Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haq­qında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində saxlanılıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, iqtisadiyyat­da inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyü şəraitində inflyasiya səviyyəsi azalmaqda davam edir və qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda formalaşır. Lakin COVID-19-un ikinci dalğası­nın gücləndiyi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində qlobal iqtisadi artımın bərpası perspektivinin pisləşməsi, neft bazarlarında qiymət dəyişkənliyi, regionda geosiyasi risklərin və uyğun olaraq qeyri-müəyyənliklərin əhəmiyyətli artması uçot dərəcəsinin azaldılması potensialının reallaşdırılması imkanla­rını məhdudlaşdırır. Bütün bunlar qısa və ortamüddətli dövrə risklər balansının yenidən qiymətləndirilməsini şərtləndirir.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi azalıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Məcmu tələbin zəif olduğu şəraitdə rəsmi statistikaya görə, sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib.

Son 1 ildə istehlak səbətinə daxil olan məhsulların 9,2 faizinin qiyməti dəyişməyib, 10,8 faizinin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 55 faizi­nin qiymət artımı 2 faizdən aşağı olub. İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nü­mayiş etdirir. Ərzaq inflyasiyası illik 4,3 faiz təşkil edib. Daxili ərzaq inflyasiyası­nın səngiməsi dünya ərzaq qiymətlərinin son 12 ayda 5 faiz artması şəraitində baş verib. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda dəyişməyib, xidmətlər 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin illik dəyişimi müvafiq olaraq 1,4 faiz və 1,2 faiz təşkil edib.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə, sentyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və ticarət sahələrində artıb, xidmət sektorunda azalıb, tikinti sekto­runda isə demək olar ki, dəyişməyib. Ev təsərrüfatları arasında sentyabrda aparılan sorğuya görə inflyasiyanın ar­tacağını gözləyən respondentlərin payı 25 faiz təşkil edib ki, bu da iyun üzrə analoji göstərici ilə müqayisədə 7 faiz bəndi azdır. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşır.

Oktyabrda yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi çərçivə sax­lanılmaqla inflyasiyanın 2020-ci ilin so­nuna 2,8-3 faiz, 2021-ci ilə isə 3,6-4 faiz diapazonunda qalacağı gözlənilir. Qeyd olunan proqnoz horizontunda inflyasiya­nın dinamikası monetar şəraitlə yanaşı əhəmiyyətli dərəcədə fiskal siyasətin realizasiyasından asılı olacaq.

Qlobal mühit və xarici sektor göstəriciləri

“Dünyada iqtisadi artımın bərpası prosesi ləng gedir ki, bu da dünya əmtəə və maliyyə bazarlarına ne­qativ təsir edir. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyya­tının dinamikası ilə bağlı proqnozu yaxşılaşdırmaq istiqamətində təshih edib. Yeni proqnoza görə, 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir. Lakin dünyada epidemi­oloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər bu proqno­zun reallaşmasına mənfi təsir göstərə bilər. Bu şəraitdə ticarət partnyoru olan ölkələrdə resessiya daha da dərinləşir, maliyyə və valyuta bazarlarında dalğalanmaların miqyası əhəmiyyətli genişlənir. İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır. Bu da stra­teji valyuta ehtiyatlarının qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarından çoxdur ki, bu da illik ÜDM-un 100 faizini üstələyir. Mərkəzi Bankın valyuta ehti­yatları ilin əvvəlindən 3,4 faiz artıb”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Monetar şərait

E.Rüstəmov deyib: “Əksər pul-kredit göstəricilərinin dəyişimi ötən iclasdan bəri monetar şəraitin əsasən yumşal­dığını göstərir. Cari ilin sonuna dövlət büdcəsi kanalı vasitəsilə pul bazasının genişlənməsi proqnozlaşdırılır. Manatla geniş pul kütləsi son ayda 1,8 faiz, ilin əvvəlindən 1 faiz artıb. İqtisadiyyata kredit qoyuluşları cari ilin 10 ayında 1,9 faiz, o cümlədən biznes kreditləri 2,6 faiz artıb. Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notla­rı üzrə faiz dərəcələri ötən iclasdan bəri azalaraq faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb. Belə şəraitdə banklararası bazarda orta faizlərin və dövlət qiymətli kağız­larının gəlirliyinin də azalması davam edir. Ötən iclasdan bəri yeni verilmiş kredit faizləri azalıb. Monetar siyasətin yumşalmasına baxmayaraq daxili və xarici risklərin dairəsinin genişlənməsi depozit və kredit faizlərinin azalma imkanlarını məhdudlaşdırır. Pandemi­yadan zərərçəkmiş biznesə və maliyyə sektoruna dəstək məqsədilə tətbiq edilən makroprudensial tənzimləmə güzəştlərinin müddətinin gələn il yanvarın 1-dək uzadılması monetar şəraitin yumşaldılmasının transmissiya­sına və real sektorun kreditləşdirilməsi şərtlərinin yaxşılaşdırmasına əlavə dəstək verməkdədir. Ötən iclasdan bəri valyuta bazarında sabitlik və tarazlıq davam edib, manatın məzənnəsi sabit qalıb”.

İqtisadi aktivlik

E.Rüstəmov bildirib ki, yaranmış qeyri-müəyyənliklər milli iqtisadiyyatın öz potensialına tam yaxınlaşmasına mane olur. Daxili və xarici tələbin zəif olaraq qalması, habelə pandemiyanın təsiri ilə məcmu təklifin məhdudlaşması şəraitində rəsmi statistikaya görə, cari ilin 9 ayında ümumi daxili məhsul real olaraq 3,9 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,4 faiz azalıb. İqtisa­diyyatın aparıcı sahələrindən olan qeyri-neft sənayesində 10,5 faiz, kənd təsərrüfatında isə 1,5 faiz iqti­sadi artım qeydə alınıb. Real sektor müəssisələrinin monitorinqinə görə, Biznes İnam İndeksi ötən aya nəzərən qeyri-neft emal, ticarət sahələrində ar­tım meyilli olub, tikintidə və xidmət sek­torlarında eyni səviyyədə qalıb. Bununla belə Biznes İnam İndeksi iqtisadiyyatın bəzi sahələri üzrə neqativ zonada qalır. İstehsal güclərinin yüklənmə səviyyəsi sentyabrda iyuna nəzərən yüksəlib, İstehlakçı İnam İndeksi üçüncü rübdə əvvəlki rüblə müqayisədə aşağı düşüb. İlin qalan dövründə və növbəti ildə iqtisadi aktivlik stimullaşdırıcı fiskal və monetar siyasət, davam edən makrop­rudensial yumşalma ilə dəstəklənəcək. Bu amillər real iqtisadi artımın 2021-ci ildə müsbət zonaya keçməsi ilə bağlı proqnozların reallaşmasını dəstəkləyir. İqtisadi bərpanın dayanıqlı faktorlara əsaslanmaqla baş verməsi əhəmiyyətli dərəcədə makroiqtisadi sabitliyin bundan sonra da qorunmasından asılı olacaq. Azad olunmuş ərazilərdə ge­nişmiqyaslı iqtisadi quruculuq işləri də iqtisadi artıma müsbət təsir edəcək.

İnflyasiya riskləri

Mətbuat konfransında qeyd edilib ki, risklər balansı başlıca olaraq epidemi­oloji və geosiyasi şəraitdən asılı olaraq dəyişməkdədir. İnflyasiyanı artıracaq risklərə başlıca olaraq pandemiyanın ikinci dalğasına qarşı məhdudiyyətlərin yenidən sərtləşdirilməsi fonunda dünya iqtisadiyyatının bərpa perspektivlərinin pisləşməsi ilə dünya enerji məhsulları bazarında və tərəfdaş ölkələrin maliyyə bazarlarında dalğalanmaların əhəmiyyətli artması, regionda geosiyasi gərginliyin yüksəlməsi, dünya ərzaq qiymətlərində bahalaşma meyilinin davam etməsi, fiskal kanallar vasitəsilə cari ilin sonuna gözlənilən monetar genişlənmə aiddir. Digər tərəfdən xarici və daxili tələbin zəif olaraq qalma­sı, neqativ məcmu buraxılış kəsiri, tənzimlənən qiymətlərinin sabitliyi, makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş iqtisadi siyasət çərçivəsi qiymət sabitliyini dəstəkləyir.

Uçot dərəcəsi haqqında növbəti qərar noyabr-dekabr aylarında təzələnmiş inflyasiya proqnozları, makroiqtisadi göstəricilərin dinamikası, pandemiyadan və digər istiqamətlərdən gələn risklərdə dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar oktyabrın 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı cari il dekabr ayının 18-də ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC

30 Oktyabr 2020 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə