Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qərbin qəribə atəşkəsi: Ermənistan atsın, siz yox!

ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 25-də bəyanat yayıb. Artıq bəlli olduğu kimi, söhbət Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sentyabrın 27-dən başlamış yeni fazasındakı atəşkəsdən gedir. Humanitar atəşkəs birinci dəfə deyil, ikinci dəfə də deyil, artıq üçüncü dəfədir, elan olunur. Əgər qısa müddət ərzində iki tərəf arasında üçüncü dəfə atəşkəsə zərurət yaranıbsa, deməli, atəşkəs atəşi kəsmir. Bəs niyə kəsmir? – Cavab çox sadə, çox aydındır: Ermənistan atəşkəsə əməl etmir! Ermənistan nə hərb bacarır, nə sülh. Ermənistanı kapitulyasiya aktına vadar edənədək dinc duran deyil. Heç ondan sonra da dinc durması inandırıcı deyil.

Heç təsadüfi deyil ki, oktyabrın 26-da saat 08.00-dan qüvvəyə minmiş üçün­cü humanitar atəşkəs qüvvəyə minər-minməz, Ermənistan tərəfindən yenə pozuldu. Operativ rəsmi açıqlamalara diqqət edək:

– 26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonu­nun Səfiyan kəndindəki bölmələrini artil­leriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur.

– Səhər saatlarından başlayaraq, Ermənistanın Berd, Çəmbərək və Varde­nis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayon­larının əraziləri düşmən tərəfindən atəşə tutulub. – Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, eyni zamanda, Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

– Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur. Yeni humanitar atəşkəs rejiminin elan olunmasına bax­mayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur...

10 oktyabr 2020-ci il Moskva Birgə Bəyanatı,18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşinq­tonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılaşdırılıb.

Moskva, Paris, Vaşinqton… ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin paytaxtları… Bu üç paytaxt üç on il boyunca Ermənistanı bəsləmişdir. Burada gizlədiləsi bir şey yoxdur, bu, belədir. İndi nə oldu da, ard-arda üç böyük paytaxt atəşkəs, atəşkəs deyib də durub?! Xeyir ola?! İşğalçıya işğal­çı deməyənlər, atəşin, döyüşün kimin torpaqlarında getdiyini bilmirmi guya?! Bu böyük paytaxtların diplomatik-siyasi israrının “tərcümə”si nədir? “Azərbaycan, sən atəşkəsə əməl et, Ermənistansa atəşkəsi pozsa da olar”. Öz canınız üçün!

Bəli, atəşkəs atəşi kəsmir, Ermənistan atəşkəsi anındaca, yerindəcə pozur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymamağın, beynəlxalq vasitəçilərin səylərinə say­ğısızlığın bariz göstəricisidir. İşğalçının başını itirmiş baş nazirinin açıqladığı kimi, Ermənistan müharibənin diplomatik həlli yolunu görmür. Düşmənin başlıca məqsədi Azərbaycan torpaqlarının hərbi işğalını davam və inkişaf etdirməkdir. “Yeni müharibə, yeni torpaqlar” – bunu Həsənov deməmişdi, Tonoyan demişdi…

Heç kəs bizdən birtərəfli atəşkəs gözləməsin, iki tərəf arasındakı atəşkəs məhz ikitərəfli olmalıdır. Birmənalı şəkildə bilinməlidir ki, atəşkəsin pozulmasına, bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Atəşkəs üçün hər dəfə dəridən-qabıqdan çıxan Ermənistandır. Ermənistanın dişinin dibində 90-cı illərin şirəsi qalıb: Azərbaycanı sadəlöhv yerinə qoyacam, atəşkəsi fürsət bilib, yeni ərazilər işğal edəcəm. Heç unutmamışıq, BMT-nin məlum qətnamələri qəbul olunduqca, biz işğalçının torpaqlarımızdan çıxmasını de­yil, daha yeni işğallar həyata keçirməsinin şahidi olurduq. Adamlar BMT-nin qətnamələrini vecinə almır, indi durub, ATƏT-in Minsk qrupunumu eşidəcəklər?

İşğal edilmiş torpaqlarını ard-arda azad edən dövlətimiz hazırda yalnız müharibə cəbhəsində deyil, siyasi-diplo­matik cəbhədə böyük mübarizə içindədir. Republikamıza xaricdən – erməni ha­vadarlarından çoxsaylı, ardıcıl təzyiqlər edilir. Məqsəd aydındır: müzəffər ordu­muzun sarsıdıcı zərbələrindən acına­caqlı duruma düşən Ermənistanı xilas etmək, ona öz işğalçılıq praktikasında mümkün qədər daha çox dirəniş üçün münbit ortam təmin etmək. Buyurun, ha­vadarlarının Ermənistana geniş imkanlar açdığını vurğulayan cənab Prezidentin sözüdür: “Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Sanki onlar öz reallıqlarını bizə yeritmək istəyirlər. Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır.

Biz torpaqlarımızı azad etməyə baş­layanda hər tərəfdən təzyiqlər gördük. 28 ildə süründürməçilikdən, danışıqlar­dan bezmişik, biz bezmişik düşmənlə danışıq aparmaqdan. Özü də deyirdilər ki, ancaq sülh, başqa varinat yoxdur. Biz BMT qətnamələrini təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Amma bunların fəaliyyəti Ermənistanı, Xocalı soyqırımını törədəni, Gəncəni ballistik raketlə bombalayanı müdafiə etməkdir”.

Budur, ölkəmiz belə təzyiqlərin daha birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı yaşadı. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları Bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı mühüm qətnamələrə istinadı daxil etmədi. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınma­sı ilə bağlı təkidli mövqeyini də qəbul etmədi. Nəzərə alsaq ki, BMT TŞ-nin 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupunun həmsədridir, Minsk qrupunun, ən azı həmsədrlik institutunun öz funk­siyalarını qəti şəkildə yerinə yetirmədiyi, sülhyaratma missiyası daşıdığı halda, ədalətli sülhü dalana dirədiyi aşkardır. Bu həmsədrlərlə irəli getmək mümkün deyil! Geriyə getməyəsə biz imkan verməyəcəyik!

Gəlin, Azərbaycanın haqlı mövqe­yini sonadək müdafiə edən ölkələri bir daha qeyd edək: İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyet­nam, Güney Afrika Respublikası və Sent-Vinsent və Qrenadin! Beynəlxalq hüququn, ədalətin, haqlı Azərbaycanın yanında olan bu 7 ölkənin hər birinə könül dolusu təşəkkürlər! Heç kim unudulmur, heç nə yaddan çıxmır! Bu ölkələrin hər biri Qoşulmama Hərəkatının və eyni zamanda, hazır­da Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan Prezidenti adıkeçən mərd ölkələrin dövlət və hökumət başçılarına təşəkkür məktubunda qeyd etdiyi kimi, bu ölkələrin belə qəti mövqe göstərməsi onların Bandunq prinsiplərinə, Qoşul­mama Hərəkatının dəyərlərinə sadiq­liyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Bu yerdə, bir məqama da vurğu edək: yaxşı xatırlayıram, Azərbaycanın Qoşulmama Hərəkatına önəm verməsi, bu hərəkat çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişafı radikal müxalifət tərəfindən kəskin tənqid olu­nurdu, hətta, o tənqidlər bir çox hallarda təhqiramiz şəkil alırdı. Heç olmazsa indi qabiliyyətləri çatıb, üzr istəsələr, yanlışlıqlarından imtina etsələrdi... Öz yalan-yanlışında israr etmək vecsizlikdir, yaramazlıqdır... Yanlışını etiraf etməksə ərdəmlik əlamətidir.

Yenidən 3-cü humanitar atəşkəsə qayıdaq. Atəşkəs, siyasi danışıqlar, sülh mövzusunda etibarını çoxdan itirmiş Ermənistanın yalnız Gəncəyə raket və ağır artilleriya hücumları nəticəsində 10 qadın, 6 uşaq olmaqla 26 nəfərin həlak olduğunu, 138 nəfərin (onlardan biri Gəncə sakini olan yaşlı erməni qadındı) yaralandığını, şəhərin mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini yada salaq. Ümumən sentyabrın 27-dən bəri 65 nəfər dinc sakinimiz həlak olub (onlar­dan 18-i qadın, 10-u uşaqdır), 297 nəfər yaralanıb (onlardan 69-u qadın, 32-si uşaqdır). Bu vəziyyətə ATƏT-in Minsk qrupu həmsədrləri bir urvatlı reaksiya verdimi? Onların uşaqları uşaqdır da, bizimkilər (üzr istəyirəm) dovşandırmı? Bizdən nə qədər öldürsələr yeri var, eləmi? Ancaq biz işğalçının əlisilahlı hərbçisini belə hədəf almamalıyıq, hə?

Uzun sözün qısası, ATƏT-in Minsk qrupu da, başqa maraqlı tərəflər də mütləq qəbul etməlidir: Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konk­ret vaxt cədvəli müəyyən edilməlidir. Kimlərsə, işin-gücün bu vaxtında humanitar atəşkəsin monitorinqi üzrə parametrlər müəyyənləşdirmək sevdası­na düşübsə, o parametrlər ilk növbədə, Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Ədalətli sülh prinsiplərini yaxına qoymayan, daha bu günlərdə “Diplomatik həll yolu yoxdur” deyən Paşinyan, artıq məcbur olub 3-cü dəfə atəşkəs üçün yalvardısa (danışıqlar üçün bu dəfə ABŞ-dan imdad dilədisə), artıq hiyləyə, riyaya, yalana son qoysun, özünü normal, ciddi dövlət adamı kimi aparsın (əlbəttə, əgər bu, mümkünsə).

Nəzərə alsaq ki, Ermənistana müxtəlif mənbələrdən yeni silahların daşınması davam edir. Bu bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsə qətiyyən riayət etməyəcək. Ermənistan elə güman edir ki, atəşkəs oyunu yenə baş tutacaq. Oyun baş tutmayacaq, bu dəfə də, müzəffər Silahlı Qüvvələrimiz işğalçıya toy tutacaq! Pa­şinyan bütün oyunlardan imtina etməlidir, necə ki, daha Cıdır düzündə sərxoş halda oyun oynaya bilmir...

Əkbər QOŞALI, şair-publisist

31 Oktyabr 2020 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə