalq artisti Tofiq Bakıxano­vun şair Mustafa İsgəndərzadənin sözlərinə yazdığı “Oğlun əsgər gedir bu gün, ay ana” adlı mahnısının mətni və not yazısı veril­mişdi. Mahnının həm sözləri, həm də musiqisi məndə müsbət təəssürat yaratmışdı. Ona görə də elə o günlərdə həmin mahnı­nın ifasını eşitmək istəyirdim.

İş elə gətirdi ki, Tofiq Bakıxa­nov “Kapellhaus”da mərhum adaşı, görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr edilmiş möhtəşəm konsert proqramı təşkil etdi. Həmin tədbirdə Əməkdar artist Ramil Qa­sımov Tofiq müəllimin bu mahnısını elə bir peşəkarlıqla oxudu ki, zalda­kı alqışlar uzun müddət kəsilmədi. Tədbirdə çıxış edən Əməkdar jurnalist İttifaq Mirzəbəylinin bəstəkarın yeni mahnısı ilə bağlı dediyi fikirlər indi də qulağımda səslənir: “Tofiq müəllim, arzu edirik ki, bu mahnının qəhrəmanı – Azərbaycan əsgəri Şuşaya qədəm basanda da bir mahnı yazasınız!”

... Nə gözəl gündür, İlahi, bu gün Azərbaycan əsgəri Şuşanın bir addımlığındadır. Cəbhə xəbərlərini eşidəndə, istər-istəməz həmin mah­nının sətirləri, bəndləri, ritmi, təranəsi yadıma düşür:

Oğlun əsgər gedir bu gün, ay ana!

Dur tamaşa eylə onun boyuna!

Aslan balasıdır, sanki bu cavan

Qartal zəhmi yağır baxışlarından.

Baxışlarından qartal zəhmi yağan, aslan balası, aslan kimi qorxmaz Azərbaycan əsgəri müstəqilliyimizin elə ilk illərində də öz qüdrətini ortaya qoymaq istəyirdi. Ancaq o zaman əsgərimizi qələbələrə apara biləcək sərkərdə yox idi. Üstəlik, düşmənimiz də təkcə işğalçı Ermənistan deyildi. Məğlubiyyətlərimiz ard-arda gəlirdi. Tofiq Bakıxanov kimi yaradıcı ziyalı­larımız isə Azərbaycan əsgərinin ruh­dan düşməməsi üçün nə isə etmək istəyirdilər.

Bəstəkarın 1993-cü ilin yazında qələmə aldığı “Azərbaycan bayrağı” mahnısı da elə həmin məqsədlə ya­radılmışdı. “Bakı” qəzetinin 15 aprel 1993-cü il tarixli sayında oxuyuruq ki, Xalq artisti Tofiq Bakıxanovun Əzim İsmayılovun sözlərinə yazılmış “Azərbaycan bayrağı” mahnısı Dövlət Teleradio Verilişləri Şirkətinin solist və xor kollektivinin ifasında səslənir.

Xatırladaq ki, Tofiq Bakıxanovun yaradıcılığında hərbi-vətənpərvərlik mövzulu əsərlər kifayət qədərdir. O, qələmə aldığı “Humayun” sim­fonik muğamını Xocalı faciəsinin ildönümünə həsr etmişdir. Yazdığı “Azərbaycan” marşı və “Dönməz əsgərim” mahnısı musiqişünaslar tərəfindən böyük maraqla qarşılan­mışdır. “Qarabağ harayı”simfoniyası bəstəkarın 80 illik yubileyi çərçivəsində Dövlət Filarmoniyasında Böyük Simfonik Orkestrin ifasında (dirijor Xalq artist Rauf Absullayevdir) uğurla ifa olunmuşdur.

Bəstəkarın bu qəbildən olan əsərləri barədə söz açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “ To­fiq Bakıxanovun Vətəninə bağlılığı, Azərbaycana dərindən bələd olması mahnılarından görünür. Azərbaycanı tanımayanlar Tofiq Bakıxanovun Vətənimizi tərənnüm edən mahnılarını dinləyib ölkəmizi tanıya, sevə bilərlər. Onun simfonik orkestr üçün yazdığı “Həmişə bizimləsən” əsəri ümum­milli liderimizin unudulmaz xatirəsinə tükənməz məhəbbətin ifadəsidir”.

Bu gün Azərbaycan Ordusu on illər boyu düşmən tapdağında qalmış torpaqlarımızı qarış-qarış, kənd-kənd, rayon-rayon işğaldan azad edir. İşğaldan azad edilən bütün yaşayış məntəqələrimizdə “Azərbaycan bayrağı” qaldırılır. Elə bilirəm ki, həmin bayraqların hamısı görkəmli bəstəkarımızın vəsf etdiyi bayraqlardır. “Dönməz əsgərim”iz düşmənin üstünə “Azərbaycan” marşı ilə gedir, Silahlı Qüvvələrimiz düşmənə diz çökdürdükcə, ulu öndərimizin ruhuna müraciət edirik: “Sən həmişə bizimləsən!” İnanıram ki, bizim bəstəkarlarımız artıq “Qarabağ harayı” mövzulu deyil, “Qarabağ təntənəsi” adlı əsərlər yazacaqlar.

Nərgiz QULAMOVA, Bakı Musiqi Akademiyasının dissertantı, musiqişünas

1 Noyabr 2020 00:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə