Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Ermənistanın Azərbaycanın Bərdə şəhərində dinc əhaliyə qarşı qətliamını sərt qınadı

Erkin Nuriddinov: Xocalıdakı soyqırımı görən və qınamayan Dünya birliyi, bu gün Azərbaycanın digər şəhərlərində Gəncə və Bərdədə törədilmiş digər faciələrinin şahidi oldu.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamı sərt qınayıb.

Bu günlərdə qardaş ölkədə - Azərbaycanda baş verən hadisələri narahatçılıqla və həyəcanla izləyirik. Biz hamımız haqlı olaraq öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının yanındayıq və həyatını itirən bütün insanlara görə başsağlığı veririk.

Bizə yaxşı  məlumdur ki,  dünyanın bütün ölkələri arasında mülki əhalinin və mülki obyektlərin qorunmasına dair beynəlxalq anlaşma mövcuddur.

Biz heç inanmırdıq ki, Gəncə hadisələri, burada törədilmiş qətliam bir daha yenidən təkrarlansın. Ermənistan Azərbaycanın ikinci şəhəri Gəncədən sonra yenidən Bərdə şəhərini bombaladı.

Ermənistan Silahlı Qüvvələri tərəfindən 28 oktyabr günü Bərdə şəhərinin əhalinin sıx məskunlaşmış hissəsini beynəlxalq aləmdə qadağan olunmuş kaset bombalarından  istifadə edərək atəşə tutması nəticəsində 21 nəfər ölməsi, 70-dən çox insan yaralanması bizləri çox məyus etdi və hiddətləndirdi.

Təbii ki, cəzasızlıq mühitindən ilhamlanan düşmən bu addımı atacaqdı. Xocalıdakı soyqırımı görən və qınamayan Dünya birliyi, bu gün XXI əsrdə Azərbaycanın Gəncə və Bərdə faciələrinin canlı şahidi oldu. Yenə də həmişəki susqunluq, saxta atəşkəs, sülh çağırışları, ikili standartlar.

Biz Bərdədə törədilmiş növbəti qətliamın video kadrlarını gördükdən sözün əsl mənasında şok keçirdik və bu hadisənin insanlıq əleyhinə ən böyük cinayəti hesab etdik. Günahsız mülki insanları hədəf almaq, körpə uşaqları öldürmək ən böyük və bağışlanılmaz cinayətdir. Bu dinc insanların vəhşicəsinə öldürülməsi təkcə Azərbaycan üçün deyil, bütün dünya birliyi üçün böyük bir faciə və rüsvayçılıqdır.

Azərbaycan torpaqlarını işğal edən, ən alçaq cinayətlərə əl atan Ermənistan ordusunun iflası və gələcək tariximizə yazdığı utancverici qara ləkədir.

Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasəti, yaratdığı çoxmədəniyyətlilik və tolerantlıq nümunəsini hər birimiz görür və təqdir edirik. Azərbaycan ərazisində müxtəlif etnik qruplar, millətlər, fərqli dini konfessiyaların dostluq və sülh içərisində yaşadığını bütün dünya görür. Biz işğalın durdurulmasına, təcavüzkar ordunun Azərbaycan ərazilərindən çıxarılmasına, bu cür barbarlığa son qoyulmasına tələb edirik.

Bir daha Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların getdiyi zonadan aralı məsafədə yerləşən dinc əhaliyə qarşı, xüsusi ilə Bərdə, Tərtər və Gəncə şəhərlərində qətliamları pisləyir və bütün dünya ictimaiyyətini Ermənistanın cinayətkar əməllərini, insanlığa qarşı yönəlmiş bu hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

30 Oktyabr 2020 10:55 -

Köhnə versiyamızdan xəbərləri izlə