Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın atları da şahanədir

Qırat timsallı bu atların Şuşada Cıdır düzündə şahə qalxmasına az qalıb

Qarabağımız təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, atları ilə də dünyaya səs salıb. Qarabağ atları Asiya  və Qafqazda ən qədim at cinsi hesab edilir.  Bu atlar nəsli tükənmək təhlükəsi ilə üzləşsə də, 1948-ci ildə Ağdamda yaradılan “Qarabağ atçılıq zavodu” sayəsində yenidən artmağa başladılar. Zavodun məşqçisi Natiq Orucov mediaya  açıqlamasında Qarabağ atlarının fərqli xüsusiyyətlərindən danışıb:

   --Qəhrəmanlıq rəmzi olan Qarabağ atları cinsi bu gün də yetişdirilir. At məğrurluq, dözümlülük və əzəmət rəmzidir. Dünyada tanınan 260 at növündən fərqlənən Qarabağ  atları həm soyuq, həm də isti iqlimə tez uyğunlaşır, sürətinə görə xüsusi seçilir. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər yalı və quyruğunun tünd-şabalıdı rəngdə olması, özünün isə  parıldayan narıncı rəngə çalmasıdır.

   Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yerlər tutublar. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı at 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıb. “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını kürən rəngində boyamağa başlamışlar. Gözəl görünüşü ilə həmişə seçilən Qarabağ atlarını görüb, ona vurulmamaq mümkün deyil.

     Mən1983-cü ildən Ağdam atçılıq zavodunda məşqçi işləyirəm. Həm də ki, jokey kimi fəaliyyət göstərmişəm. 1993-cü ildə Ağdam işğal olunandan sonra Ağdam atçılıq təsərrüfatı Lənbərən qışlağı deyilən yerə köçürülüb. Hal hazırda bizim orada 300 başa yaxın Qarabağ atı bəslənilir. Qarabağ atlarının başqa cins atlardan fərqlənməyi əsas onun gözəlliyindədir. Qarabağ atları xarici görkəminə görə nazik ayaqlı, əzələli olur. Gün o gün olsun ki, torpaqlarımızın hamısı işğaldan azad olsun, Qarabağ atlarının belində Azərbaycan bayrağını o ərazilərdə dalğalandıraq.

    Çapar Rəşad isə açıqlamasında bildirib ki, atları sevməyi, onlara qulluq etməyi atasından öyrənib:

   --Mənim atam da atlarla məşğul olub. Mən də gözümü açandan Ağdamda Qarabağ atlarını görmüşəm. Bu atlarla çox yarışlara çıxmışıq və qalib olmuşuq. Yarışdan əvvəl gəlirəm atımın yanına, təmizləyirəm, tumarlayıram onu, onun yanında oluram, onunla söhbət edirəm. Hətta ona yarışdan qabaq alma və kök yedizdiririk. Amma yarış günü heç nə yedizdirmirik. Su da vermirik ki, biraz yüngül olsun. Qarabağ atını ram etmək üçün ən azı bir ay vaxt lazımdır ki, onu tam əhəlləşdirəsən” deyə çapar bildirib.

 

Ağdamın “Qarabağ” futbol klubunun loqosunda da təsvir olunub Qarabağ atları. Qarabağın atları da şahanədir. Qırat timsallı bu atların Şuşada Cıdır düzündə şahə qalxmasına az qalıb. Qarabağın özü kimi yalnız bizim olan, dünyaya səs salan Qarabag atları!

Hazırladı: R.TAHİR,

“Xalq qəzeti”

31 Oktyabr 2020 11:21 - MÜSAHİBƏ
MÜSAHİBƏ
31 Oktyabr 2020 | 11:21
Qarabağın atları da şahanədir

Köhnə versiyamızdan xəbərləri izlə