Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsgəri düşmənə iradəsini diqtə edir

“Qarabağ müharibəsi döyüşçüsü, polkovnik-leytenant, hərbi ekspert Nazim Bay­ram düşmən ölkənin siyasi-hərbi təxribatlarına cavab olaraq Azərbaycanın başlat­dığı hərbi əməliyyatları siyasi-diplomatik yollarla dayandıra bilməyən Ermənistanın üzbəüz döyüşdə məğlubiyətinin labüdləşdiyini vurğulayaraq bildirdi:

– Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı müasir ordu quruculu­ğu, ölkədə yaratdığı milli birlik və zərgər dəqiqliyi ilə yürütdüyü uğurlu xarici siyasət strategiyası Azərbaycanın hərbi əməliyyatları uğurla davam etdirib düşmənə sarsıdıcı zərbələr endirməsini təmin etmiş, işğalçının ölkəmizdən qovulmasını labüdləşdirmişdir.

Ermənistanın hazırki cəhdləri uduzulmuş partiyanın oynanılmasıdır.

Təəssüf ki, irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyətin qa­çılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, potensialı tükənmiş ölkəsini “son erməniyə qədər” döyüşməyə çağırır. Silahlı Qüvvələrimizin genişmiqyaslı, yüksək dərəcədə dəqiq, effektiv zərbələri altında bilavasitə döyüş meydanında düşmən ordusu hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimətini və döyüş qabiliyyətini hər gün itirməkdədir. Azərbaycan Ordusu ötən dövrdə strateji hü­cum təşəbbüsünə tam yiyələnib və əməliyyat baxımından iradəsini düşmənə diktə edir. Qarşı tərəf yalnız kortəbii müdafiə olunur, faktiki döyüş meydanını pərakəndə şəkildə tərk edir.

Silahlı Qüvvələrimizin müasir müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəlilədiyini, hü­cum tempini yüksək olaraq saxladığını qeyd edən polkovnik-leytenant daha sonra dedi:

– Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, mənzərəni izləyən istənilən hərbi müşahidəçi üçün aydındır ki, bu, “geriçəkilmə” manevri yox, texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik qaçışdır. Taktiki-strateji baxımdan hazırki hücum əməliyyatlarımızın istiqamətləri birinci Qarabağ müharibəsindəkindən ciddi fərqlənir. Bunun bir cəbhə konfiqurasiyasıdır­sa, digər əsas səbəb əməliyyat planının optimal qurulmasıdır.

Bu fərqin mahiyyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıq­dan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmənə, hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur. İşğalçı müdafiə rayonlarında lokallaşdırılır, düşmənin öz arxası və qonşuları ilə əlaqələri tam, ya qismən kəsilir. Beləliklə, rəqibin vahid müdafiə sistemi parçalanır, o, əməliyyat mühasirəsinə salınır və ya bu təhlükə ilə üzləşəcəyindən tutduğu mövqeləri tərk edir.

Hazırda düşmənin heç bir istiqamətdə əks-hücum cəhdlərinin perspektivi yoxdur. Belə cəhdlər ona heç nə vermir, əksinə, açıq əməliyat məkanına çıxmaqla, məhv olma ehtimalını artırır. Cəmiyyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın da işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandır.

Ancaq az itki vermək üçün hərbi əməliyyatlarımız tələskənliyə yol verilmədən aparılır. Buna görə, cəmiyyət də tələsməsin, 30 il gözlədiyimiz kimi bir az da səbrlə gözləyək. Ən əsası odur ki, Ordumuzun qar­şısıalınmaz hərəkəti davam edir və torpaqları­mızın azad olunması artıq zaman məsələsidir!

Müsahibimiz sonda söylədi: “Uca Tanrı qəhrəman Millətimizi, şanlı Ordumuzu, Ali Baş Komandanımızı və haqq işimizdə bizə arxa və dəstək olan Türkiyəmizi qorusun, bizə tezliklə böyük zəfər nəsib eləsin.

Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün qurbanlarımızın intiqamı alınacaq, Vətənin bütövlüyü təmin olunacaq, Şəhidlərimizin ruhları şad olacaq. Azərbaycan əsgərinə eşq olsun! Qarabağ əbədi Azərbaycanındır!”.

T.AYDINOĞLU, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə