Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada görüşənədək!..

“Ermənilər Şuşada bizim teatrın yerində park salıblar. İşğaldan azad olunandan sonra hamılıqla birləşib Şuşada bir bina tikib, fəaliyyətimizi davam etdirəcəyik. Qarabağ Azərbaycanın mədəniyyət ocağı olub. Təəssüf ki, Qarabağın ermənilər tərəfindən işğal edilməsi nəticəsində mədəniyyət ocaqlarımız məhv edildi. İşğaldan sonra teatrların fəaliyyəti müxtəlif yerlərdə davam etdirilib”.

Bu sözləri Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov təəssüratlarını bizimlə bölüşərkən bildirdi. Dedi ki, oğlumu hərbi xidmətə yola salanda ürəyim dağa döndü. Hər kəs oğlunu fərəhlə, alqışlarla yola salırdı. Üç oğlum var, birini müharibəyə yola salmışam. Allah qoysa, tezliklə torpaqlarımız işğaldan azad olunar. Nəhayət ki, haqq-ədalət öz yerini tapar.

Yadigar müəllim onu da bil­dirdi ki, Azərbaycanın bütün te­atr kollektivləri ordumuza dəstək verir. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının 27 sentyabr təxribatı və Azərbaycan Ordusu­nun bütün cəbhə boyu əks- hücu­ma keçməsi ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir: “Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi, Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadar­larının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq”.

Həmsöhbətim dedi ki, bu il 147 illik tarixə malik Şuşa Teatrının son bərpasının 30 ili tamam olur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 1990-cı il tarixli qərarına əsasən, 25 may 1990-cı ildə Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teat­rının fəaliyyəti bərpa edildi. Eyni zamanda, bir-birinin ardınca Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Süley­man Ələsgərovun “Özümüz bilərik” musiqili komediyalarını, Eldar Baxışın “Uzun Həsən” tarixi dramını tamaşa­ya hazırlamağa müvəffəq olduq.

Lakin çox təəssüf ki, Şuşada teatrın rəsmi açılışını keçirmək, tamaşalar oynamaq hələ bizə qismət olmayıb. Şuşanın işğalı hər şeyi yarımçıq qoydu. Amma mədəniyyət beşiyi sayılan bir şəhərin düşməndən azad edilməsi üçün ən güclü silahın elə mədəni irsin qorunub saxlanılma­sı olduğunu dərk etdiyimizdən, biz doğma Şuşamızın mədəni həyatının canlı yadigarı olan teatrı dağılmağa qoymadıq. 1992-ci ildən bu vaxta kimi Şuşa Dövlət Musiqili Dram Teat­rı fəaliyyətini Bakı şəhərində davam etdirir. 1992-2005-ci illər ərzində Azərbaycan Dövlət Gənc Tamaşa­çılar Teatrının binasında tamaşalar hazırladıq. 2013-cü ildə “Savalan” kinoteatrı ləğv edilmiş, bina Şuşa Dövlət Musiqili Dram Teatrına verilmişdir. 2014-cü ildə isə binada əsaslı bərpa və təmir işləri aparıl­mışdır. 2018-ci ilin dekabr ayında Şuşa Dövlət Musiqili Dram Teatrı bu binada fəaliyyət göstərir.

1993-cü ildən bugünə qədər teatrın kollektivi Azərbaycan drama­turqları ilə yanaşı, xarici ölkə drama­turqlarının da əsərlərinə müraciət etmiş, müxtəlif beynəlxalq və yerli festivallarda uğurla çıxışlar edərək diplom və mükafatlarla təltif olun­muşdur. Hazırda teatrımızda 1 Xalq artisti, 5 Əməkdar artist, 1 Əməkdar mədəniyyət işçisi, 2 Prezident mü­kafatçısı fəaliyyət göstərir. 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Teatrın cari repertuarında 14 tamaşa, o cümlədən 4 uşaq tamaşası, 5 musiqili ədəbi-bədii kompozisiya və 2 konsert proqramı vardır ki, bunların da əksəriyyəti vətənpərvərlik mövzusun­dadır.

Teatrın direktoru bildirdi ki, Azərbaycan Respublikasının Preziden­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqının iradəsini ifadə edərək ordumuzun bütün cəbhə boyu hücuma keçməsi, ərazi bütövlüyümüzün təmin olunması haqqında verdiyi əmr, sadəcə bir tap­şırıq, bir göstəriş deyil. Tarixi həqiqətin, ədalətin, Azərbaycan xalqının, məcburi köçkünlərin hüquqlarının bərpa olun­masıdır.

Cəbhədən gələn hər bir sevindirici xəbər həsrət qaldığımız dədə–baba torpaqlarımıza qayıdacağımız günə az qaldığına inamımızı daha da artırır.

Cənab Prezidentin illərdir tor­paqlarımızın işğaldan azad edilməsi üçün atdığı addımları dəstəkləyən Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin hər bir üzvü də böyük qələbəmizə öz töhfəsini verməyə hazır olan Azərbaycan əsgəridir.

Bizi sevindirən bir də odur ki, cənab Prezident bildirib ki, Suşasız bizim işimiz yarımçıq olar! Biz tam əminliklə inanırıq ki, Azərbaycan Ordusunun başladığı bu zəfər yürüşü qələbə ilə nəticələnəcək.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ordumuza qələbə əzmi və ruh yüksəkliyi, cənab Prezi­dent başda olmaqla bütün xalqımıza qələbə sevinci yaşamağı arzulayırıq.

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

1 Noyabr 2020 00:09 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə