Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdəliləri heç bir təcavüzlə qorxuda bilməzlər

Ermənistan silahlı qüvvələri  oktyabrın  28-də Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutdu və bu mülki əhali arasında ağır itkilərə səbəb oldu. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak oldu və 70-dən çox insan yaralandı. Münaqişə zonasından uzaqda yerləşən şəhərimizdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Bu, təcavüz  aktıdır. Bu  qədər   itkilərə baxmayaraq,  heç kim  “müharibə dayansın” demir. Biz bu ağrılara qatlaşıb onlara Şuşadan, Xankəndidən cavablar verəcəyik.

Məğlub olduqlarını bilə- bilə Azərbaycanın sərhədlərini döyüş meydanına çevirmək istəyirlər. Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan Qarabağı təkcə Ermənistandan yox, ATƏT-in  Minsk qrupuna  daxil olan dövlətlərdən də qoruyur. Ermənistanın məğlub olması onları da məğlub duruma salıb. Bu rəzil hücumun cavabı 10 qat artıqlaması ilə verilir. Bərdəni cəbhəyə çevirmək istəyirlər. Gəncənin, Bərdənin və digər şəhərlərimizin qisasını bu zərbəni vuranlardan almalıyıq. Əminəm ki, ən yaxın zamanda bu cavabı görəcəyik.

Ali Baş Komandanımızın  fikirlərinə diqqət yetirin: “Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur.”

Bu gün  dünyanın mütərəqqi  insanları  bu təcavüzü pisləyirlər. Bəli,  bu, əslində,  bəşəriyyətə qarşı yönəlmiş  cinayətdir. Mən  dünən Türkiyə XİN-nin   Bərdədə baş verənlərlə bağlı  bəyanatını oxudum. Orada  deyilir :  “Ermənistanın uşaq demədən, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın dinc əhalini terror etmək və qətlə yetirmək  üçün yürütdüyü bu xain siyasət Xocalı qətliamının arxasında duran  xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir. Bu son hücum Ermənistanın etdiyi hərbi cinayətlər siyahısında öz utanc yerini tutub  və gün gələcək  bunu edənlər məsuliyyətə cəlb olunacaq. Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan yetişib”. 

Bəli, beynəlxalq  təşkilatların   bütün baş verənlərə ikili münasibəti aydındır.   Onlar  xaricdə kök atmış  erməi  diasporunun  havadarlığı ilə meydan oxumağa çalışırlar.  Amma  faydası yoxdur,  möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu onlara  öz yerlərini   göstərir.  “Biz onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”—deyə, cənab Prezident bildirib.

Bəs bu gün dinc əhaliyə  qarşı  törədilən cinayətlərə  kim  cavab verəcək?  Raket zərbələri açıq-aşkar göstərir ki,  bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır və bununla düşmən bir aylıq  dövrdə hərbi meydandakı məğlubiyyətinin əvəzini Azərbaycan xalqından çıxmaq niyyətidədir.

Bu gün Ermənistandakı  faşıst  rejimi qərar verib ki, belə veriblər ki, heyfini silahsız insanlardan çıxsın. Biz  həm dövlətçilik tarixinə, həm də, qədim  mədəniyyətə malik olan və hər zaman müxtəlif düşmən hücumlarına məruz qalan, lakin onu dəf etməyi bacaran xalqıq. Evindən sağ-salamat çıxaraq şəhərin mərkəzi ilə hərəkət edən insanların bu cür qəfil, amansız hücuma məruz qalması Ermənistanın rəzilliyini, ləyaqətsizliyini göstərir. Bağlı qapılar arxasında Ali Baş Komandanımıza sülh istəyi ilə müraciət edən, hərbi meydandakından daha amansız siyasi-diplomatik müharibə aparan qüvvələr Bərdənin küçə və meydanların dakı səhnəni şəxsən görməlidirlər.

Mən  işimlə bağlı  cəbhədə tez-tez oluram  və  ordumuzun döyüş ruhu məndə, həqiqətən, qürur hissi  doğurur. Hansı  döyüçünü  dindirirsən,  ancaq qələbədən danışır. Onlardakı  vətənpərvərlik hissi, Ali Baş Komandana tükənməz  inam ümidlərimizi artırır.

Bu gün  rəhbərlik etdiyim “Bərdə-Çörək” Açıq  Səhmdar Cəmiyyətinin kollektivi  bütün çətiliklərə baxmayaraq  öz işini davam etdirir.

Bərdəlilər də bu  gün  cəbhədə   döyüş  rəşadəti göstərir, onların da  arasında şəhidlərimiz var. Ancaq rayon  sakinlərində   qələbəyə inam güclüdür. Bizi  heç bir  təcavüzlə  qorxuda bilməzlər, bu torpağın  sakinləri döyüşkən, mübariz insanlardır. Bərdə   öz  tarixində belə təcavüzləri  çox görüb və həmişə də  qəhrəmanlıq ruhunu qoruyb saxlayıb.

Bir məsələni də   qeyd  etmək istəyirəm. Mən həmin anlarda  hadisə baş verən ərazidə  idim və orada Fövqəladə Hallar  Nazidliyinin əməkdaşlarının gərgin fəaliyyətinin şahidi oldum. Bəli, nazirliyin əməkdaşları  böyük  şücaət  göstərirlər.  Tərtərdə də, Gəncədə də, Bərdədə də onlar böyük qəhrəmanlıqlar  göstərdilər.

Azərbaycan xalqı heç vaxt belə həmrəy olmamışdır.  . İqtidarla  xalqın birliyi  qələbəmizin  rəhnidir. Cənab Prezident də xalqa müraciətində bunu bir daha  vurğuladı: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq”.

Bütün  bərdəlilər də  Ali  Baş Komandanın ətrafında sıx birləşmişlər. Qələbəmiz isə uzaqda deyil. Qarabağ Azərbaycandır!..

Məhərrəm ŞƏFİYEV,

“Bərdə-Çörək”  ASC-nin  sədri,

iqtisadiyyat üzrə  fəlsəfə doktoru

30 Oktyabr 2020 10:32 -

Köhnə versiyamızdan xəbərləri izlə