Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya sahəsində düşməni məğlub edir

Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 Bir aydan artıqdır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Rəşadətli ordumuz artıq düşməni diz çökdürüb. Torpaqlarımızın azadlığı uğrunda – bu şərəfli yolda hər bir soydaşımız canından keçməyə hazırdır. Sentyabrın 27- dən indiyədək müzəffər ordumuz 170-dən artıq yaşayış məntəqəsini düşməndən azad edib. 27 ildən sonra həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Ordumuz döyüş meydanında tarixi ədaləti, ərazi bütövlüyümüzü təmin edir. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb.

BMT Təhlükəsizlik Şurasının və ATƏT-in icra olunmayan qətnamələri və baza prinsipləri...

Nəhayət, Ermənistanın ərköyünlüyünə, istədiyi vaxt sərhədboyu ərazilərdə təxribatlar törətməsinə, işğalçı ordusu haqqında mif yaratmasına son qoyulur. 30 ilə yaxındır ki, beynəlxalq təşkilatların öhdəsindən gələ bilmədiyi bu missiya Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı və ordumuzun rəşadəti sayəsində artıq icra olunur. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin – ABŞ, Fransa və Rusiyanın prezidentləri mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı dəfələrlə bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. Təəssüf ki, bütün bunlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə kimi hələ də kağız üzərində qalırdı.

Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması demək idi. Təəssüf ki, beynəlxalq təşkilatlar bu istiqamətdə irəliyə qədər bir addım da olsun atmadılar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və digər 7 rayon 27 ildən artıqdır ki, işğal altında idi. Artıq baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib. Çünki müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə həmin rayonlardan dördünü işğaldan azad edib.

Baza prinsipləri deyəndə, yenilənmiş Madrid prinsipləri nəzərdə tutulurdu. Bu prinsiplər 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvill şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əksini tapmışdı. 2010- cu ilin iyununda Kanadada (Muskok) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkələrin liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskok bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub. Təəssüf ki, bütün bunlar hələ də kağız üzərində qalıb.

BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan dörd qətnaməyə əməl etmədiyinə görə, Ermənistana sanksiyalar da tətbiq olunmadı. Ölkəmiz uzun illərdir ki, ikili standartlar siyasəti ilə üzləşir. Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Azərbaycana gəldikdə isə bu qətnamələr 27 ildir ki, kağız üzərində qalır. Təəssüf ki, həm BMT TŞ, həm ATƏT, eləcə də digər beynəlxalq təşkilatlar, sanki, dərk etmək istəmirlər ki, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə və iqtisadi inkişafına xidmət edəcək. Həm BMT TŞ-nın, həm də ATƏT-in icra olunmayan qətnamə və baza prinsipləri artıq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında icra olunur.

Dövlətimizin başçısı Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində də baza prinsiplərinin bu gün nə dərəcədə aktual olmasına münasibət bildirərkən dedi ki, birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə, əlbəttə, indi bu, artıq aktual deyil: “Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi. Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq”.

Prezident deyib ki, əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq: “Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa, ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır”.

Dünyanın 50 ən güclü ordusundan biri

Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatları hərbçilərimizin peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi (dronlar və müasir texnologiyalarla) bir daha təsdiqlədi ki, ordumuz dünyanın 50 ən güclü ordusu arasındadır. Təbii ki, əldə edilmiş uğurların əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasəti dayanır. Sentyabrın 27- dən başlayaraq xalqımız hər gün cəbhədən qələbə soraqlı xəbərlər eşitməyə vərdiş edib. Hər gün qulağımız səsdə, nəzərlərimiz televiziya ekranlarındadır: “İndicə Prezident, Ali Baş Komandan İlham Əliyev düşməndən azad edilmiş yeni şəhərlərin, kəndlərin adlarını sadalayacaq”.

Dövlətimizin başçısı xalqa müraciətində də bu məsələyə münasibət bildirib: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.

Bu müddət ərzində müzəffər ordumuz müstəqillik tariximizin ən şanlı, unudulmaz səhifələrini yazır. Ermənistan ordusu darmadağın olduğunu açıq şəkildə hiss edir və çıxış yolunu silah-sursatını atıb qaçmaqda görür.

Şanlı ordumuz döyüş meydanında özünün üstünlüyünü bir daha sübut edir. Həm düşmənlərimiz , həm də dünya ictimaiyyəti bu üstünlüyü 2016 - cı ilin Aprel döyüşlərində görüb. Həmin vaxtdan başlayaraq, rəşadətli ordumuz Ermənistan ordusuna göz açmağa imkan vermir. Min hektarlarla əraziərimiz düşmən tapdağından təmizlənib. Son bir ay ərzində isə işğaldan azad olunan ərazilərimiz düşmənə göz dağıdır. Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyil. Həm peşəkarlıq, həm hərbi vətənpərvərlik, həm də döyüş qabiliyyəti, ən başlıcası ordumuzun texniki təchizatı bir çox cəhətdən uğurlarımıza zəmin yaradıb. Müzəffər ordumuz hər gün, hər saat irəliləyir. Otuz il dözdük, ermənilərin ərköyünlüyü, beynəlxalq hüquq normalarına hörmətsizliyi, sərhədboyu ərazilərdəki təxribatları, dinc əhalini qətlə yetirməsi, nəhayət, səbir kasamızı daşdırdı və... qarşılarında qüdrətli Azərbaycan Ordusunu gördülər.

Məhz ordumuzun gücü, qüdrəti qarşısında davam gətirə bilməyən Ermənistan qoşunları sentyabrın 27-dən bu günə qədər ciddi itki verib. Həmin itkiləri bir daha xatırladaq: 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Ermənistan 305 tankdan məhrum edilib. Piyadaların döyüş maşınından – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minatan məhv edilib, 45-i qənimət kimi götürülüb, 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS”, 4 Zenit-raket kompleksləri , “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib.

Bundan başqa, rəşadətli ordumuz düşmənin dəyəri milyonlarla ölçülən 6 “S-300” atıcı qurğusunu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator, 2 “Elbrus” əməliyyat taktiki raket kompleksləri , 1 “Toçka-U” məhv edib. Düşmənin 231 yük avtomobili , onlardan 20-si sursatı ilə sıradan çıxarılıb, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb. Ümumilikdə, düşmən 404 yük avtomobilindən məhrum edib. Bütün bunlar bir ay ərzində baş verib.

Haqq səsimiz eşidilir

Ermənistanın baş nazirinin bütün cəhdlərinə, kömək üçün dünyanın müxtəlif ölkələrinə yalvarıb-yaxarmasına baxmayaraq, səsinə səs verən olmadı. Prezident İlham Əliyevin diplomatik kamilliyi artıq öz işini görmüşdü. Paşinyana verilən cavablar da bunu təsdiqlədi: “Azərbaycan öz ərazisində vuruşur”, “Azərbaycanın ərazisi daimi olaraq bu vəziyyətdə qala bilməzdi”. Bütün bunlar Ermənistana, onun rəhbərinə işğalçı olduğunu xatırlatmaq idi. Paşinyanın işğal siyasətindən geri dönməyəcəyi və “münaqişənin diplomatik yolla həlli yoxdur” sərsəm açıqlamaları faşizm ideologiyasına sadiqliyinin təsdiqidir. Artıq dünyanın tanınmış siyasi xadimləri də bu qənaətdədir.

Sergey Markov, Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq:

– Küncə sıxılan Paşinyan indi də bu yola əl atır. Ola bilsin Paşinyan hazırkı siyasi vəziyyəti xilas edə bilmək üçün güzəştlərə razı olduğunu göstərməyə çalışır. Lakin düşünürəm ki, o, ciddi güzəştlərə hazır deyil. Çünki Azərbaycan indiki zəfərlərindən sonra yalnız erməni əsgərlərin Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə çıxarılması şərti ilə razılaşa bilər. Nikol Paşinyan isə bu şərti qəbul edə bilməz. Çünki o halda çevriliş olacağını yaxşı bilir. Sadəcə olaraq, yenə də, guya, “danışıqlar aparmağa razıdır” kimi görünəcək. Beləcə, vaxt keçəcək. O, sadəcə olaraq, danışıqları imitasiya edəcək. Paşinyanın beynəlxalq aləmdə yaratdığı imic onu daha çox qeyri-adekvat siyasətçi kimi qəbul etməyə əsas verir. Bəlkə də buna görə hər gün verdiyi bəyanatlar artıq beynəlxalq ekspertlər üçün əhəmiyyətini itirib.

Yevgeni Mixaylov, rusiyalı siyasi ekspert:

– Mən Ermənistan baş nazirinin növbəti açıqlamasını anlamaqda çətinlik çəkirəm. Hansı güzəştdən danışılır? Əgər söhbət Azərbaycanın öz torpaqlarından gedirsə, axı Ermənistanın kapitulyasiyası günün mövzusu deyil. Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Sadəcə olaraq, rəsmi Yerevan boynuna almalıdır ki, artıq uduzur və danışıqlar masasına oturmağa məcburdur. Artıq Rusiya da Paşinyanın qeyri- adi hərəkətlərindən cana doyub. Çünki o, tez-tez reallıqlarla ayaqlaşmayan açıqlamalar verir. Məncə, artıq onun heç bir fikrinə əhəmiyyət vermək lazım deyil.

Metyu Brayzə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri:

– Nikol Paşinyanın çıxışlarının heç biri diplomatiya qanunlarına uyğun deyil. Düşünürəm ki, o, çox qeyri- adekvat insandır və hərəkətləri ilə bağlı özünə hesabat vermir. O, çox yaxşı bilir ki, Ermənistan bu döyüşü uduzub. Buna baxmayaraq, tarixdə çox mübariz insan kimi qalmaq istəyir. Həm də bununla digər ölkələrin və beynəlxalq təşkilatların diqqətini cəlb etməyə çalışır. Guya, ermənilərin öz evləri uğrunda döyüşmələri barədə rəy formalaşdırmağa çalışır. Lakin heç kimə sirr deyil ki, hərbi əməliyyatlar gedən ərazilər Azərbaycana aiddir. Paşinyan “Qarabağsız Ermənistan yoxdur” deməklə özünə imic formalaşdırmaq istəyir. Halbuki, o, Ermənistana aid olmayan torpaqlardan danışır.

Belə faktlar onlarcadır. Son vaxtlar dövlət başçımız dünyanın aparıcı televiziya kanallarına, qəzetlərinə və agentliklərinə müsahibələrində də faktlara əsaslanan sərrast, dəqiq cavabları ilə bir daha həm Paşinyanın, həm də onun havadarlarının iç üzünü açdı. Artıq kimsənin Azərbaycanı qınamağa haqqı yoxdur. Dövlət başçımızın düşünülmüş diplomatik gedişləri ermənilərin, o cümlədən Paşinyanın bütün ümidlərini alt-üst etdi.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə