Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident dövlətin və xalqın prinsipial mövqeyini ifadə edir

“Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan hərbi birləşmələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Ölkəmizin mövqeyi beynəlxalq hüquqa əsaslanır və biz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edirik. Prezident İlham Əliyev bugünlərdə Fransanın “Figaro” qəzetinə və ABŞ-ın “Fox News” televiziyasına müsahibələrində də real həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dövlətimizin baş­çısı həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində, həm də oktyabrın 26-da Azərbaycan xalqına müraciətində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib. Cənab Prezidentin qeyd etdiyi kimi, biz ədalətin bərpa olunmasını, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiq­liyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substan­tiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb.

Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Bu yaxınlarda isə Ermənistanın baş naziri Paşinyanın “münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi bir daha qarşı tərəfin təcavüzkar xislətinin göstəricisidir.

Deputatın sözlərinə görə, dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında, vaxtilə iş­ğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haq­qı var. Ermənistan isə yenə də humanitar atəşkəs razılaşmasını pozur. Əgər belə davam edərsə, təbii ki, Azərbaycan düşmənə layiq olduğu yeri göstərməlidir.

Ermənistanın işğalçı dövlət olduğu­nu, müharibəni də məhz onun başladığı­nı bildirən S.Fətəliyeva deyib ki, bu faktı beynəlxalq birlik də yaxşı bilir: “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanun­suz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir çərçivəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar. Bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələblərinə susqunluq nümayiş etdirənlər indi, sadəcə, atəşkəs təklif edir. Əslində isə, müharibənin dayandırılması üçün sadə bir for­mula var. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır. Belə olarsa, daha atəşkəsin pozulmasına da ehti­yac olmayacaq. Çünki işğalçı qoşunlar torpaqla­rımızda olmayacaq və problem sülh yolu ilə həll olunacaq”.

S.Fətəliyeva Prezidentin müsahibələrinə istinadən qeyd etdi ki, sülh danışıqlarına başlamaq və atəşkəsə tam əməl etmək üçün Ermənistan işğal etdiyi torpaqlarımızdan çıxması haqda öhdəlik götürməlidir. Amma Ermənistan bunu demir. Eyni zamanda, bizi atəşkəsə və sülh danışıqlarının bərpasına çağıran Minsk qrupunun həmsədrləri Ermənistandan bunu tələb etmir. Görünən odur ki, onlar yenə də, sadəcə, atəşkəsin təmin olunması ilə münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına maraqlıdırlar. Həmçinin, Ermənistanın pulsuz silahla təmin olunması da açıq sual olaraq qalır. Cənab Prezi­dent haqlı olaraq sual edir ki, iflas vəziyyətində olan Ermənistan bu silahları hardan alır? Bizi atəşkəsə çağıranlar onu niyə silahlandırır? Bu su­allar cavabsız qalır. Əslində isə, hər şey aydındır. Ona görə də Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə