Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçenov Universitetinin Bakı filialının rektoru dünyanın tibb universitetlərinə müraciət edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialının rektoru, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş və boyun onkolo­giya sahəsində aparıcı mütəxəssis, professor Əziz Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyalarının qarşısının alınması üçün görülən tədbirlər və bu sahədə yaranmış vəziyyət barədə MDB ölkələrinin və dünya­nın tibb universitetlərinə müraciət edib.

Seçenov Universitetinin Bakı filialından AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir:

“Hörmətli həmkarlar.

Son bir ay ərzində dünya ictimaiyyətinin diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəlib.

30 ildən artıq müddətdə davam edən bu münaqişə öz faciəviliyi ilə fərqlənir, onun nəticələri 10 milyonluq Azərbaycan xalqının taleyində ciddi izlər qoyub. 1990-cı illərin əvvəlində Ermənistan hərbi təcavüzə başlayaraq Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağı işğal edib, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi rayonunu da zəbt edib, ölkəmizin ərazisinin təqribən 20 faizi işğal altında qalıb. Bu təcavüz nəticəsində 1 milyon insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb.

Azərbaycanın ərazi bütövlüyü, su­verenliyi və beynəlxalq səviyyədə tanın­mış sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Ötən illər ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların ana­loji qərarları qəbul edilib. Bu sənədlərdə erməni silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin Ermənistan qəbul edilmiş beynəlxalq nor­maları tanımaqdan və yerinə yetirməkdən bilərəkdən imtina edib və yenə imtina edir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il oktyabrın 22-də “Valday” diskussiya klubunun 17-ci iclasın­dakı çıxışında qeyd edib ki, Azərbaycan ərazisinin xeyli hissəsinin itirilmiş olduğu vəziyyət əbədi davam edə bilməz.

ABŞ-ın NATO-dakı xüsusi nümayəndəsi Key Deyli Hatçinson 2020-ci il oktyabrın 21-də keçirilmiş xüsusi onlayn brifinqdə deyib: “...ABŞ kimi, Rusiya kimi NATO da Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır. Bu münaqişə 30 ildir ki, davam edir... Onu sərhədlər və suve­renlik çərçivəsində nizamlamaq lazımdır”.

Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır” şüarı ilə çıxış edərək danışıqlar prosesini ilbəil açıq-aydın pozur, hərçənd danışıqların mövzusu məhz Dağ­lıq Qarabağın statusu məsələsidir. Bundan sonra ermənilər daha hədələyici və açıq təcavüzə dəlalət edən “Yeni ərazilər uğ­runda yeni müharibə” şüarını irəli sürüblər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının bu yaxınlarda keçirilmiş 75-ci sessiyasındakı çıxışın­da bütün bu məqamları konkret faktlara əsaslanaraq dünya birliyinin diqqətinə çatdırıb.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri qərəzli və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından istifadə etməklə bizim hərbi mövqelərimizi və ən dəhşətlisi – yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutmağa başla­yıblar. Bu hərbi təcavüz Azərbaycanı BMT Nizamnaməsinə müvafiq olaraq özünümüdafiə hüququndan istifadə etməyə və əks-hücum əməliyyatı keçirməyə sövq edib.

Öz doğma torpaqları uğrunda və yalnız öz dövlətinin ərazisində vuru­şan Azərbaycan Ordusunun uğurlu əks-hücumunu görən erməni tərəfi Azərbaycanın dinc şəhərlərini və kəndlərini şiddətli atəşə tutur, bu zaman beynəlxalq hüquq normalarına əsasən istifadəsi qadağan edilmiş kasetli bom­balardan istifadə edir. Oktyabrın 11-də humanitar atəşkəs elan ediləndən sonra Azərbaycanın Gəncə şəhərinin və digər ərazilərinin raket atəşinə tutulması nəticəsində 63 nəfər dinc sakin həlak olub, aralarında uşaqların da olduğu 300-dən çox insan yaralanıb. Xüsusi qeyd etmək lazımdır ki, bu zərbələr Ermənistan ərazisindən endirilir. Ermənistan döyüş əməliyyatlarına üçüncü tərəfləri cəlb etmək üçün ölkəmizi cavab zərbəsi endirməyə təhrik edir.

Bu halda Ermənistan beynəlxalq nor­maları pozaraq xarici ölkələrdən muzdlu hərbçiləri cəlb edir və bundan əlavə, beynəlxalq arenada, o cümlədən sosial şəbəkələrdən geniş istifadə edilməklə Azərbaycana qarşı terror çağırışları yayır. Təcavüzkar bilərəkdən yalan, qeyri-mötəbər informasiyanı yaymaqla, dünya birliyinə yanlış məlumat verir, beləliklə, tammiqyaslı regional müharibəyə təhrik edir, üçüncü ölkələri bu müharibəyə cəlb etməyə çalışır, bütün regionu və bütövlükdə, dünyanı böyük təhlükəyə məruz qoyur.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və beynəlxalq xəbər agentliklərinə çoxsaylı müsahibələrində dəfələrlə bəyan edib ki, “...Diplomatik həll danışıqlar masası üzərindədir. Ermənistan Dağ­lıq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Azərbaycanlılar bu ərazilərə qayıtmalı, sonra isə ermənilərlə birlikdə yaşamalıdırlar. Azərbaycan ərazisində sülh şəraitində və layiqli yaşayan bütün digər xalqlar kimi həmin ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bizim mövqe­yimiz belədir... Bu həll Azərbaycanın ərazi bütövlüyünə əsaslanır”.

Bizi başa düşdüyünüzə görə, sizə əvvəlcədən təşəkkür edirəm və ümidva­ram ki, siz insanların həyatının və sağlam­lığının xilas edilməsi naminə bu məsələyə laqeyd qalmayacaqsınız.

Seçenov Universitetinin Bakı filialı dünyanın bütün universitetlərini, tibb müəssisələrini, habelə tibbi ictimaiyyəti qanunun aliliyinin möhkəmləndirilməsi, insan haqlarının və əsas azadlıqların müdafiəsi üzrə bizim çoxtərəfli səylərimizi, Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırır!”

Müraciət aşağıda sadalanan universitetlərə göndərilib: İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universi­teti (Seçenov Universiteti) Federal Dövlət Təhsil Müəssisəsi; “Harvard International Office”; “Johns Hopkins University”; “Yale University”; “Stanford University”; “Univer­sity of California, Los Angeles”; “Imperial College of London”; “Karolinska Institute”; “University of Melbourne”; “University of Cambridge”; “University of Oxford”; “University of Illinois College of Medicine”; “Technical University of Munich (TUM)”; “Medical University of Vienna”; “Medical University of Warsaw”; “Medical University of Graz”; “Medical University of Silesia”; “Medical University of Lublin”; “International Medical School, University of Milan”; “Uni­versity of Toronto Mississauga”; “McMaster University (Canada)”; “Kyoto University; University of Tokyo”; “Osaka University”; “University of Canberra”; “The Univer­sity of Sydney”; Sankt-Peterburq Dövlət Universiteti; A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universiteti; İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti; Akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Univer­siteti; Rusiya Xalqlar Dostluğu Universiteti; Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Kazan Dövlət Tibb Universiteti; N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Uni­versiteti; Belarus Dövlət Tibb Universiteti; A.A.Boqomolets adına Milli Tibb Universite­ti (MTU); Kiyev Tibb Universiteti; P.L.Şupik adına Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyası; S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti; Astana Tibb Universiteti; Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb İnstitutu; Tbilisi Dövlət Tibb Universiteti (TDTU).

31 Oktyabr 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə