Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərb mediası Azərbaycana aşkar hərbi təcavüzü niyə görməzliyə vurur?

Əlində ov tüfəngi olan qoca bir kişi öz köhnə evinin qabağında dayanıb, çox qəddar düşməndən öz evini qoruyurmuş kimi qərarlı bir görkəm nümayiş etdirir. Sanki, onlara hücum edən işğalçı bir düşmən var və bu “çarəsiz” qoca da özünün son vəzifəsini yerinə yetirir, ailəsini qoruyur.

Bu görüntülər öz doğma yurduna təcavüz olunmuş birinin durumu deyil, 27 il öncə silah yolu ilə, beynəlxalq hüquqa zidd ələ keçirilmiş Azərbaycan torpaqlarında zorla məskunlaşmış işğalçı bir xalqın nümayəndəsinin bir sıra beynəlxalq media qurumlarında “məsum”, “yazıq”, “haqsızlığa məruz qalmış” kimi göstərilməsidir. Ermənipərəst ölkələrin həmin media vasitələri gecəyarısı yarım milyondan çox dinc əhalinin yaşadığı, cəbhə bölgəsindən xeyli uzaq Gəncə şəhərinə ballistik raketlər atılmasına, bütöv bir məhəllənin dağıdılmasına, uşaq, qadın, qocalar olmaqla 14 nəfərin dünyasını dəyişməsinə, 60-dək dinc sakinin yaralanmasına bilərəkdən ya yer ayırmır, ya da, sanki, həmin şəhəri döyüş bölgəsində yerləşirmiş kimi, Xankəndinin görüntüləri ilə yanaşı ötəri göstərir.

Bu azmış kimi, bir sıra beynəlxalq media kanalları Azərbaycan şəhəri Xankəndidə köhnə-uçuq binaları göstərərək, guya, Azərbaycanın bu şəhəri bombaladığını iddia edir, Paşinyandan müsahibə götürür, “romantik özünümüdafiə” səhnələri yaradırlar. Döyüşlər yenicə başlayanda bu media orqanları Azərbaycanın qarşısına müsəlman, Ermənistanın qarşısına isə xristian sözünü əlavə etdilər, Qarabağın işğaldan azad ediməsini dini bir savaş kimi qələmə verməyə çalışdılar. Daha sonra erməni tərəfinin ağılasığmaz ittihamlarını, Paşinyanın boş nağıllarını, münaqişəyə dair özlərinin alt şüurlarında yatan fikirləri doğru xəbər kimi tirajlamağa başladılar.

Başqa vaxtlarda bir-birinə qarşı xəbər yayımlayan, fərqli baxışları olan Qərb, Rusiya və hətta İran mediası ermənipərəst mövqedə birləşdi, haqsızlığı dəstəklədi. Onlar doğrunu görmədilər, yalan və özbaşınalığın yanında durdular. Azərbaycan Prezidenti İlham Əliyevin xarici mediaya müsahibələrində dönə-dönə söylədiyi kimi, bir dəfə də olsa araşdırmadılar ki, bu kasıb ermənilərə bahalı silah-sursatı kimlər və niyə bağışlayır? Azərbaycanın dinc əhalisini raket atəşinə tutan Ermənistanı kimlər dəstəkləyir? Bu savaş gedən torpaqlar kimə məxsusdur, bu torpaqların azərbaycanlı sakinləri indi haradadır? Beynəlxalq hüquq kimin tərəfindədir və bu problem 27 ildə niyə həll olunmayıb? Beləliklə, beynəlxalq informasiya məkanını yönləndirən Qərb mediası Azərbaycana aşkar təcavüzü niyə görmək və göstərmək istəmir?

Ondan başlayaq ki, Dağlıq Qarabağ problemi adı ilə dünyaya tanıdalan Ermənistanın Azərbaycana 30 ildən bəri davam edən hərbi təcavüzünə və ölkəmizin 20 faiz ərazisinin işğal edilməsinə sülh yolu ilə son qoyulmasını üzərlərinə götürmüş ATƏT-in Minsk qrupu dövlətlərinin istənilən güc nazirinin Ermənistan rəhbərliyinə ciddi bir təzyiqi ermənilərin işğal siyasətindən əl çəkməsinə səbəb ola bilərdi. Guya, müharibə əleyhdarı kimi görünən bu ölkələrin media qurumları isə ötən 30 ildə bir dəfə də olsa Minsk qrupu həmsədrlərindən soruşmadılar ki, niyə siz bu məsələni beynəlxalq hüquqa, BMT qətnamələrinə uyğun həll edə bilmədiniz?

Nəticədə, savaşın başlanması qaçılmaz oldu, insanlar ölür, qanlar axır. Əlbəttə, soruşmazlar, çünki həmin media orqanları bu münaqişəni ortaya çıxaran, qızışdıran, ermənilərə silah bağışlayan, problemi həll etmək istəməyən dövlətlərin xidmətində fəaliyyət göstərirlər, onların sifarişlərini yerinə yetirirlər.

Qərbdə azad medianın deyil, tək-tək azad jurnalistlərin olduğunu əvvəllər də bilirdik. Qarabağ həqiqətlərinə arxa çevirən, şərə, yalana meydan açan Qərb mediasının əsl simasını isə 30 ildir ki, hər gün görməkdəyik. Bu, əslində, elə də təəccüblü bir durum deyil. Dünya­nın aparıcı media qurumları imperialist dairələrin inhisarında olduğundan burada kimin haqlı, kimin haqsız olduğunu bu məkanı idarə edənlər müəyyən edirlər. İraqda 1 milyondan çox, Suriyada 2 mil­yona yaxın insanın qırılması, milyonların qaçqın düşməsi, Əfqanıstanın, Liviyanın bombalanması, dağıdılması, günahsız insanların qırılması elə bu “azad və de­mokratik” Qərb mediasının informasiya dəstəyi, “ağa qara” deməsi ilə mümkün olmuşdur.

Həmin ölkələrin mediasının yaydı­ğı xəbərlər idi başqa ölkənin ərazisinə müdaxiləyə, onların daxili işlərinə qarış­mağa “qanuni” bir don geyindirən. Bu media qurumları indi də bizim Türkiyə ilə birlikdə, guya, xristian azlığı qırdı­ğımızı, kilsələri bombaladığımızı iddia etməyə çalışır və bununla da ölkəmizə xarici müdaxiləyə zəmin yaratmaq istəyir. Amma onlar yanılırlar ki, Azərbaycan Ya­xın Şərq deyil və xalqımız da dini, etnik, irqi cəhətdən parçalanmış, hər an xarici müdaxiləyə açıq bir Şərq toplumu deyil. Biz öz içimizdə bir-birimizi tənqid etsək də, ölkəmizə olan xarici təhlükəyə qarşı yumruq kimi birləşirik, çünki eyni taleyi və maraqları paylaşan vahid xalqıq.

Əslində, bunlar bizə amansız bir gerçəyi anladır: müasir dövrdə beynəlxalq aləmdə aparıcı media və ictimai qurumların, hətta bəzi elm, mədəniyyət adamlarının əsas məqsədi gerçəyi üzə çıxarmaq, ədaləti müdafiə etmək, haqsızlığa məruz qalanı qoru­maq deyil, öz marağına uyğun olanı, özünə sərf edəni müxtəlif yollarla qəbul etdirməkdir. Bunu dünyaya hökm edən superdövlətlərdən gözləmək olardı, ancaq azad düşüncəni, ədaləti qorumalı olan media və ictimai qurumların yanlış möv­qeyi onların nüfuzunu heçə endirir.

Bu, müasir dövrün acı bir gerçəkliyidir. Bu gerçəklik yalan, saxta məlumat yayan, haqqın qarşısında, haq­sızın yanında olan, insanların ah-naləsini eşitməyən və gücü təmsil edən dairələrə xidmət göstərən Qərb mediasının yalanla zəhərlədiyi kütlələrin çaşdırıl­ması, aldadılması, həqiqətin önünə pərdə çəkilməsidir. Ancaq artıq supergüclərin öz istəklərini dünyaya diktə etməsi kimi, bu media orqanlarının yalan və riyakarlığa tribuna olması da aydın dərk olunur və başqa bir tələbatı ortaya qoyur.

Uzun illərdir ki, Avropada yaşayan biri kimi deyə bilərəm ki, dünyanın mərkəzi mediası kimi qələmə verilən bu orqanlar bir sıra çevrələr, elm adamları, sadə insanlar tərəfindən artıq qəbul olun­mur, onları “fakenews” yayan qurumlar olaraq görürlər. Hətta doğru bir xəbəri işıqlandırsalar belə o artıq əhali arasında şübhə doğurmağa başlayır. Sadəcə, biz bu media orqanlarına qarşı olan, onları beynəlxalq müdaxilələrdə günahkar bilən çevrələrin səsini eşidə bilmirik. Çünki bu çevrələr, elm adamları öz sözlərini həmin media qurumlarında deyil, alternativ informasiya vasitələrində deyə bilirlər.

Bu media orqanlarının ikiüzlülüyünü, yalan informasiya yaydıqlarını bəyan edən ictimai xadimləri, elm adamla­rını həmin qurumlar konspriloq kimi etibarsızlaşdırmağa çalışırlar. Odur ki, bizə təqdim edilən Qərb ədaləti heç də bu media orqanlarından, onların ikiüzlü rəftarından ibarət deyil. Unutmaq lazım deyil ki, bugünə qədər bəşəriyyətin nail olduğu ən ali hüquqlar, ən mütərəqqi ide­yalar, prinsiplər məhz Qərbdə, onun me­dia qurumlarında formalaşmışdır. Əlbəttə ki, bu media qurumlarının da öz trol kütlələri, xidmət etdiyi bir aiditoriyası var və bu qurumlar azad media olduğunu yalnız bu kütlələrə inandıra bilərlər.

Qısası, dünya mediası bu sına­ğı keçə bilmədi. Ona görə bu media orqanlarından, onların qidalandırdıqları kütlələrdən bizim üçün ədalət, haqlı mövqe gözləmək əbəsdir. Biz artıq heç bir problemimizdə dünya birliyinin ədalətli mövqeyini, bizə köməyini, bizi təcavüzdən və haqsızlıqdan xilas edə biləcəyini gözləməməliyik. Unutma­malıyıq ki, sabah başqa bir təcavüzə məruz qalsaq, bu media orqanları yenə haqsızlığa gözlərini yumacaq, bizə olan təcavüzü görməyəcək. Odur ki, biz artıq zəif olmamalı, dünyanın ədalətinə, köməyinə ümid bəsləməməliyik. Ədalət mövcuddur, ancaq ayaqları yoxdur, onu biz çiyinlərimizdə daşımalıyıq.

Asif MUSTAFAYEV, Köln Universiteti hüquq fakültəsinin doktorantı

31 Oktyabr 2020 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə