Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Eyvazov: Cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun nəzarəti altındadır

Ötən müddət ərzində humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını, o cümlədən Gorus rayonu istiqamətindən Qubadlı rayonunun ərazilərini raket və artilleriya vasitələrindən atəşə tutub. Cəbhənin əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrinin qarşısı qətiyyətlə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 30-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Bərdə və Tərtər şəhərlərinə raket hücumları həyata keçirən düşmənin üç ədəd “Smerç” yaylım atəşli reaktiv sistemi və ermənilərin qondarma özünü müdafiə ordusu adlandırdıqları Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun komandan müavini, o cümlədən düşmənin xeyli sayda canlı qüvvəsi, “Qrad” yaylım atəşli reaktiv sistemi, “Osa” zenit raket kompleksi, P-18 radiolokasiya stansiyası, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu, piyada döyüş maşını, 3 ədəd tankı, 4 ədəd avtomobil texnikası və yeni istismara verilmiş raket-artilleriya silahları anbarı bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları çərçivəsində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə 9 kəndi işğaldan azad edilib.

“Uğursuz fəaliyyətlərini gizlətmək məqsədilə müxtəlif dezinformasiyalar yayan düşmənin guya Azərbaycan Ordusuna aid silah anbarının və pilotsuz uçuş aparatının məhv edilməsi ilə bağlı məlumatları həqiqəti əks etdirmir. Hazırda cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun nəzarəti altındadır. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

30 Oktyabr 2020 21:49 -

Köhnə versiyamızdan xəbərləri izlə