Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19: antirekord göstəricilər hər birimizi narahat etməlidir

Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları, təəssüf ki, kəskin artmağa başlayıb. Bu il oktyabrın 29-da 1015 nəfərdə COVID-19 aşkar edilib və bununla da ilk dəfə antirekord yoluxma faktı qeydə alınıb. 9 nəfər xəstəlikdən dünyasını dəyişib.

Koronavirus infeksiyasının yayılması­nın, onun törədə biləcəyi fəsadların qar­şısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karan­tin rejiminin müddəti 2020-ci il dekabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq, karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qa­dağan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Ekspertlər hesab edirlər ki, havala­rın soyumağa başlaması COVID-19-un və digər mövsümi xəstəliklərin aktivləşməsinə şərait yaradır. Çünki ha­vaların soyuması nəticəsində immun sis­temi zəifləyir, vətəndaşlar qapalı şəraitdə daha çox vaxt keçirirlər, otaqlar gec-gec havalandırılır ki, bu da həm infeksion xəstəliklərin, həm də hazırda dünyada tüğyan edən SARS-CoV-2-nin artmasına səbəb olur.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Gü­nay Əliyevanın fikrincə, hazırda hər bir vətəndaş ikiqat məsuliyyətli davranmalı­dır: “Sağlamlığımızı qoruyaraq həkimlərə, dövlətimizə, ordumuza kömək etmiş olacağıq. İlk gündən bəri koronaviru­sa yoluxmanın qarşısını almaq üçün mütəxəssislərin dönə-dönə tövsiyə etdiyi qaydalar dəyişilməzdir. Həm özümüz əməl etməliyik, həm də ətrafımızdakıların əməl etməsinə çalışmalıyıq. Burada ictimai qınaqdan yararlanmaq lazımdır. Maskadan düzgün istifadə etməli, əllər su ilə azı 20 saniyə yuyulmalı, sosial məsafə gözlənilməlidir. İlk simptomlardan sahə həkimlərinə müraciət olunmalıdır. Bununla həm özümüzü qoruyuruq, həm də ordu­muza, həkimlərimizə kömək edirik”.

Həkim-pulmonoloqun sözlərinə görə, kütləvi toplanış məkanlarında, ictimai nəqliyyatda mütləq maska taxılmalıdır, həmin məkanı tərk edəndən, avtobus­dan düşəndən sonra imkan varsa, əllər yuyulmalı və ya dezinfeksiya olunmalıdır. Maska düzgün taxılmalı, ağız və burun boşluğunu tam örtməlidir. Onu günlərlə istifadə etmək düzgün deyil, mütləq yenisi ilə əvəzlənməlidir. Maskanı cibdə gəzdirmək, büküb əldə saxlamaq onun qoruyuculuğunu azaldır. Ünsiyyətdə olarkən hər iki tərəfin maskada olması yoluxma ehtimalı cəmi 1 faiz və ondan az olmasına səbəb olur.

Bu günlərdə Azərbaycan Respubli­kasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Trend” agentliyinə müsahibəsində deyib ki, biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Azərbaycan epidemiya­nın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olub. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltma­ğa kömək etmişdir.

Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək müm­kün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemi­yaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir.

Azərbaycan da dünyanın bir parça­sıdır, ətraf aləmdən tam təcrid olunmaq mümkün deyil. Ölkə vətəndaşları korona­virusun təhlükəli olduğunu unutmamalı, elementar qaydaları gözləməli, məsafəyə riayət etməli, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməlidirlər.

Azərbaycan Bəstəkarlar İttifaqı­nın sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, müharibənin getdiyi bu çətin zamanda bizim şanlı Milli Ordumuz hər gün bizi sevindirir. İtkilərimiz də var: bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma digər tərəfdən də son vaxtlar ölkəmizdə pandemiyanın yayılması bizi narahat edir.

Onun sözlərinə görə, biz təkcə özü­müzü yox, bütün xalqımızı, ordumuzu və qələbəmizi düşünməliyik: “Bu gün hər birimiz nizam-intizamlı olmalıyıq. Gigiye­na qaydalarına əməl etməli, qayda-qa­nunlara tabe olmalıyıq.

Bəziləri karantin qaydalarına riayət etməyərək nə özlərinin həyatını qoruyur, nə də ətrafdakıları düşünürlər. Axı özləri də yoluxa bilərlər, başqalarını da yolux­dura bilərlər”.

Xalq artisti bir daha vətəndaşları diqqətli olmağa çağırıb: “İstəyərdim ki, on milyonluq xalqımızın bir üzvü belə xəstələnməsin. Hamı sağ-salamat bu pandemiyadan çıxsın və qələbəni birlikdə şad-xürrəm qarşılayaq. Gərək hamı diqqətli olsun. Pandemiya böyük təhlükədir, onunla zarafat etmək olmaz, çox ehtiyatlı olmalıyıq”.

Bəli, bu gün hər birimiz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalsaq, sayıq və intizamlı olsaq, həm ön cəbhədəki əsgərlərimizə kömək edər və həm də onları qorumuş olarıq. Gəlin, bunu unut­mayaq!

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

31 Oktyabr 2020 00:06 - CƏMİYYƏT
CƏMİYYƏT
25 Noyabr 2020 | 03:25
“Xristian irsimizi tanıyaq”

Köhnə versiyamızdan xəbərləri izlə