Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb

Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla is­tintaq olunur. Bu cinayət işlərindən 45-nin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması, 5-i muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, 1-i isə tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı cinayətlərlə bağlıdır. Ümumilikdə muzd­luların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarlarla bağlı 3 cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsi, 4 cinayət işi isə Hərbi Prokurorluq tərəfindən istintaq olunur.

Bu barədə Azərbaycan Respublikasının Baş proku­roru Kamran Əliyev oktyabrın 30–da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diploma­tik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olu­nan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində indiyədək mülki şəxslərdən 91 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Həlak olmuş dinc sakinlərin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıl şəxsdir. Yaralan­lardan isə 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249-u kişi, 45-i ahıl şəxsdir. Yaralanan­lardan 43-nün vəziyyəti ağır, 357-sinin vəziyyəti isə sabitdir. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artille­riya və raket atəşi nəticəsində 2442 ev, 92 çoxmənzilli yaşa­yış binası və 428 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edilib ki, döyüş meydanında məğlub olaraq geri çəkilən düşmən cəbhə xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə (100 km), Mingəçevir (80 km), Bərdə (50 km), Qəbələ (150 km) şəhərlərini, Bakı-Tbi­lisi-Ceyhan (80 km), Bakı- Novorossiysk (250 km) neft kəmərlərini və Oğuz-Qəbələ- Bakı (150 km) su kəmərini də atəşə tutub. Bu ərazilər döyüş bölgəsində yerləşmir və həmin ərazilərdə hər hansı hərbi obyekt yoxdur.

Kamran Əliyev deyib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşayış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində indiyədək 7 ailə tamamilə məhv olub. Bundan başqa, 4 uşaq hər iki valideynini itirib. İndiyədək həlak olan 91 mülki şəxsin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıldır.

Ermənistan silahlı qüvvələri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərində dinc əhalini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 26 nəfər, o cümlədən 10-qadın və 6 uşaq həlak olub, 57-si qadın, 32-si uşaq olmaqla 142 nəfər yaralanıb. Bərdə rayonunda isə 27 dinc sakin (8 qadın və 1 uşaq) həlak olub, 101 nəfər, o cümlədən 26 qadın və 14 uşaq xəsarət alıb. Düşmənin raket və ağır artilleriya atəşləri nəticəsində Tərtər rayonunda 17 (1 uşaq, 1 qadın), Goran­boy rayonunda 8 (2 qadın, 5 uşaq), Ağdam rayonunda 7 (1 qadın), Füzuli rayonunda 3 nəfər, Beyləqan rayonunda 2 qadın və Ağcabədi şəhərində 1 uşaq həlak olub.

Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinə qarşı terror cinayətlərinin törədilməsi əmrini verən yüksək rütbəli dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub. Azərbaycanın is­tintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti elan edən Araik Arutunyan, onun köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” ad­landırılan Cəlal Arutunyan və deputat Armen Babacanyan barəsində cinayət işi başlanıb. Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilirlər və həmin şəxslərin istintaqa cəlb olunmaları barədə qərar qəbul edilib. Onların tutularaq istin­taqa cəlb edilmələri barədə İnterpola məlumat verilib.

Diqqətə çatdırılıb ki, Ermənistan döyüş meydanın­da uğursuzluqlarını ört-basdır etmək istəyir. Ermənistanın muzdlu döyüşçülərdən istifadə etdiyi artıq təsdiqini tapıb. Həmin muzdluların altısı barədə beynəlxalq axtarış elan edilib və onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb. Döyüşlərdə muzdlu kimi iştirak edən Yunanıstan, Liviya, Suriya, Fransa və ABŞ vətəndaşları barədə də araşdırmalar aparılır. İstinta­qın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlan­maması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək. Həmçinin Hərbi Prokurorluğun apardı­ğı istintaqda da Ermənistan tərəfindən muzdluların döyüşlərdə iştirak etməsi təsdiqlənir.

Baş prokuror əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir. Mingəçevir Su Elektrik Stansiyasını vurmağa çalışan Ermənistan ordusunun atdığı raketlər elektrik stansi­yasının önünə düşüb. Yeddi halda “Scud” tipli raketlərdən istifadə edilib. Oktyabrın 11-də və 17-də Gəncəyə, o cümlədən Kürdəmir və Qəbələ rayonlarına bu raketlərdən atılıb. Azərbaycana qarşı “S- 300”, bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə edilib. Bu raket qurğuları əsasən kaset tiplidir. “Human Rights Watch” və “Amnesty International” da bu faktı təsdiqləyib. “Scud” və “S-300” raketləri Ermənistanın Vardenis rayonundan atılıb. Ermənistan silahlı qüvvələri “Smerç” tipli raketləri isə işğal altındakı ərazilərimizdə yerləşən hərbi bazalardan atıblar.

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. İstintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. Həmçinin tibbi, ballistik və digər eks­pertizalar təyin edilib. Həmin raketlərin hansı istiqamətdən atıldığı ekspertizaların rəyi ilə müəyyənləşdirilib.

AZƏRTAC

31 Oktyabr 2020 00:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə