Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Təcavüzkarın tanınması” koalisiyası de-fakto formalaşıb

Azərbaycan bu gün özünün ən yeni tarixinin şərəfli və məsuliyyətli mərhələsindədir. Müasir dünya tarixində işğalçını təkidlə sülhə səsləmək çağırışlarında da Azərbaycan nümunəsi bərqərar olur.

Növbəti mərhələdə sülhəməcburetmə taktikasının seçimini isə düşmənin uzun illər diplomatiya mədəniyyətini ko­budcasına pozması, beynəlxalq hüquqa hörmətsizlik göstərməsi və ən əsası tarixi ərazilərimizi işğalda saxlamasının nəticəsi ola­raq təhlil etməliyik. Cənab İlham Əliyev həmişə problemin həllində həm beynəlxalq hüquq, həm də Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas tutmuş, həmçinin Ermənistan silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasından sonra Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verəcəyini bildirmişdir. Paşin­yanın hakimiyyətə gəlməsi və indiki Ermənistan hakimiyyətinin əvvəlkilərdən daha radikal və qey­ri-konstruktiv mövqe tutması isə məsələnin həllinə yeni yanaşma­ları zəruri etdi. Son iki ildə birtərəfli və çoxtərəfli danışıqların hər birini Ermənistan hərbi-siyasi dairələri dərhal pozaraq radikal çağırışlar etmişlər.

Məsələyə müqayisəli və tarixi yanaşma metodları ilə nəzər salsaq, erməni tərəfinin pozuculuq və faşizm niyyəti üzə çıxır. Ermənistanın bu gün dünya ictimaiyyəti tərəfindən işğalçı dövlət kimi tanınması baş verir. “Təcavüzkarın tanınması” koalisiyası de-fakto formalaşmış­dır. Sözsüz ki, 26 illik atəşkəs dövrü (erməni tərəfinin atəşkəs prinsiplərini daim pozmasına baxmayaraq) Azərbaycana təcavüzkarın tanınması istiqamətində diplomatik səyləri artırmağa imkan yaratdı. Bu gün şanlı Azərbaycan Ordusunun azad etdiyi doğma ərazilərimizin infrast­rukturundakı vandalizm əlamətləri özü də Ermənistan hərbi-siyasi birləşmələrinin neofaşist olması faktını təsdiqləyir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev düşmənin dinc əhaliyə atəş açması kimi görünməmiş terrora əl atdığı bir dövrdə dinc erməni sakinlərinə ərazilərimizdə nor­mal şəraitin yaradılacağı barədə mesajı yüksək tolerantlıq və multikulturalizm ideyalarına söykənir. Bunu bütün dünya görür və artıq hamıya aydın olur ki, Ermənistanın Dağlıq Qarabağda hərbi xunta yaratması bütövlükdə, Cənubi Qafqaz və region üçün yaxşı heç nə vəd etməzdi.

Azərbaycanın haqlı mübarizəsinə yüksək siyasi dəstək göstərən Türkiyənin mövqeyi də Cənubi Qafqazda sabitliyin bərqərar olması, separatizm və si­yasi vandalizmin artikulyasiyasına qarşı yönəlmişdir. Tam əminliklə, demək olar ki, Azərbaycan dövlətinin öz ərazisində apar­dığı antiterror əməliyyatları ilə hesablaşanların sırası artmaq­dadır. Region, eləcə də dünya ictimaiyyəti üçün birmənalı olaraq dərk ediləndir ki, Azərbaycan həm də sülhəməcburetmə əməliyyatı aparır. Ölkəmizin ədalətli səsinə dəstək olanlar ABŞ-da da artmaq­dadır. Bütün bunlar “təcavüzkarın tanınması” koalisiyasının genişləndiyini göstərir. Qardaş Türkiyə KİV-nin bu istiqamətdə xüsusi tarixi əhəmiyyətli yeri və rolu vardır.

Cənab İlham Əliyev son müsahibələrində Rusiya tərəfini Ermənistana silah satmaqla işğal­çı Ermənistana hərbi güzəştlərdə qınadı. Bu haqlı mövqeyə Rusiya mediasının münasibəti birmənalı deyildir. Rusiya mediasında ölkəmizin haqlı mücadiləsinə dəstək olan tərəqqipərvər qüvvələr genişlənir. Rusiya Prezidenti Azərbaycanın öz ərazisində apar­dığı antiterror planına qarışmadı­ğını, bunun Azərbaycanın daxili işi olduğunu bildirir.

Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı razı­laşma cəhdlərinin Ermənistan tərəfindən dərhal pozulması və bunun ardınca Gəncədə dinc sakinlərə qarşı ardıcıl faciə törətməsi rəsmi Moskva üçün də aydın olmalıdır ki, hazırki Ermənistan hakimiyyəti və silahlı qüvvələri region üçün təhdiddir.

Azərbaycan Prezidentinin strategiyası aydın və dəqiq məqsədlərə hesablanmışdır. Cənab İlham Əliyev işğal al­tında olan ərazilərimizin azad olunması məsələlərini regional təhlükəsizliklə vəhdətdə gö­rür. Bəli, bu gün erməni hərbi birləşmələrinin tarixi Azərbaycan ərazilərində qalması həm də regionun sabahı üçün böyük təhdiddir. Heç bir iqtisadi gücə malik olmayan Ermənistan Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qaçaqmalçılıqla silah toplayır. Ermənistanın diplomatik qaydalara və müharibə qaydala­rına sığmayan hərbi siyasi kursu “Təcavüzkarın tanınması “koalisi­yasını de-yure zəruri edir.

Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu şanlı tarix yazır. Bu, ölkəmizin ən yeni və daha bir şərəfli tarixi olmaqla aşağıdakı amilləri özündə birləşdirir:

Milli-mənəvi amillər:

–milli mənlik şüurunun möhkəmlənməsi, milli dəyərlərin qorunması;

–tarixi yaddaşa qayıdış, mənəvi-dini irsin işğaldan azad edilməsi.

Hüquqi-siyasi baxımdan:

–ölkənin ərazi bütövlüyü, Konstitusiyanın qorunması;

–ərazilərimizin qaytarılması;

–bir milyondan artıq azərbaycanlı məcburi köçkünün öz dögma ərazilərinə qayıdışı.

Beynəlxalq miqyasda:

–BMT-nin və Beynəlxalq hüquq normalarının işləmə mexanizmlərinə dəstək;

–işğalçı danışıqlara gəlməyəndə sülhəməcburetmə taktikası;

–humanist bəşəri dəyərlərin xilası;

–separatizmdən neo-faşizmə keçidin qarşısını almaq.

30 ilə yaxındır ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinə çalışmışdır. Hətta Ermənistanın siyasi rəhbərliyi aparılan danışıq­lardan sonra neofaşist, separatçı bəyanatlar səsləndirəndə də Azərbaycan Prezidenti yüksək siyasi mədəniyyət göstərmiş, problemin sülh yolu ilə həlli çağı­rışlarını davam etdirmişdir. Bütün humanist addımlara rəgmən bu gün həm region, həm yaxın Şərq, eləcə də Şərqi Avropa, bir çox Qərbi Avropa, eləcə də Orta Asiya ölkələri Azərbaycan dövlətinin haqlı mübarizəsinə dəstək ol­duqlarını bildirirlər. Azad edilən Azərbaycan ərazilərində törədilmiş vandalizm aktları “təcavüzkarın tanınması” koalisiyasının de-yure olaraq yaradılmasını qaçılmaz edir.

N.Paşinyan siyasi hakimiyyətə gəldikdən sonra erməni tərəfi nəinki sülh yolu ilə problemin həllinə çalışmadı, əksinə, tarixi Azərbaycan ərazisində hərbi xun­tanı daha da möhkəmləndirməklə aqressiv separatizm mərhələsinə qədəm qoydu. Üstəlik, hər gün ölkəmizin ərazilərini atəşə tut­mağa və müharibə bəyanatları səsləndirməyə başladılar. Bu gün Azərbaycanın apardığı Vətən müharibəsi öz ərazilərimizi düşməndən azad etməklə bərabər, regionda xoş atmosferin tənzimlənməsinə yönəlmişdir. Ölkə başçımız “Haber türk”ə verdiyi müsahibədə aparılan mücadilənin humanist-bəşəri tərəflərinə də diqqəti çəkir: “Bütün o torpaqları biz cənnətə çevirməliyik...o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək... Biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir.”

Son günlər Azərbaycan Ordusunun apardığı zəfər yürü­şü Ermənistan siyasi dairələrini ciddi təşvişə salmışdır. Təbii ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsi istiqamətində aparılan bütün hücum əməliyyatlarının məqsədi ölkəmizin ərazi bütövlü­yünü bərpa etməkdir. Azərbaycan bununla, eyni zamanda, BMT-nin işğal edilmiş ərazilərimizin azad edilməsi ilə bağlı 27 il əvvəl çıxardığı qətnamələrin yerinə yetirilməsi prosesini reallaşdırır. Belə ki, həmin qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması məsələsi qoyulurdu və həmin qətnamələrin icrası hələ də kağız üzərində qalırdı. Danışıqlar prosesinə gəlincə, ölkə rəhbəri cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin əsas məntiqi, məzmunu da ondan ibarətdir ki, işğal altında olan ərazilər tamamilə boşaldılma­lı və Ermənistan yaratdığı hərbi xuntadan imtina edərək kənarda dayanmalıdır.

O ki qaldı, Dağlıq Qarabağın erməni əhalisinə, Azərbaycan, təbii ki, multikultural ölkə ola­raq onların rahat yaşayışına təminat verir. İllərlə davam edən ikitərəfli və çoxtərəfli danışıq­lar proseslərinin təhlilinə nəzər salsaq, aydın olur ki, məsələnin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olan Azərbaycanla erməni tərəfi xarici görüşlərdə müəyyən razılı­ğa gəlmək niyyətlərini bildirsələr də Yerevana qayıdan kimi, dərhal neofaşist bəyanatlarla çıxış edərək bütün danışıqları alt-üst etmiş, siyasi-diplomatik mədəniyyəti kəskin pozmuş­lar. Bu addımların mərhələlərlə davamı artıq elə bir səviyyəyə gəlib çatdı ki, Ermənistan siyasi rəhbərliyi öz diplomatik karye­rasını belə əməlləri ilə iflasa uğratdı.

Bu gün Ermənistanı dəstəkləyən qüvvələrin də sayı azalmağa başlamışdır. Bu, həm də, Ermənistan siyasi rəhbərliyinin heç bir diplomatiya qaydala­rına sığmayan hərəkətlərinin nəticəsində yaranmışdır və nəticədə, əminliklə demək olar ki, de-fakto “təcavüzkarın tanın­ması” koalisiyasından de-yure mərhələyə keçidin əsasları formalşmaqdadır. Ermənistanın işğal etdiyi bütün yaşayış məntəqələrimizin infrastrukrunu darmadağın etməsi, xalqımızın maddi-mədəni irsinin, tarixinin silinməsinə yönələn vandalizmi həm də bəşəri cinayətdir. Tarixdə isə hər hansı bəşəri cinayətin cəzasız qalması faktı mümkün­süzdür.

Hüseyn İBRAHIMOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru

31 Oktyabr 2020 00:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə