Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Gəncə, Tərtər və Bərdə əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək

Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf edir və Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymur, terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirir. Bütün iqtisadi-siyasi uğur­larına görə regional gücə sahiblənən Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasi­yasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Ermənistan Gəncə, Tərtər və Bərdənin mülki əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini ra­ket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq norma­larını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan bura­xılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan Respublikası silahlı qüvvələrinin beynəlxalq hüququn nor­ma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozul­ması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir.

Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə dünya ölkələri ilə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edən dövlətlər sırasındadır. Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını alır. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə hərbi güc və potensialı­mızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malik­dir. Bu uğurlar Azərbaycan Ordusunun qələbəsinin təminatıdır. Azərbaycan Ordusu ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər ça­lır. Düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinə baxma­yaraq, döyüş meydanında məğlubiyyətə düçar olur.

Azərbaycan nəinki öz ərazi bütöv­lüyü uğrunda döyüşür, eyni zamanda, regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünya dövlətləri işğalçı və terrorist dövlətə dur deməli və regionda ədalətin və sülhün təmin edilməsində Azərbaycana dəstək olmaqla sülhə, sabitliyə, ümumbəşər dəyər və beynəlxalq hüquq normalarının qorun­masını töhfə vermiş olarlar. Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti bütün dünyaya məlumdur. Xocalı soy­qırımının eyni adlı ssenarisi ilə Gəncə, Bərdə Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Azərbaycan dövləti məğlubedilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşa­dığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması Ermənistanın azğınlaşmış hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir. Bu cür riyakar və mənfur əməllər ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar və yeni ərazilərimizin işğal­dan azad olunması ilə nəticələnəcəyinə inanırıq.

Bütün dünyaya bəllidir ki, ermənilər havadarlarının gücü və dəstəyi ilə Rusiya-İran müharibəsindən sonra bizim tarixi torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılması onların dünyada yaymağa çalışdıqları yalan məlumatları tamamilə təkzib edir. İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğunu sübut edən faktların ermənilərin riyakar və mənfur siyasətinin əsası olaraq saxtalaşdırılması cəhdləri işğalçılıq niyyətlərinin hələ də davam etməsinin təzahürüdür. Ancaq Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək! Xalqımız olduqca məğrur, dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər qətiyyətli və əzmlidir. Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır.

Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!

AZƏRTAC

31 Oktyabr 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:42
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə