Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda geosiyasi durumu dəyişməyə nail olub

Müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatlarının gedişində böyük uğurlar qazanıb. Cəbhənin bu və ya digər istiqamətlərindən hər gün qələbə xəbərləri gəlməkdədir. Artıq 160-dan çox yaşayış məntəqəmiz – şəhərlər, kəndlər işğalçılardan azad edilib. Azad edil­miş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi “tvitter” səhifəsində mütəmadi olaraq paylaşımlar edir. Dövlət başçısı bu günlərdə Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində də ordu­muzun qələbələrindən geniş söhbət açıb.

Bu barədə fikirlərini bizimlə bölüşən iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Teymur ZEYNALOV dedi:

– Azərbaycan Prezdenti İlham Əliyevin müsahibəsini diqqətlə dinlədim. Onun aşağıdakı fikirləri hazır­kı geosiyasi məkanda Azərbaycanın yerini müəyyənləşdirmək baxımın­dan olduqca maraqlıdır: “Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və eti­mada əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansısa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır”.

Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks”a müsahibəsində söylədiyi bu fikir ölkəmizin birbaşa iştirakı ilə formalaşmış yeni reallıqlar haqqındadır. Dövlətimizin lideri açıq şəkildə elan edib ki, artıq köhnəlmiş stereotiplər keçmişdə qalıb. Yeni reallıqları isə hazırkı siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. Odur ki, bu gün bizim regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranıb.

Prezident təsdiq edir ki, hazırda Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq möcvuddur. Amma bu, son deyil və gün gələcək ki, bu ölkələr dördtərəfli for­matda da fəaliyyət göstərə biləcəklər. Bu əməkdaşlıq həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geo­siyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm baza ola­caq. Ermənistanın da bu proseslərə qoşulmasının mümkünlüyünə toxunan Prezident İlham Əliyev deyib: “Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qal­mamalıdır. Ermənistan bura­ya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.

Dövlət başçısı onu da bildirib ki, bundan sonra Ermənistandan ötrü heç kim vuruşmayacaq. Ona görə də Yerevanda anlamalıdırlar ki, əgər Azərbaycanla qarşıdur­manı davam etdirərlərsə və bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərlərsə, bu ölkələrin qarşısında necə dura bilərlər. Bununla bağlı Prezident deyib: “Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqı­mıza gətirdiyi bütün ağrı-acı­lara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun”.

Söhbəti yazdı:

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə