Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada yeni koronavirus növü yayılıb

Avropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uxan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır. Yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb. Beynəlxalq alimlər qrupu bununla bağlı apardığı tədqiqatların nəticələri “medrxiv” portalında dərc edliib.

    Həmin materialda nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir. İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmağa səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.

    Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada görünməmiş bir sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır. Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb: “20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”. 

   Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin “riskli davranışı” səbəb olub. ÜST-nin məlumatına görə, dünyada 43,7 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 1,16 milyondan çox insan isə həyatını itirib. Con Hopkins Universitetinin hesablamalarına görə, koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstərici Amerika Birləşmiş Ştatlarında, daha sonra isə Hindistan və Braziliyada qeydə alınıb.

R.TAHİR,

“Xalq qəzeti”

31 Oktyabr 2020 13:54 -

Köhnə versiyamızdan xəbərləri izlə