Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolumbiya telekanalında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb

Kolumbiyanın çoxmilyonlu izləyici auditoriyasına malik “Ultima Hora” internet televiziyasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə müsahibəsi efirə gedib.

Müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzü, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması barədə məlumat verib.

Bildirib ki, Ermənistanın bu günədək BMT-nin qətnamələrinə məhəl qoymaması ilə yanaşı, işğalçı dövlətin milliyətçi hökumətinin son iki il ərzində sərgilədiyi daha təcavüzkar hərbi-siyasi doktrina, N.Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” kimi açıqlamaları, iyulda dövlət sərhədinin Tovuz rayonu bölgəsində törədilmiş təxribat, bu qəbildən digər təxribatçı bəyanat və addımların davamı olaraq Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı növbəti təcavüzə cəhd edib.

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızın sıx məskunlaşmış ərazilərinə artilleriya və qadağan olunmuş döyüş başlıqları daşıyan ballistik raket zərbələri endirməsi nəticəsində 70-dən çox mülki vətəndaşımızın həlak olması, 300-dən çoxunun isə yaralanması barədə məlumat verən diplomat ayrı-ayrı vaxtlarda üç dəfə elan edilmiş humanitar atəşkəsi pozmaqla törədilən bu hücumların müharibə və insanlıq əleyhinə cinayətlər olduğunu, Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübuta yetirdiyini bildirib.

Ermənistanın münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədilə davamlı qaydada saxta xəbərlər yaydığını, hətta münaqişəni dini zəmində təqdim etməyə çalışdığını deyən səfir işğalçı dövlətin eyni məqsədlə münaqişə bölgəsindən aralıda yerləşən şəhərlərimizdən keçən və regionun inkişafında və Avropanın enerji təhlükəsizliyində vacib önəm daşıyan irimiqyaslı enerji və infrastruktur layihələrimizə də zərbələr endirməklə hədələdiyini vurğulayıb.

Azərbaycan Ordusunun hazırda mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və işğal altındakı əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri gördüyünü deyən M.Əhmədzadə ölkəmizin hər zaman danışıqlara hazır olduğunu, lakin N.Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” deyə bəyanat verməsi və dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri total müharibəyə səsləməsinin qarşı tərəfin dialoq tərəfdarı olmadığını göstərdiyini bildirib.

Sonda regionda davamlı sülhə başlıca təhdidin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalması olduğunu deyən təmsilçimiz, Ermənistanın BMT qətnamələrinə məhəl qoymamasının, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərinə hörmət etməməsinin bütün dünyada mənfi presedent yaranmasına səbəb ola biləcəyini söyləyib, bunun qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin işğalçı dövlətə təzyiq göstərməsi, ondan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməsini tələb etməsinin lazım olduğunu diqqətə çatdırıb.

31 Oktyabr 2020 12:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə