Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin növbəti “Osa” zenit-raket kompleksi məhv edilib

Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” zenit-raket kompleksi bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya, Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”, - deyə məlumatda qeyd olunub.

Cəbhədə oktyabrın 31-nə olan son vəziyyət

Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordu­su bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatla­rında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub

Oktyabrın 31-də saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah-sursat yoxdur

Azərbaycan Ordusu tərəfindən guya, fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanma­sında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədini güdür”, - deyə məlumatda qeyd olunub.

Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib

Azərbaycan Ordusunun guya Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları apar­ması barədə bu ölkənin mətbuatının Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadla yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubad­lı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”, - deyə məlumatda qeyd olunub.

Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dağıntı və xəsarət alanlar yoxdur.

Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır

Ermənistan KİV-lərinin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır

İşğal altındakı Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının həmin ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinforma­siya yaymaqdır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Artıq oktyabrın 30-da Ermənistan tərəfi, guya, Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasın­da qadağan olunmuş heç bir döyüş sur­satı yoxdur”, – deyə məlumatda xüsusi vurğulanıb.

1 Noyabr 2020 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə