Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Silahlı Qüvvələri BMT qətnamələrini inamla gerçəkləşdirir

Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatıb. Silahlı Qüvvələrimiz 30 ildən bəri işğal altında qalan torpaqlarımız uğrunda müqəddəs savaş aparır. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan Ordusunun apardığı sülhəməcburetmə əməliyyatlarını bir nəfər kimi dəstəkləyir. Artıq tariximizin heç bir dönəmində rast gəlinməyən möhtəşəm ümumxalq həmrəyliyini müşahidə edirik və bundan sonsuz qürur duyuruq. Belə bir vaxtda təkcə ölkəmizdə deyil, dünyada yaşayan bütün azərbaycanlıların ürəyi birgə döyünür, hər günümüz Qələbə müjdələri ilə şərəflənir. Mən də həyatımda indiyədək bundan böyük xoşbəxtlik yaşadığımı xatırlamıram.

Müasir müharibələrdə cəbhə xətti təkcə döyüş bölgələrindən keçmir. Diplomatik cəbhədə, informasiya cəbhəsində və eləcə də arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi son­da qələbəni şərtləndirir. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərir və uğurlar qazanır. Dövlətimizin başçısı Ali Baş Ko­mandan kimi hərbi əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə birbaşa özü rəhbərlik edir. Bu istiqamətdə qazanılan uğurlarımız möhtəşəmdir-- qısa müddətdə ikiyüzədək yaşayış məntəqəmiz düşmən işğalından azad edilib.

Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və dünya­nın aparıcı ölkələrinin liderləri ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinə, nəticə etibarilə aparılan hərbi əməliyyatlara dünya birliyində təmkinli münasibətin formalaşdırılmasına nail olur. Bü­tün bunlarla yanaşı, dövlətimizin başçısı hər gün dünyanın aparıcı media orqanlarına müsahibələr verməyə də vaxt tapır, beynəlxalq miqyasda ölkəmizin apardığı xilaskarlıq mübarizəsinə dəstək qazandırır, düşmənlərimizin ölkəmizə qarşı formalaşdırmağa çalışdığı qərəzli informasiya mühi­tini darmadağın edir.

Arxa cəbhədə də iqtisadi, sosial məsələlərin həlli diqqətdən kənarda qalmır, planlaşdırılmış bütün iqtisadi-sosial layihələrin həyata keçirilməsi davam edir. Bütün bu fəaliyyətlərin eyni vaxtda idarə edilməsi dərin zəka, möhkəm iradə, mükəmməl təşkilatçılıq, xüsusi diplomatik məharət və yenilməz sərkərdəlik qabiliyyəti tələb edir. Bu müstəsna qabiliyyətləri özündə ali səviyyədə birləşdirən Prezident İlham Əliyev bu gün Azərbaycanın heç vaxt unudulmayacaq yeni tarixini yazır. Bütün bunlara görə hamımız dövlətimizlə və Prezidentimizlə fəxr edirik.

Bütün dünya bilir ki, Azərbaycanın işğal olun­muş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 ildir ki, vasitəçilik edən həmsədr dövlətlərin qətiyyətsizliyi səbəbindən icra edilməyib. Azərbaycan apardığı əks-hücum əməliyyatları ilə artıq bu qətnamələrin tələblərinin bir hissəsini yerinə yetirib, digərlərinin icra ediləcəyi gün də uzaqda deyil. Azərbaycan bununla həm də Ermənistanın məhəl qoymadığı beynəlxalq hüququn nüfuzunu quruyur.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunanda sevinirdik. Düşünürdük ki, bu qətnamələrin qəbulundan sonra torpaqları­mız tezliklə azad olunacaq və müharibəyə də birdəfəlik son qoyulacaq. Lakin təəssüf ki, belə olmadı. Beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toq­quşan maraqları və sadalaya biləcəyimiz digər səbəblərdən bu qətnamələrin tələbləri yerinə yetirilmədi. Böyük ümidlər bəslədiyimiz ATƏT-in Minsk qrupu da bu illər ərzində münaqişəni həll etməli olan qurumdan onu dondur­mağa və həllini uzatmağa çalışan amorf bir təsisata çevrildi.

Nəhayət, vəziyyəti yalnız Azərbaycan özü dəyişdi. Hüqu­qi nöqteyi-nəzərdən, əslində, hazırda Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamənin həyata keçirilməsini təmin edir. Bu qətnamələrin yerinə yetirilməsi ilə Azərbaycan torpaq­larının işğalına son qoyulacaq, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız yenidən doğma torpaqlarına qovuşacaq. Bu, həm xalqımızın qarşısında ədalətin bərqərar olunmasına gətirib çıxaracaq, həm də dünyada sülhün və sabitliyin təmin olun­masına Azərbaycan dövlətinin ən böyük töhfəsi olacaq.

Azərbaycan münaqişənin hərbi yolla həllini həyata keçirməyə başlayandan sonra dünya ölkələri də, sanki, ərazi bütövlüyümüzü birmənalı tanımağa məcbur oldu. Əslində, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb. Ermənistandan başqa, bütün dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyıb. Beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapıb. Azərbaycan dövləti adından bağlanmış bütün beynəlxalq dövlətlərarası müqavilələrdə ölkəmizin ərazi bü­tövlüyünün qəbul edilməsi xüsusi bir maddə ilə öz əksini tapıb. Belə sənədlərin sayı yüzlərlədir.

Beynəlxalq hüquq baxımın­dan ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud deyil və heç vaxt mövcud olmayıb. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır. 30 il ərzində mövcud olan bu münaqişə həmişə maraqlı tərəflərin, imperialist dairələrin ölkəmizə qarşı istifadə etdiyi təzyiq alətinə çevrilmişdi. Coğrafi baxımdan Azərbaycanın dünya üçün geostrateji əhəmiyyəti olduq­ca böyükdür. Ona görə də böyük güclər bu ölkəni həmişə asılı vəziyyətdə saxlamaqda maraqlı görünürlər.

Düşünmək olardı ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolu tapılmayacaq. Amma bu yol tapıldı-- onu Azərbaycan Prezidenti İlham Əliyev tapdı və biz bu yolla Qələbəyə doğru inamla irəliləyirik. Azərbaycanın bugünkü siyasi, iqtisadi, hərbi və nəhayət, mənəvi gücü bu qlobal problemin bizim milli maraqlarımız çərçivəsində həllini mümkün edir. Bu isə, təəssüf ki, belə hallarda güc amilinin beynəlxalq hüququn təminatçısı olduğunu göstərir.

Deputat fəaliyyətimlə bağ­lı parlament komitəsi ilə sıx təmasda olduğum Avropa İttifaqı qlobal siyasi institut kimi hələ tam formalaşmamış bir qurumdur. Belə mürəkkəb problemlərin həlli üçün bu birliyin nə səriştəsi, nə də siya­si iradəsi çatır. Keçən 30 il ərzində biz Avropa İttifaqının, qitənin digər təşkilatlarının gücsüzlüyünü, iradəsizliyini və hətta bəzi hallarda qərəzli münasibətini müşahidə etdik. Bir çox hallarda Avropa öz xalqları üçün rəva bilmədiyi ideyaları qonşu xalqlara sırımağa çalışır. Bəzi hallarda isə əksinə, özlərinə rəva bildiklərinin hamı tərəfindən də qeyd-şərtsiz qəbul olunmasını tələb edirlər. Ona görə də bizim Avropa İttifaqından gözləntilərimiz o qədər də böyük deyil.

Biz ortaq dəyərlərlə yanaşı, fərqli xüsusiyyətlərə də malik xalqlarıq. Bizim özümüzə məxsus üstün dəyərlərimiz var və bu dəyərlərə sadiq olmalıyıq. Milli maraqlarımızı özümüz birlik və həmrəyliyimizi təmin etməklə qorumalıyıq. Düşünürəm ki, bu, bizim öz xalqımıza, bir-birimizə hörmətin və etimadın real ifadəsi olar. Bu gün beynəlxalq aləmdə bu həqiqətləri ucadan səsləndirən ən böyük təbliğatçımız Azərbaycan Prezidentidir. Onun beynəlxalq müstəvidə apardığı fəaliyyət mübarizəmizin qanuni, ədalətli və haqlı olduğunu hər gün sübut edir.

Bununla yanaşı, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Ermənistan tərəfindən aparılan təxribatçı siyasət Azərbaycan dip­lomatiyasının ayıq-sayıq olmasını tələb edirdi. Bütün beynəlxalq platformalarda Azərbaycanın üzləşdiyi haqsızlıq, düşmən tərəfin təxribatları, danışıqları pozmaq və yeni ərazilər işğal etmək cəhdləri müzakirəyə çıxarılırdı və dün­ya ictimaiyyəti ardıcıl olaraq bu barədə məlumatlandırılırdı. Əks-hücum əməliyyatları başlayandan sonra bu fəaliyyətlər daha da genişləndi.

Bu gün təkcə diplomat­lar və deputatlar deyil, hər bir Azərbaycan vətəndaşı ədalətli mübarizəmizin təbliğatçısına çevrilib. Bu azadlıq mübarizəmizə hərə öz sahəsində, bacardığı qədər töhfəsini verməyə çalışır və bütün bunlar çox sevindiri­cidir. Dünyanın, demək olar ki, bütün ölkələrində həm rəsmi səviyyədə, həm də diaspor və vətəndaş cəmiyyətləri çevrəsində bölgəmizdə baş verən hadisələrlə bağlı geniş maarifləndirmə işləri aparılır, kütləvi tədbirlər təşkil olunur. Bütün bunlar öz nəticəsini verməkdədir və əminəm ki, son nəticədə bu səylərimiz tam qələbəmizi təmin edəcək.

Cəbhədə məğlub olan işğalçı Ermənistanın mülki əhalini hədəfə alması isə bizim üçün diploma­tik cəbhəni daha da fəallaşdırır. Müharibə şəraitində dinc əhalinin hədəfə alınması bizim üçün nə qədər dəhşətli görünürsə, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün bir o qədər məqbul hesab olunur. Terrorçuluğu dövlət siyasətinə çevirmiş bir ölkə olaraq Ermənistan nə beynəlxalq hüqu­qa, nə də bu gün sivil dünyanın yorulmadan təkrar etdiyi insan haqlarına məhəl qoyur.

Hərbi əməliyyatların getdiyi ərazidən onlarca kilometr ara­lıda yerləşən və heç bir hərbi infrastruktura malik olmayan şəhərlərimizdə yaşayan dinc sakinləri gecə saatlarında raket atəşinə tutmaq, körpələrin, qadınların, yaşlıların həyatına qəsd etmək heç bir arqumentlə izah oluna bilməz. Bu namərdlik terrorçu erməni xislətinin mahiyyətindən doğur. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, digər şəhər və kəndlərimizin dinc əhalisinə qarşı qadağan edilmiş kütləvi qırğın silahları ilə davamlı hü­cumlar edilməsi aşkar müharibə cinayətləridir və bu bəşəri faciələri törədənlər də məlumdur.

Əminik ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu hü­cumlar barədə göstəriş verənlər də, bu cinayəti törədənlər də öz cəzasına çatacaqlar. Bu itkilər isə bizi nə qədər sarsıtsa da, qələbə əzmimizi sındıra bilməz.

Böyük Qələbən igid əsgər və zabitlərimizin şücaəti ilə qazanılır, tarixə xalqımızın qanı ilə yazılır. Bütün bu ağrı-acılara baxma­yaraq, Qarabağ azad ediləcək. Bu zəfər son 2 əsrdə itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizəmizdə ilk tarixi Qələbəmiz olacaq.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, fəlsəfə doktoru

31 Oktyabr 2020 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə