Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seulda “İkinci beynəlxalq şimal əməkdaşlıq forumu” keçirilib

Dünən Cənubi Koreya Respublikasının Prezidenti Mun Çje İnin təşəbbüsü ilə Seulda video formatında “İkinci beynəlxalq şimal əməkdaşlıq forumu” keçirilib. Tədbirdə Avrasiya məkanında yerləşən ölkələrin dövlət və hökumət başçıları məruzələrlə çıxış ediblər. Bu barədə Seuldakı rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, forumda Belarusdan Koreya yarımadasına qədər geniş coğrafi ərazidəki dövlətlərdə COVID-19 pandemiyası ilə birgə mübarizə yolları və region dövlətləri arasında ticari-iqtisadi əməkdaşlıq və s. aktual məsələlər geniş müzakirə olunub.

Cənubi Koreya Respublikasının Prezidenti Mun Çje bildirib ki, Avra­siya məkanında təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın gücləndirilməsi naminə “Yeni şimal siyasəti”nin həyata keçirilməsinə ehtiyac yaranıb. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi regionda sabitliyə, rifah və dayanıqlı inkişafa nail olmaqdır.

Siyasi təhlilçilər qeyd edirlər ki, Cənubi Koreya Respublikası öz ya­xın qonşuları ilə bərabər, Orta Asiya dövlətləri, eləcə də Rusiya, Ukrayna və Belarus ilə də hərtərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.

Tədbirdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Cənubi Koreya Respublikası Prezidentinin təşəbbüsünü dəstəklədiyini bildirib. Qeyd edib ki, son aylar dünyanı çənginə alan pandemiya ilə mübarizə beynəlxalq səviyyədə səylərin birləşdirilməsini tələb edir. Ş.Mirziyoyevin fikrincə, region ölkələrində yeni texnologiyaların tətbiqi və ölkələrarası nəqliyyat əlaqələrinin genişləndirilməsi çox vacibdir və bu sahədə əlavə investisiyaların cəlb olun­masına ehtiyac duyulur.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışında qeyd edib ki, onun ölkəsi yaxın və uzaq qonşu­larla əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Aşqabad hesab edir ki, “Yeni şimal siyasəti” təşəbbüsü, əslində, qədim Böyük İpək Yolunun bərpa olunmasına töhfə verə bilər.

Tədbirə qatılan digər ölkələrin rəsmiləri də Cənubi Koreya Respubli­kasının təşəbbüsünü dəstəklədiklərini bildiriblər.

M.HACIXANLI, “Xalq qəzeti”

31 Oktyabr 2020 23:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Dekabr 2020 | 19:57
BMT həyəcan təbili çalır
5 Dekabr 2020 | 19:51
Kvant interneti yaradılacaq

Köhnə versiyamızdan xəbərləri izlə