Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Məclisinin Sədri Pakistan Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb

Sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatının sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət etmişdi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycan Respubli­kasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Sahibə Qafarova məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyası­nın bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan parlamentinin belə bir qətnamə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışla­yıb.

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Pakistan İslam Respublikası ilə mövcud sıx əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Bildirilib ki, ölkələrimizin parlamentləri ara­sında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edəcəkdir. Pakis­tan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu mənada, 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı qardaş Pakistanın ortaya qoyduğu qətiyyətli mövqe xüsusi vurğulana bilər. Pakistan Milli As­sambleyasının qəbul etdiyi sonuncu qətnamə də Azərbaycan Respublika­sının erməni təcavüzünə qarşı həyata keçirdiyi və ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş əks-hücum əməliyyatına mühüm bir dəstəkdir.

“Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respubli­kasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə məktubda qeyd olunur.

31 Oktyabr 2020 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:42
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə