Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK beynəlxalq təşkilatları işğalçı Ermənistanın Azərbaycana qarşı dövlət terrorizmini ittiham etməyə çağırıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Bərdə şəhərininin mərkəzinə dinc əhaliyə qarşı istifadəsi qadağan olunmuş ballastik raketlər atılması nəticəsində çoxsaylı  sakinin ölümünə, yaralanmasına və böyük mülki dağıntıya səbəb olmuş  faciə baş verməsi ilə bağlı beynəlxalq təşkilatlara  müraciət ünvanlamışdır.  Müraciətdə bildirilir:

 

--Rusiya və Amerika Birləşmiş Ştatları tərəfinin təşəbbüsləri əsasında Moskva və Vaşinqton şəhərlərində keçirilən görüşlər nəticəsində üçüncü dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsrlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunmuşdur. Buna baxmayaraq erməni tərəfi özlərinin mənfur xislətinə uyğun olaraq atəşkəsi pozmuş, Azərbaycanın bütün cəbhəboyu istiqamətindəki yaşayış məskənlərini atəşə tutmuşdur. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən Ermənistan hakimiyyətinin göstərişi ilə cəbhə zonasında və ondan kənarda yaşayan dinc əhaliyə məqsədyönlü şəkildə hücum edilir.

 

Təcavüzkar erməni silahlı qüvvələrinin 2020-ci il oktyabrın 27-də saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində biri 7 yaşlı uşaq olmaqla 5 mülki şəxs dünyasını dəyişmiş və 14 nəfər yaralanmışdır. Bu terror aktının üstündən heç bir gün keçməmiş - oktyabrın 28-də saat 13:00 radələrində işğalçı Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin dinc sakinlərinin sıx olduğu məkanlara və ticarət mərkəzlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından zərbələr endirdi. İlkin məlumatlara görə, 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

 

Törədilən bu vəhşiliklər, 1949-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur. Bərdə şəhərində  dinc sakinlərin hədəfə alınması Ermənistanın bu günə qədər olduğu kimi, yenə də beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və konvensiyaları heçə saydığı deməkdir.

 

BMT başda olmaqla Avropa Birliyi, ATƏT-in üzv dövlətləri və digər beynəlxalq təşkilatlar, bir sıra dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya, Fransa  atəşin dayandırılması ilə bağlı Azərbaycan dövlətinə və onun rəhbərinə dəfələrlə müraciətlər etmişdilər. İndi bu qurumların və dövlətlərin rəhbərlərinin atəşkəs əldə olunandan sonra Azərbaycanın dinc əhalisinə, o cümlədən Gəncə, bu gün isə Bərdə şəhərində yaşayan mülki vətəndaşlara qarşı Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaları təəssüf və təəccüb doğurur. İkili standartlara söykənən bu birtərəfli və ermənipərəst mövqe də tərəfimizdən başa düşülən deyildir.

 

Təcavüzkar ilə təcavüz qurbanına, işğalçı ilə işğal qurbanına eyni müstəvidən yanaşmaq ədalətsizlik və kobud səhvdir. Beynəlxalq ictimaiyyətin lazımi praktik reaksiyasının olmaması Ermənistan tərəfində hər cür vəhşiliyin  mümkünlüyü ilə bağlı yalançı illüziyalar yaradıb.

 

Hesab edirik ki, beynəlxalq ictimaiyyətin kifayət qədər fəal olmayan mövqeyi işğalçı Ermənistanı daha da şirnikləndirir, yeni cinayətlər törətməyə sövq edir. İnsanlığa sığmayan bu hərəkətlərə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in üzvü olan dövlətlər təcili reaksiya verməli, Ermənistana yerini göstərməlidirlər.

 

Eyni zamanda, düşünürük ki, dünyanın bir çox aparıcı kütləvi informasiya vasitələri bəzi hallarda erməni lobbisinin təsiri altında hadisələrin əsl mahiyyətini dünya ictimaiyyətinə düzgün çatdırmır. Biz onları haqqa və ədalətə dəstək verməyə çağırırıq. Hadisələrin dəqiq və qərəzsiz işıqlandırılması onların vəzifə borcudur. İşğalçını dünyaya öz adı ilə tanıtmaq, erməni terrorunun qarşısını almaqda yardımçı ola bilər. Bu, bəlkə bir mülki insanın, bir uşağın və ya bir yaşlının həyatını qurtara  bilər.

 

Düşünürük ki, Ermənistan hakimiyyətinin humanitar atəşkəsi kobudcasına pozması bu atəşkəsə çağırış edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə, ilk növbədə vasitəçi rolu oynayan Rusiyaya və Amerika Birləşmiş Ştatlarına qarşı hörmətsizlik kimi də başa düşülməlidir. Əgər bu qurumların Ermənistana heç bir təsir imkanları yoxdursa, deməli onların mövcudluğunun əhəmiyyəti də yoxdur.

 

Ermənistanın bütün dünyanın gözü  qarşısında bu qədər müharibə cinayətləri törətməsi onlar üçün yaradılan cəzasızlıq mühitindən irəli gəlir. İnsani dəyərlərə söykənən beynəlxalq hüquq və beynəlxalq humanitar qanunların, konvensiyaların tələblərinə əməl edilməməsinə qarşı mübarizə aparılmasında yalnız bir standart – ədalət standartı olmalıdır.

 

Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sizləri Ermənistanın dinc əhaliyə, o cümlədən qadınlara, uşaqlara, əlillərə, qocalara qarşı törətdikləri vəhşilikləri dayandırmaq üçün öz nüfuzunuzdan istifadə etməklə müvafiq addımlar atmağa çağırırıq. Hesab edirik ki, siz Ermənistanın Azərbaycanın dinc sakinlərinə, o cümlədən Bərdə şəhərində yaşayan  mülki əhaliyə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərini qətiyyətlə  pisləyəcək, işğalçının cəzalandırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracaqsınız.

 

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyası

30 Oktyabr 2020 14:55 -

Köhnə versiyamızdan xəbərləri izlə