Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu cinayətlər Ermənistanın faşist xislətindən xəbər verir

Ermənistanın Azərbaycana qarşı həm sözdə, həm də əməldə törətdiyi təxribatlar 30 ildir ki, davam edir. Bununla da işğalçı ölkə regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradır. Ötən dövrdə bədxah düşmənin qəsbkar siyasət yürütməsi, külli miqdarda silah və sursat tədarük etməsi, qüvvələrini təmas xətti boyunca cəmləşdirməsi bu gün onun iç üzünü açıb göstərir, işğalçı mövqeyindən çəkilmədiyini, eyni zamanda, terrorçu dövlət olduğunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində, çıxışlarında Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar olma­sı, terror əməlləri törətməklə faşist xislətini büruzə verməsi barədə dəfələrlə bəhs edib. Ölkə rəhbəri xalqa müraciətində deyib: “Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun”.

Bunun insanlığa qarşı cinayət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Ermənistan dünya üçün böyük təhlükədir

Azərbaycan Prezidenti öz çıxışların­da dönə-dönə hər bir vətəndaşın rifahı­nın, təhlükəsizliyinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını vurğulayır. Bildirir ki, bu, güclü dövlətin ilk zəruri şərtidir, bu, hər bir insanın qanuni hüquqlarının bərpası və öz doğma torpaqlarında rahat yaşamaq imkanıdır. İnkişaf hər zaman azad torpaqlarda nəzərə çar­pır. Ancaq Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük təhdid yaradır və təbii ki, sosial-iqtisadi inkişaf dinamikasını zəiflədir. Eyni zamanda, zəngin iqtisadi potensiala malik bu bölgənin resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, investisiya axınını zəiflədir, həyata keçirilən irimiqyaslı layihələr üçün cid­di risklər doğurur.

Fikrimizin təsdiqi olaraq deyə bilərik ki, hazırda Ermənistan ordusunun dünyanın əhəmiyyətli qlobal enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, habelə Səngəçal terminalını raket atəşinə tutmaq istəyi, daha dəqiq desək, buna cəhd göstərməsi işğalçının beynəlxalq aləmə saymaz münasibətindən xəbər verir. Bu, həmçinin regionda böyük təhlükə mənbəyinin mövcudluğunun göstəricisidir. Düşmənin belə hərəkətlər nümayiş etdirməsi onun terrorçulu­ğa xüsusi diqqət ayırmasının ifadəsidir.

Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində bu məsələyə xüsusi toxunaraq qəti mövqeyini bildirib: “TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyha­nın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qayda­da qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksi­yası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb”.

Azərbaycan Prezidenti İlham Əliyev okt­yabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu mövzuya bir daha diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına ödəyirlər. Ona görə də neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş verərsə, Ermənistan, şübhəsiz ki, ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı onlar Bakı-No­vorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır: “Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombala­mağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir”.

Prezident İlham Əliyev müsahibəsində hazırda Azərbaycanın neft-qaz, eləcə də digər infrastrukturunun etibarlı şəkildə qorundu­ğunu, indiyədək bu öbyektlərə yönləndirilən raketlərin çoxunun elə havada məhv edildiyini vurğulayıb.

Ermənistan illərdir ki, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər törədir

Döyüş meydanında Silahlı Qüvvələrimizin gücünü, döyüş əzmini, eyni zamanda, uduzduqlarını artıq anlayan erməni caniləri faşist xislətlərini büruzə verirlər. Beynəlxalq hüququn norma və prinsiplərini, habelə razılaşdırılan humanitar atəşkəs rejimini kobudcasına pozaraq cəbhəboyu, həmçinin döyüş zonasından uzaq məsafədə yerləşən rayon və kəndlərimizi, şəhərlərimizi atəşə tutur, hirs-hikkələrini, nifrətlərini günahsız insanlardan çıxmağa çalışırlar. Onlar insanlığa sığmayan əməllər törədir, uşaqları, qocaları öldürməkdən, mülki infrastrukturu dağıtmaq­dan belə çəkinmirlər.

Bəli, işğalçı istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirir. Düşmənin oktyabrın 27-də və 28-də Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqla­rın da olması işğalçının beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verir.

Yeri gəlmişkən, xatırladaq ki, düşmənin Bərdə terrorundan əvvəl Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə və digər şəhərlərə qarşı da insanlığa sığmayan belə əməlləri nəticəsində çox sayda dinc sakin qətlə yetiri­lib, yaralanıb, sosial infrastruktur dağıdılıb.

Bərdədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirir. Bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyır. Ölənlər və yarala­nanlar arasında körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisidir.

Azərbaycan Respublikasının Baş Pro­kurorluğunun məlumatına görə, sentyabrın 27- dən oktyabrın 29-u saat 13:00-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın or­dusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2406 ev, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə düşüb.

Bu dəhşətli statistika Ermənistanın terror­çu xislətindən heç bir zaman əl çəkməyəcəyini göstərir. Bu, eyni zamanda, düşmənin nə qədər vəhşi, rəhmsiz, qaniçən olduğunu təsdiqləyir. Təcavüzkarda xalqımıza olan nifrət, kin o qədər güclüdür ki, dinc əhaliyə raketlərdən qadağan olunan raketlər-kaset döyüş başlıqları atmaqdan belə çəkinmir.

Qisas qiyamətə qalmır...

Ermənistanın öz ərazisindən Azərbaycan şəhərlərini raket atəşinə tutmasının arxasında məkrli niyyəti dayanır. İşğalçı dövlət bunun­la Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə də münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür. Düşmən bütün bunlarla bərabər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq istəyini ifadə edir. Amma yanılır, unudur ki, heç vaxt qisas qiyamətə qalmır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun şücaəti və xalqın dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi uğrunda haqq sava­şına başlaması da bunun bariz ifadəsidir. Çox təəssüf ki, terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soy­qırımlar törədən, nahaq qanlar tökən qatil bu cinayətlərə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəyini hələ də dərk etmir...

Burada təəssüf doğuran bir məqama da toxunmaq istərdik. İşğalçı Ermənistan ordu­sunun dinc sakinləri qadağan olunan silah­larla raket atəşinə tutaraq müharibə cinayəti törətməsi nədənsə beynəlxalq qurumları, insan hüquqlarının müdafiəsi təşkilatlarını narahat etmir. Onlar belə dəhşətli, insanlığa sığmayan əməllərə göz yumur, susqunluq nümayiş etdirirlər. Şübhəsiz ki, bu laqeyd­liyin, biganəliyin qarşılığında isə erməni faşistləri cinayətlərinin miqyasını daha da genişləndirirlər.

Düşmənin 30 il ərzində bu cür qeyri-in­sani əməllərinin dəfələrlə şahidi olmuşuq və belə hallarda haqdan-ədalətdən dəm vuran ölkələrin səslərini eşitməmişik. Ümumiyyətlə, nüfuzlu ölkələr, beynəlxalq qurumlar erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qa­rabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç biri yerinə yetirilməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan mənfur əməlləri ilə dəfələrlə sülh danışıqlarını pozanda, Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsi aparılanda haqq səslərini ucalt­mayıblar, Ermənistana vandal, barbar hərəkətlərinə görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərməyiblər.

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu barədə ətraflı danışıb. Bildirib ki, Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə, etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildi: “Ermənistana münasibətdə də bu cür sank­siyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq”.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meyda­nında layiqincə cəzalandırır. Gəncə və Bərdə şəhərində törədilən cinayətlərin də qisası artıqlaması ilə alındı və bundan sonra da alınacaq. Lakin bu hadisələr özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatların fəaliyyətləri barədə aydın təsəvvür yaratdı. Məlum oldu ki, əslində, onlar insan hüquqla­rının müdafiəçisi deyil, sadəcə, bu mövzunu əllərində siyasi alətə çevirərək ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edirlər. Buna görə də Azərbaycan günahsız vətəndaşlarının qisaslarının alınmasında öz ordusuna güvənir. Ona görə də Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlərə rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə