Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq auditoriyada Ermənistanın müharibə cinayətləri kəskin ittiham edilir

Qarabağ cəbhəsində baş verən hadisələr dünya informasiya məkanının baş mövzusu olaraq qalmaqdadır. Dünyanın əksər qitələrinin kütləvi informasiya vasitələri 30 ildən sonra Azərbaycanın öz ərazilərini BMT qətnamələrinə uyğun olaraq qonşu Ermənistanın işğalından azad etməsini beynəlxalq hüququn tələblərinin gerçəkləşdirilməsi olaraq qəbul edir və ədalətin zəfər çalması kimi dəyərləndirir. Ölkəmizin haqq işinə qərəzsiz yanaşan dövlətlərin kütləvi informasiya vasitələri də Ermənistanın işğalçılıq siyasətinə qarşı xalqımızın Vətən müharibəsinə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik fəaliyyətinə, dövlətimizin başçısının müsahibələrində və xalqa müraciətlərində, eləcə də rəsmi “Tvitter” hesabında paylaşdığı məlumatlara və fikirlərə davamlı yer ayırır. Beynəlxalq media vasitələri Ermənistan ordusunun son günlərdə Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi hücumlara dair məlumatları da operativ olaraq yayır, bu vandallıq aksiyalarını müharibə cinayətləri kimi kəskin ittiham edir.

Qardaş Türkiyənin kütləvi informasiya vasitələri bu baxımdan ölkəmizin haqq işinə ardıcıl və təsirli informasiya dəstəyi göstərir. Bu ölkənin mediasında Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları, eləcə də Ermənistan tərəfinin azərbaycanlı mülki əhaliyə hücumları barədə xəbərlər önəmli yer tutur. Müxtəlif səpkili materiallarda bildirilir ki, təcavüzkar Ermənistanın Azərbaycanın böyük şəhərləri də daxil olmaqla, mülki yaşayış məntəqələrini atəşə tutması, dinc əhalinin hədəfə alınması düşmənin riyakarlığının və amansızlığının göstəricisidir.

Mövzu ilə bağlı verilən analitik yazılarda və telekanallardakı ekspert müzakirələrində vurğulanır ki, beynəlxalq birliyin Ermənistanın müharibə cinayətlərinə laqeyd qalması dünyada haqqa və ədalətə inamı heçə endirir. Hazırkı dövrdə heç kəs iddia edə bilməz ki, baş verənlərdən məlumatsızdır. Azərbaycandakı diplomatik korpusun rəhbərləri və təmsilçiləri Gəncədə və Bərdədə ballistik raket hücumlarının qanlı izlərini öz gözləri ilə görüblər.

ABŞ-ın nüfuzlu ”Nyu York Tayms” nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı oktyabrın 28-də növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə ayrıca məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edərək bildirir ki, jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri düşməyə başlayıb.

Məqalə müəllifi Karlotta Qell yazır ki, birinci partlayış çox gurultulu olub. Jurnalistlər maşından tullanaraq yaxınlıqdakı divara qısılıblar: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi”. Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.

ABŞ jurnalisti xatırladır ki, 1988-ci ildə başlanmış silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulub. Cəbhə xəttinin yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir.

Qell Bərdənin mərkəzində yaranmış kədərli mənzərəni belə təsvir edir: “Dağıdılmış maşınlar qeyri-standart istiqamətdə dayanmışdı. İki maşında olan cəsədlərin üzərinə adyal örtülmüşdü. Digər avtomobilin yanında bir cüt ayaqqabı görünürdü. Yola tökülmüş qan ətrafı qara rəngə boyamışdı. Havadan partladıcı maddə iyi gəlirdi”.

Qell daha sonra yazır ki, Bərdə şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb. Hakimiyyət orqanlarının məlumatına görə, kasetli bombalar yayan raketlər “Smerç” tipli yaylım atəşi sistemindən atılıb. Açıq sahələrdə ordulara qarşı istifadə edilmək üçün nəzərdə tutulan kasetli bombalar yaşayış rayonlarında mülki əhali üçün çox təhlükəlidir. Ona görə də dünyanın əksər ölkələrində bu silahdan istifadə edilməsi qadağan olunub.

Müəllif daha sonra yazır ki, həmin gün səhər bir qrup jurnalist Bərdənin yaxınlığındakı Qarayusifli kəndinə baş çəkib. Burada yerli əhali raket atəşi nəticəsində həlak olanları dəfn edirdi. Qarayusifli kəndinin dörd sakini, o cümlədən 7 yaşlı qız həlak olub, 10-dan çox insan yaralanıb.

ABŞ-ın digər media qurumu “VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib: Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib. “VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər. Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.

Azərbaycan rəsmilərinin məlumatına əsasən, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məqalə yerləşdirilib. Məqalədə Azərbaycan Prezidentinin köməkçisi--Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan silahlı qüvvələrinin Bərdəyə “Smerç” qurğusundan raketlər atdığı bildirilib. Qeyd olunub ki, Dağlıq Qarabağdan kənarda yerləşən Bərdəyə hücum nəticəsində 21 nəfər ölüb, onlarca dinc sakin yaralanıb. Bu, son toqquşmaların başladığı bir aylıq dövrdə mülki insanlar arasında ən çox ölümlə nəticələnən hücumdur. Materialda ermənilərin oktyabrın 27-də Bərdəyə əvvəlki raket hücumu nəticəsində isə 1-i iki yaşlı uşaq daxil olmaqla, 4 nəfərin həlak olduğu xatırladılıb.

Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib. Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərdə 30 min nəfərin ölümü ilə nəticələnən müharibə zamanı Dağlıq Qarabağa nəzarəti ələ alıblar. Onların elan etdiyi “müstəqilliyi” Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir. Sentyabrın 27-dən başlayan döyüşlərin gedişində Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri azad edir. Ermənistan bu döyüşlərdəki itkilərini etiraf edib və könüllüləri cəbhədə döyüşməyə çağırıb.

Almaniyanın nüfuzlu “Sueddeutsche Zeitung” nəşri isə oktyabrın 28-də düşmənin Bərdəyə raket zərbəsi endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq “cəfəngiyat və yalan” olduğunu yazmasına münasibət bildirərək əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən qonşu Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”.

“Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb.

Norveçin “Klassekampen” qəzetində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib. “Bir münaqişənin tarixi” adlı məqalədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd edilir. Münaqişənin fəsadları barədə məlumatın verildiyi məqalədə azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən qovulduğu diqqətə çatdırılır. Bildirilir ki, təkcə Xocalı şəhərində 1992-ci il fevralın 26-da erməni millətçiləri bir gecədə 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər.

Məqalədə vurğulanır ki, beynəlxalq hüquq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyə malikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı dörd qətnaməsində deyilir ki, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini dərhal, tam və qeyd-şərtsiz tərk etməlidir.

Məqalədə bu il sentyabr ayının sonlarında Azərbaycan qoşunlarının əks-hücuma keçməyə məcbur olduğu qeyd edilir. Bildirilir ki, erməni tərəfi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Bu məqsədlə Ermənistan ballistik raketlərdən istifadə edərək, münaqişədən kənar zonada yerləşən dinc şəhərləri atəşə tutur.

Misirin “Youm 7” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsindən əsas məqamlara geniş yer ayırıb. Yazıda qeyd olunur ki, dövlətimizin başçısı Ermənistanın döyüş meydanında 5 mindən çox itki verdiyini bildirib. Bununla yanaşı, Prezident İlham Əliyev cəbhədə məğlub olan erməni silahlı qüvvələrinin dinc insanları və mülki obyektləri hədəf aldığını vurğulayaraq deyib: “Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır.

Bundan əvvəl isə Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu... Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb”.

Portalın xəbərində BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Prezidentinin söylədiyi tənqidi sözlər, onun Ermənistan rəhbərliyinin riyakarlığı barədə fikirləri də yer alıb.

İndoneziya kütləvi-informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıqlandırır. Ölkənin portalprobolinggo.pikiran-rakyat.com, minanews.net, viva.co.id saytları və digər KİV-ləri Azərbaycanın Ermənistanı Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərə raket hücumu nəticəsində 21 nəfərin həlak olmasında günahlandırmasından yazır. Qeyd edilir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu hərbi əməliyyatların qarşısında dayana bilməyən Ermənistan, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsə baxmayaraq, Azərbaycan şəhərlərinə raket hücumlarını davam etdirir. Vurğulanır ki, tərəflər arasında əldə edilən üç humanitar atəşkəs razılaşması məhz Ermənistanın təqsiri üzündən onlar qüvvəyə mindikdən bir neçə dəqiqə sonra pozulub.

Məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla Ermənistanın kaset bombalarına malik “Smerç” raketləri ilə hücumu nəticəsində çoxsaylı mülki vətəndaşların həlak olduğu qeyd edilir. Azərbaycanın Baş Prokurorluğuna istinadla bildirilir ki, terror aktı nəticəsində əhalinin sıx yaşadığı yaşayış məntəqəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb.

Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin İranla sərhəddə yerləşən strateji əhəmiyyətə malik Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən azad edildiyi barədə məlumatı təsdiq etdiyi də bildirilir. Vurğulanır ki, bu hərbi üstünlük məsələnin diplomatik həll yolunu çətinləşdirə bilər.

Bu yazılarda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul olunduğu xüsusi qeyd edilir. Bildirilir ki, 1991-1994-cü illərdə birinci Dağlıq Qarabağ müharibəsi zamanı xarici havadarlarına arxalanan Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Həmin müharibə nəticəsində 20 mindən çox insan həlak olub, bir milyon azərbaycanlı ata-baba yurdlarından didərgin düşüb. Xüsusi qeyd edilir ki, Azərbaycan məsələnin Ermənistanın işğal etdiyi ərazilər üzərində nəzarətini saxlayacaq istənilən həll yolunu rədd edir.

Moldovanın aparıcı KİV-ləri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması barədə məqalələr yayıb.

Bu ölkənin nüfuzlu “Tribuna”, NOİ.MD, AVA.MD, İPN.MD informasiya portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox mülki vətəndaşın həlak olduğu qeyd edilib. Məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən paylaşımdakı fikirlər yer alıb. Birinci xanıma istinadla vurğulanıb ki, Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.

Həmçinin digər məqalələrdə də Ermənistanın Azərbaycanın yaşayış yerlərini, o cümlədən Bərdəni kasetli raketlərlə atəşə tutmasını pisləyən fikirlər yer alıb.

Hazırladı: Tahir AYDINOĞLU,“Xalq qəzeti”

31 Oktyabr 2020 00:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə