Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səfirinin Böyük Britaniya qəzetində məqaləsi dərc olunub

Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayevin Böyük Britaniyanın “The Daily Tribune” qəzetində “Ermənistan Azərbaycanın günahsız mülki şəxslərinə qarşı terror aktı həyata keçirir” adlı məqaləsi dərc olunub.

Səfir məqaləsində bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktı həyata keçirməyə başlayıb. Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirib.

Məqalədə qeyd edilib ki, oktyabrın 9-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri arasında keçirilən görüşdən sonra humanitar atəşkəs razılaşması əldə olunsa da, Ermənistan tərəfi qaydaları pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, eləcə də Tərtərə, Bərdəyə istifadəsi qadağan olunmuş raketlərlə atəş açıb, ballistik raketlərdən istifadə edib. Bu vandalizm aktları nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, çoxsaylı dinc sakin həyatını itirib və yaralanıb.

Ümumiyyətlə, Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Tərtər və digər bölgələrində əhalinin sıx yerləşdiyi ərazilər Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb.

Səfir bildirib ki, sentyabrın 27-dən başlayaraq Azərbaycanın şəhər və kəndlərinə edilən vəhşi hücumlar nəticəsində, ümumilikdə, 90 dinc sakin həlak olub, 392 nəfər yaralanıb, 2500-ə yaxın fərdi ev və çoxmənzilli yaşayış binası, həmçinin 420-dən çox mülki infrastruktur obyekti dağılıb və ya ciddi zədələnib.

Şahin Abdullayev qeyd edib ki, dinc əhaliyə qarşı edilən hücumlar hərbi cinayətdir və Ermənistan buna görə məsuliyyət daşıyır: “Beynəlxalq ictimaiyyət baş verənlərə görə lazımi tədbirlər görməli və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

30 Oktyabr 2020 22:06 -

Köhnə versiyamızdan xəbərləri izlə