Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda növbəti parlament seçkiləri keçirilib

Dünən Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Ölkənin bütün seçki məntəqələri səhər saat 8.00-dan seçicilərin üzünə açılıb. Bu barədə məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniyaya istinadən “Novosti Qruziya” verib.

MSK sədri bildirib ki, ölkə üzrə 3657 seçki məntəqəsi fəaliyyət göstərib. Bundan əlavə, 38 xarici ölkədəki 52 seçki məntəqəsində də səsvermə baş tutub. Məntəqələrdə 3 milyon 526 min 23 seçici (onların 14 min 170-i xarici ölkələrdədir) öz seçimini edib.

Jvaniyanın sözlərinə görə, seçicilər 48-i siyasi partiya, 2-si seçki bloku olmaqla, 50 seçki subyekti arasında se­çim ediblər. Seçicilər bu siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs veriblər.

Qeyd edək ki, Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proporsional sistem üzrə seçilir. Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat isə majoritar qaydada seçilirdi. Siyasi parti­yalar üçün əvvəlki qanunda nəzərdə tu­tulmuş 5 faizlik hədd isə 1 faizə endirilib. Bu, o deməkdir ki, seçicilərin 1 faizinin dəstəyini almış partiya parlamentdə de­putat mandatı qazanacaq. Builki seçkilər ölkədə əsasən proporsional sistem üzrə keçirilmiş ilk parlament seçkiləridir.

Jvaniya bildirib ki, stasionar müalicə, karantin və özünütəcriddə olan 10 min 845 seçicinin daşınan seçki qutuları vasitəsilə səsvermədə iştirakı təmin olu­nub. Pandemiyaya baxmayaraq, seçki məntəqələrinə getməyin tam təhlükəsiz olduğunu qeyd edən MSK sədri deyib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məntəqələrdə bü­tün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Sədr əlavə edib ki, parlament seçkilərini çoxsaylı yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri izləyib. Səsvermə prosesinin işıqlandırılma­sı ilə 118 yerli və xarici KİV-in 5971 nümayəndəsi məşğul olub.

Xatırladaq ki, hakim “Gürcü arzu­su” partiyasının proporsional seçki siyahısında Gürcüstanda yaşayan 2 azərbaycanlının da adı var.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 23:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə