Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç bir terrorla bərdəliləri qorxuda bilməzlər

Ermənistan silahlı qüvvələri oktyabrın 28-də Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutdu və bu mülki əhali arasında ağır itkilərə səbəb oldu. Bərdə şəhərinə xaincəsinə edilən raket hü­cumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak oldu və 70-dən çox in­san yaralandı. Münaqişə zonasından uzaqda yerləşən şəhərimizdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu. Bu, təcavüz aktıdır. Bu qədər itkilərə baxmayaraq, heç kim işğalçı dövlətə “dayan!” demir. Biz bu ağrılara qatlaşıb onlara Şuşadan, Xankəndidən cavablar verəcəyik.

Məğlub olduqlarını bilə- bilə Azərbaycanın sərhədlərini döyüş mey­danına çevirmək istəyirlər. Ali Baş Ko­mandanımızın dediyi kimi, Azərbaycan Qarabağı təkcə Ermənistandan yox, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərdən də qoruyur. Ermənistanın məğlub olması onları da məğlub duruma salıb. Bu rəzil hücumun cavabı 10 qat artıqlaması ilə verilir. Gəncənin, Bərdənin və digər şəhərlərimizin qisasını bu zərbəni vuranlardan almalı­yıq. Əminəm ki, ən yaxın zamanda bu cavabı görəcəyik.

Ali Baş Komandanımızın fikirlərinə diqqət yetirin: “Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur.”

Bu gün dünyanın mütərəqqi insan­ları bu təcavüzü pisləyirlər. Bəli, bu, əslində, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Mən dünən Türkiyə XİN-nin Bərdədə baş verənlərlə bağlı bəyanatını oxudum. Orada deyilir : “Ermənistanın uşaq demədən, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın dinc əhalini terror etmək və qətlə yetirmək üçün yürütdüyü bu xain siyasət Xocalı qətliamının arxasında duran xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir. Bu son hücum Ermənistanın etdiyi hərbi cinayətlər siyahısında öz utanc yerini tutub və gün gələcək, bunu edənlər məsuliyyətə cəlb olunacaq. Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan yetişib”.

Bəli, beynəlxalq təşkilatların bütün baş verənlərə ikili münasibəti aydın­dır. Onlar xaricdə kök atmış erməni diasporunun havadarlığı ilə meydan oxumağa çalışırlar. Amma faydası yoxdur, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onlara öz yerlərini göstərir. “Biz onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir” – deyə, cənab Prezident bildirib.

Bəs bu gün dinc əhaliyə qar­şı törədilən cinayətlərə kim cavab verəcək? Raket zərbələri açıq-aş­kar göstərir ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır və bununla düşmən bir aylıq dövrdə hərbi meydandakı məğlubiyyətinin əvəzini Azərbaycan xalqından çıxmaq niyyətindədir.

Bu gün Ermənistandakı faşist rejimi qərar verib ki, heyfini silahsız insanlar­dan çıxsın. Biz həm dövlətçilik tarixinə, həm də qədim mədəniyyətə malik olan və hər zaman müxtəlif düşmən hücum­larına məruz qalan, lakin onu dəf etməyi bacaran xalqıq. Evindən sağ-salamat çıxaraq şəhərin mərkəzi ilə hərəkət edən insanların bu cür qəfil, amansız hücuma məruz qalması Ermənistanın rəzilliyini, ləyaqətsizliyini göstərir. Bağlı qapılar arxasında Ali Baş Komandanımıza sülh istəyi ilə müraciət edən, hərbi meydan­dakından daha amansız siyasi-diploma­tik müharibə aparan qüvvələr Bərdənin küçə və meydanlarındakı dəhşətli səhnəni şəxsən görməlidirlər.

Mən işimlə bağlı cəbhədə tez-tez oluram və ordumuzun döyüş ruhu məndə, həqiqətən, qürur hissi do­ğurur. Hansı döyüşçünü dindirirsən, ancaq qələbədən danışır. Onlardakı vətənpərvərlik hissi, Ali Baş Komanda­na tükənməz inam ümidlərimizi artırır.

Bu gün rəhbərlik etdiyim “Bərdə-Çörək” Açıq Səhmdar Cəmiyyətinin kollektivi bütün çətiliklərə baxmayaraq, öz işini davam etdirir.

Bərdəlilər də bu gün cəbhədə döyüş rəşadəti göstərir, onların da arasında şəhidlərimiz var. Ancaq rayon sakinlərində qələbəyə inam güclü­dür. Bizi heç bir təcavüzlə qorxu­da bilməzlər, bu torpağın sakinləri döyüşkən, mübariz insanlardır. Bərdə öz tarixində belə təcavüzləri çox görüb və həmişə də qəhrəmanlıq ruhunu qoruyb saxlayıb.

Bir məsələni də qeyd etmək istəyirəm. Mən həmin anlarda hadisə baş verən ərazidə idim və orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gərgin fəaliyyətinin şa­hidi oldum. Bəli, nazirliyin əməkdaşları böyük şücaət göstərirlər. Tərtərdə də, Gəncədə də, Bərdədə də onlar böyük qəhrəmanlıqlar göstərdilər.

Azərbaycan xalqı heç vaxt belə həmrəy olmamışdır. İqtidarla xalqın birliyi qələbəmizin rəhnidir. Cənab Prezident də xalqa müraciətində bunu bir daha vurğuladı: “Bu gün biz hamı­mız, bütün Azərbaycan xalqı xalqımı­zın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq”.

Bütün bərdəlilər də Ali Baş Ko­mandanın ətrafında sıx birləşmişlər. Qələbəmiz isə uzaqda deyil. Qarabağ Azərbaycandır!..

Məhərrəm ŞƏFİYEV,
“Bərdə-Çörək” ASC-nin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

31 Oktyabr 2020 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə